[b]“O xanım müğənni...içirlər, musiqiyə “xod” verirlər”[/b] - YOL YOLDAŞI
18 noyabr 2015 14:43 (UTC +04:00)

[b]“O xanım müğənni...içirlər, musiqiyə “xod” verirlər”[/b] - YOL YOLDAŞI

İçkilisiniz və sükan arxasındasınız? O zaman ayıq sürücü xidmətindən istifadə edin. Bizim indi etdiyimiz kimi.

 

20 dəqiqə əvvəl Bakıda fəaliyyət göstərən ayıq sürücü xidmətlərindən birinə zəng etmişik. Budur, ayıq sürücümüz də gəlib. Gözlətdiyi üçün üzrxahlıq edir. Yolda tıxac varmış. Ayıq sürücü xidmətinin əsas işi axşam 8-dən, sübh 4-5-ə kimi olsa da, gün ərzində gələn heç bir sifarişləri geri çevirmirlər. Gündüzlər də işləyirlər. Lakin günün bu saatında sifarişlər nadir halda olur.

 

Qaydalara görə, sifariş 25-30 dəqiqə ərzində yerinə yetirilməlidir. Sadəcə, gecə yol boş olduğundan bu müddət 10-15 dəqiqəyə qədər qısaldığından 20 dəqiqə Anar üçün uzun gəlib.

 

Ayıq sürücümüz Anar Camalovdur. 28 yaşı var. 4 ildir ki, bu xidmətdə çalışır.

 

- Əvvəl dostum işləyirdi. İşindən ağız dolusu danışırdı. Həvəsə gəldim. Gündüz işləyirdim, gecə boş olurdum. Bir-iki dəfə işə onunla getdim. O, müştərinin maşınını sürəndə, mən də dalınca gedirdim. Sonra çayxanada oturub söhbətləşirdik. Ona dedim, mən də sizdə işləmək istəyirəm. Və işə başladım.

 

Ayıq sürücülərin işi müştərini sağ-salamat evinə çatdırmaqdıq. Fərqi yoxdur, o, içkilidir, ya yuxulu. Yaxud da işdən çıxıb yorğundu, sükan arxasına keçmək istəmir. Ayıq sürücü mütləq şəhəri yaxşı tanıyan biri olmalıdır ki, yolda problem yaşamasın. Üstəlik də sürücülük təcrübəsi olmalıdır. Azı 3-4 il. Həm də hər növ maşını idarə etməyə bacarmalıdır. Avtomat və mexanika. Bu iş üçün yaş məhdudiyyəti də var var. 22 yaşdan az, 37-dən çox olmayan kişilər. Eynək taxanlar xaric. Niyə kişilər dedim? Çünki bu işə ancaq kişiləri qəbul edirlər.

 

- Xeyli qadın var ki, iş üçün müraciət edirlər. Amma götürmürlər. Onda müştərilər ancaq qadın sürücü istəyəcəklər (gülür). Həm də sürücü qadın olarsa, problemlər çoxalacaq. Biz kişilər sərxoş kişiləri yola verə bilirik, qadınlar isə emosional olur. Hər şeyə tez reaksiya verirlər.

 

- Taksi seçərkən daha çox yaşlı sürücülərə üstünlük veririk. Yaşlı adam güvən verir. Ən azından təcrübəsi çoxdu.

 

- Bizim işdə olur ki, müştəri gözlədir səni. Yaşlı adam olanda səbri çatmır. Həm də müştəri çəkinir. Yaşı çox olanda deyir, qocadı. Qaranlıqda çətin olacaq ona sürmək. Eləcə də eynəkli olanda. Deyirlər, birdən qəza edər. Maşını etibar etmirlər. Ayıq sürücülük üçün müraciət edənlərə treninqlər keçilir, onların qabiliyyəti yoxlanılır, bilmədikləri də öyrədilir. Tək maşın sürməklə deyil, etik qaydaları da bilməlidir. On gün sınaq müddəti verilir. Hər istəyən ayıq sürücü ola bilməz.

 

- Qəza olurmu?

 

- Olanda olur. Əvvəl qəza olanda problem yaşayırdıq. Əgər maşın sığortalı deyildisə, xərci biz ödəyirdik. İndi sığortamız var. Qəza şəraiti baş verəndə dərhal sığortaya xəbər edirik. Bilirsiniz ki, sığorta şirkətləri hava şəraitiylə bağlı qəzalara zəmanət vermirlər. Əsasən qəzalar qışda, yollar buz olanda olur. Sifariş gələndə, biz müştəriyə yolların vəziyyəti barəsində məlumatlandırırıq. Bu həm bizim, həm də müştərinin həyatı üçün təhlükəlidir. Elə müştəri var başa düşür, eləsi də var, deyir, nə olursa, olsun xidmət göstərməlisiniz: “Bir səhvdi eləmişəm, içmişəm. Məni çöldə qoyası deyilsiniz ki? Nəsə olsa, mənlikdi!” O zaman həyatımızı riskə atıb gedirik.

