Həsənağa adlı qızlar, Zəhra adlı oğlanlar - REPORTAJ
18 noyabr 2015 18:34 (UTC +04:00)

Həsənağa adlı qızlar, Zəhra adlı oğlanlar - REPORTAJ

Azərbaycanda uşaqlara dinlə bağlı adların qoyulması halları artır. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, ölkədə son zamanlar oğlan uşaqlarına daha çox Əli, Həsən, Hüseyn, qız uşaqlarına isə Fatimə, Zeynəb adları verilir.

 

Ədliyyə Nazirliyinin açıqladığı statistikaya görə, son beş ildə Azərbaycanda 4201 kişiyə və 8 qadına Həsən adı verilib, 2 qız uşağına isə Həsənağa adı qoyulub. Son beş ildə 13902 kişiyə, 23 qadına Hüseyn, daha 23 qadına Məhəmməd, 20 minə yaxın qız uşağına, eləcə də 86 nəfər oğlan uşağına Zəhra adı verilib. Maraqlıdır ki, son beş ildə Nizami, Füzuli, Nəsimi, Məhsəti kimi Azərbaycan şairlərinin adını heç kim övladına verməyib.  

 

Məsələyə münasibət bildirən tarixçi Kərəm Məmmədov deyib ki, Azərbaycanda qədimdən ad qoyma ənənəsi var. Bu ənənələr daha çox dastanlarımızdan irəli gəlir: "Dədə Qorqudu yada salsaq, hər bir adama onun davranışına, fəaliyyətinə görə ad verilərdi. Ona görə fikir versəniz, Dədə Qorqudda adlar var. Qazan, Uruz,  Buğac, xüsusilə də o, Buğac boyunda bu daha geniş şəkildə öz əksini tapıb. Deyir, buğa yıxdı, adı Buğac olsun. Eyni zamanda mənfi obrazlara, məsələn, Yalançı oğlu Yalıncıq kimi adlar verilərdi".

 

Müsahibimizin fikrincə, ad seçmək hər bir valideynin müstəsna hüququdur. Son vaxtlar adların daha çox dini xarakterli olmasına gəlincə, o bildirib ki, bu, uzun müddət dinin basqı altında qalması ilə bağlıdır: "Qonşularımıza fikir versək, istər gürcülərdə, istərsə də bizə qonşu edilən ermənilərdə, haylarda adların böyük bir qismi pəhləvi mənşəli sözlərdir. Gürcülərdə isə əksəriyyəti din xadimlərinin adlarıdır. Məsələn, onlarda Müqəddəs Georgi var deyə, hər 5 gürcüdən 3-də Georgi adına rast gəlmək mümkündür".

 

Kərəm Məmmədov bildirib ki, millət olaraq bizim formalaşmağımızda türklük də, İslam da rol oynayıb: "Məsələn, mənim övladlarımın adları hamısı türk adıdır. Ad insanın bəzəyidir. Elə olsun ki, uşaq öz adı ilə fəxr etsin, həmin ada da layiq olmağa çalışsın. Bəzən elə ad olur ki, məsələn, Alpərtunqa - bu adı qoysaq, onu heç tələffüz etmək olmur.  Amma Atilla, Oğuz, Səlcuq, Alparslan, Toğrul dilimizə uyğun addır. Niyə bu adlardan qoyulmasın ki?"

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycanda adlarla bağlı kitab çap edilib və bir neçə ildən bir həmin kitab yenilənir. O, valideynlərə həmin kitabdan istifadə etməyi tövsiyə edir. Komitə sədri deyir ki, qoşa adların qoyulması məqsədəuyğun deyil: "Bu, indiki kompüter əsrində müəyyən problemlər yaradır. Ancaq istisnalar var, ola bilər ki atasının, babasının adıdır, burda güzəştlər nəzərdə tutulur. Məsələn, sovet dövründə anormal adlar qoyurdular. Tutaq ki, Marlens nə deməkdir? Yəni Marks, Engels, Lenin, Stalin. Marlens nə məna verir? Heç bir məna vermir, ideoloji bir şeydir. Hətta mənim yadıma gəlir ki, o vaxtlar çox qəribə adlar - Kombayn, Kolxoz, Sovet adı və s. adlar vardı. Zaman-zaman insanlar başa düşərək bunu aradan qaldırdı".

 

Mübariz Qurbanlının sözlərinə görə, dini adların qoyulmasında qəbahət yoxdur: "Amma burda da bir tendensiya olur, bəzən filmlərin təsiri altında həmin ad uzun müddət daha çox qoyulur. Sonra görürsən ki, həmin adı başqa bir adı əvəz edir. Vaxtilə hind filmlərinin təsiri altında hind filmlərindəki qəhrəmanların adları daha çox qoyulurdu. Burda bir qadağadan söhbət getmir, tövsiyələr var. Amma bu tövsiyələrin içərisində müəyyən məhdudiyyətlər var. Elə adlar var ki, onu qətiyyən qoymağa icazə vermirlər, düz də edirlər. Bu, təkcə bizim ölkədə deyil, başqa ölkələrdə də bu cür hallar var".

 

Psixoloq Şəbnəm Sadıqova isə deyib ki, adın mənası çox böyük əhəmiyyət daşıyır. İnsanlardan adının mənasını  soruşarkən bəziləri bunu qürurla dedikləri halda, digərləri narazılıqla və ya utanaraq dilə gətirir ki, bu da həmin şəxsin özünə inamına təsir edir. Əlavə edib ki, düzgün seçilməyən adlar uşaqların gələcəkdə psixologiyasına, fəaliyyətinə, funksionallığına ciddi mənfi təsir göstərir. Valideynlər övlad sahibi olmazdan əvvəl bunları nəzərə almalıdır: "Son dövrlərdə adlar üzərində aktual mövzular ortaya çıxır. İnsanlar dini adlara daha çox meyl edirlər. Məsələn, bir ailədə 3 uşaq varsa, hər üçü də dində istifadə olunan dini əhəmiyyət daşıyan adlar olur. Bunu valideynlərə çox da məsləhət görmürük. Çünki din elə bir şeydir ki, bu çox individualdır, insanın öz dünyagörüşünə, öz seçiminə bağlıdır. Yəni biz bilmirik uşaq bu gün dünyaya gəlir bu ölkədə, amma sabah harada olacaq və yaxud da bu gün belə bir ailədədir, sabah hansı psixologiyanı seçəcək".

 

Psixoloq bildirib ki, peşə fəaliyyəti özü də bizim psixologiyamıza və dünyagörüşümüzə təsir edir: "Bəzi peşələr var ki, tolerant olmağı tələb edir. Ağır dini və yaxud hansısa bir məşhur siyasi bir şəxsin adının daşıyan insan heç vaxt o çərçivədən çıxa bilmir, tolerant və sərbəst ola bilmir, dünyagörüşünü genişləndirə bilmir, özünü daima bir çərçivədə hiss edir. Çünki düşüncəsi dəyişmək istədiyi an adını təqdim etdiyində hər şey məhv ola bilir".

 

Sonda mütəxəssis valideynlərə uşaqlarına ad seçərkən həssas və diqqət olmağı tövsiyə etdi.

# 153
avatar

Oxşar yazılar