Yeddi qaib istərəm!
03 dekabr 2015 10:47 (UTC +04:00)

Yeddi qaib istərəm!

Xəbəri olduğu kimi bura “kopyalamaq” istəyirəm.

“Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.”

 

Çox sərt deyilmi?

Biz hamımız hər zaman bilmişik və indi də bilirik ki, təhsildən yayınan şagirdlərin əksəriyyəti sosial təminatı ümumi toplumdan aşağı səviyyədə olan ailələrdə yaşayır.

Belə ailələrdə adətən uşaqlar ya evdəki digər kiçikyaşlıların qulluğunda dayanmalı olur ki, valideyni və ya valideynləri qeyri-rəsmi də olsa, işləyə bilsin. Məsələn, bağlarda fəhlə, evlərdə təmizlikçi kimi və s.

Və yaxud, belə uşaqların özlərinin işləməyə məcbur olduqlarını görmüş oluruq çox vaxt. Onlar məsələn, fəhlə atalarına, təmizlikçi analarına qoşulub ailənin büdcəsinə yardımçı olurlar. Elə bazarlarda, dayanacaqlarda xırda alverlə məşğul olan nə qədər məktəb yaşlı uşaqlar var.

 

Yadıma özümün məktəbli olduğum vaxtlar düşür istər-istəməz.

Həmin illərdə məktəbə getdiyimiz avtobusların hər tərəfində belə bir qeyd görərdik: “ Biletsiz sərnişinlər üç manat cərimə olunur”

Uşaq ağlımızla da gülərdik hər dəfə: “Biletsiz sərnişinin pulu olsaydı, elə beş qəpiyə biletini alardı da” deyərdik.

 

Hə, harada qalmışdıq? Dərsdən yayınan bu günün uşaqlarında.

Məsələn, yadımıza salaq ki, yağışda, qarda, ümumiyyətlə, soyuq hava şəraitində geyinməyə paltarı, ayaqqabısı olmayan şagirdlər də var, onlar ancaq günəşli günlərdə məktəbə gedə bilirlər. Başqa günlər qripə, sətəlcəmə, anginaya və s. qış xəstəliklərinə yol açır ki, bu xəstəliklərin ucbatından da onsuz da şagird məktəbdən yayınıb evdə yatağa gömməli olur. Və, pardon, xəstələnmiş uşağın sağalması üçün həkim, dərman, vitamin və digər vacib olan nəsnələrə də elə yüz manat civarında pula ölümünə ehtiyacı olur.

 

Yəni ki, sovet dövrünün kənd avtobuslarındakı məşhur xəbərdarlığın ab-havasına köklənməkdən çox, hal-hazırda ailələr və məktəblər arasındakı çatları, bəzən hətta uçurumları görmək, onlardakı boşluqları doldurmağa ehtiyac daha çoxdur.

Siz hər ay əlavə yüz manat cəriməpulu gəliri olan ailələrdəki uşaqların dərsdən yayınacaqlarına doğrudanmı inanırsız?

Axı məhz həmin o yüz manatın çatışmaması gətirib çıxarır əksər şagirdlərin dərsdən yayınmağa məcbur olmasına?!

İnsan nə qədər tüfeyli beyinə sahib olmalıdır ki, pullu olsun və pullu ola-ola da uşağını məktəbdən saxlayıb gələcəyini dağıtsın.

Mənim oxuduğum dövrlərdə imkanı olmayan ailələrin uşaqlarını məktəb rəhbərlikləri xəlvəti öz kabinetlərinə çağırardılar və onlar üçün ayrılmış geyimlə, çanta ilə, dəftər-qələmlə sevindirərdilər. Belə şagirdlər heç kim onların əzikliyini, əskikliyini görməyib deyə, kompleks yaşamazdılar, depressiyalara düşüb, intiharlara cəhdlər etməzdilər,  gərəksizliklərini hiss edib, dəyərsizliklərini kriminal aləmin avtoritetlərini özlərinə kumir götürməklə kompensasiya edərək, gələcəklərini zədələməzdilər.

Əzizlər, qiymətlilər, bəs siz nə edərdiniz, yeniyetməliyinizin ən çətin periodu olan yaşlarınızda məktəbə geyinməyə normal isti paltarınız, çətiriniz, ayaqqabınız olmasaydı? Müəllimələrin ləl-cavahiratı, dərs vaxtlarında belə əllərindən düşməyən bahalı mobil telefonları analarınızın qabarlı əllərinin nə qədər ucuz olduğunu sizə hər an aşılasaydı bəs?

Qadınlar bayramında ananıza, nənənizə bir çiçək, bir corab bağışlaya bilməyib, üstəlik, onların “qara gün” ehtiyatındakı qəpik-quruşu da gətirib məktəbinizdəki qızıl-gümüşlü müəllimələrə bayramlıq etməyin ümummilli mental dəyərə çevrildiyinin aciz qurbanı olsaydınız bəs?

Bəlkə biz çox tələsdik uşaq pullarını ləğv edib, yerlərdəki xırda məmurcuqların əksəriyyətinin “yetim payı yemək” günahına batmasına gətirib çıxardan “sosial yardım” məsələsində?

Bəlkə mən çox ümidsizəm?

Bəlkə çox utopistəm?

Yazını da tələsik və sərt yazıram, fərqindəyəm.

Amma bir ayda yeddi qaibə məcbur olacaq şagirdin valideynindən alınacaq yüz manatla təhsil sistemimizin zədələrini bərpa etməyə ümid etmək qərarı bu yazıdan daha tələsik və daha acı görünür mənə, nə edə bilərəm...

 

 

 

# 444
avatar

Cavi Dan

Oxşar yazılar