 

Anar deyir, sifarişlər gün ərzində əsasən axşam doqquzdan gecə 2-nin yarısına kimi olur. Ona qədər və ondan sonra iş azdı. Ümumilikdə, gündə 50-60 sifariş olur. Sifarişlər həftə sonu – istirahət günləri, bayramlarda çoxalır. Ən az sifarişlər isə məhərrəmlik ayında olur. Məlum, toyların olmadığı aydı.

 

- Bəs geyim?

 

- Bəzi şirkətlər var ki, onlarda geyim sərbəstdir. Bizdə elə deyil. Yaxalıqlı köynək mütləqdir. Havalar soyuyanda üstündən polver də geyinmək olar. Cins şalvara icazə verilsə də, “krassovka”, başda kepka olmaz. Daha çox klassik geyimə üstünlük verilir.

 

Paytaxtın bir neçə rayonunda bu xidmətin məntəqələri var. Müştəri zəng edən zaman sifariş ən yaxında olan sürücüyə “sms” vasitəsilə göndərilir.

 

Sifarişi qəbul edib müştəriylə əlaqə yaradırıq, məkanı öyrənib ora gedirik.

 

- Müştərinin öz maşınıyla?

 

- Bəli. Sonra servis maşını gəlib bizi götürür.

 

- Müştəriləriniz daha çox kimlər olur?

 

- Müxtəlifdir. Əsasən, yaşı 30-dan yuxarı olanlar. Cavanlar içkili də olsa, məsuliyyətsiz olurlar. Sadə vətəndaşlar da olur, dövlət adamları da. Statistika Komitəsinin vəkili daimi müştərimizdi. İşi ağırdır, yorğun olanda maşın sürmək istəmir. Yaxud cərrah müştərilərimiz var ki, ağır əməliyyatdan çıxandan sonra dəhşət yorğun olur. Bəzən deputatlar da olub. Sadəcə adlarını açıqlanmaq istəməyiblər, sadə vətəndaş kimi sifariş ediblər. Biz də görüb tanıyanda üz vurmuruq. Bir dəfə bir tanınmış xanım müğənni əsəbiləşib sürücüsünü qovmuşdu. Özü də maşın sürə bilmir. Əlacsız qalıb, ayıq sürücü sifariş vermişdi.

 

İş başında ayıq sürücünün başına gülməli, bəzən də ağlamalı hadisələr gəlir. Məlum, sərxoş adamdan nə desən gözləmək olar. Anar bizə 4 illik iş fəaliyyətində başına gəlmiş ən gülməli hadisəni danışır.

 

- Müştəri sərxoş olarsa, işimiz çətinləşir. Həm avtomobili idarə etməlisən, həm də sərxoş müştərini. Bir dəfə müştərini Əhmədlidən götürüb aparmalıydım Nərimanova. Dərnəgüldə başladı əl-qol atmağa, deyir-gülür, gah ağlayırdı. Gah da oturacağı açırdı ki, yatıram. Özü də bilmirdi, nə istəyir. Sərxoş olanda bacardıqca, çalışırıq ünsiyyət qurmayaq. Danışdırmıram, inciyir ki, niyə danışmırsan? Danışıram, başlayır ağlamağa. Axırda da məni maşından düşürtdü ki, özüm sürəcəm. Açarı üstündən götürüb düşdüm. Telefonundan oğluna zəng etdim. Dedi, sən Allah, başını qat gəlirəm. Bir az başını söhbətə qatdım, oğlu gəldi. Atasını öz maşınına qoyub apardı, mən də arxasınca sürdüm. Sadalasan, o qədər belə hadisə olub. Səhərə qədər danışmaq olar. Ədəbsizlik edərsə, xidmətdən imtina edirik.

 

- Müştəri problem çıxaranda nə edirsiniz?

 

- Baş ofisə məlumat veririk. Bir dəfə Bayıla müştəri aparmalıydım. Çatdıq Bayıla, adam xoruldaya-xoruldaya yatır. Nə qədər edirəm, ayılmır. Silkələdim, musiqiyə yüksək səs verdim, maşını silkələyirəm, ayılmaq bilmirdi. Ofisə xəbər elədim, servis maşınıyla işçilərimiz gəldi. Beş-altı nəfər güc-bəlayla müəllimi ayıltdıq.

 

- Necə?

 

- Üzünə su vurduq (gülür). Adətən peşman olurlar, sabahı şirkətə zəng edib üzrxahlıq edirlər.

 

- Kaprizliləri də olur?

 

- O qədər. Zəng edib deyirlər ki, filan sürücü mənimlə danışmır, onu göndərməyin. Eləsi də var, danışanı istəmir. Eləsi də var ki, hansı restorana gedirsə, özləriylə bərabər bizim üçün də masa açdırır. Ordan çıxıb kareokiyə gedirsə, bizi də içəri dəvət edir. Xidmətin sonunda gülə-gülə deyir, çox sağ ol! Müəllim, bəs ödəniş? Deyir, nə ödəniş? O boyda yedizdirib, içirtdirmişəm. Hələ pul da istəyirsən? Elə müştəri də olur ki, axırda deyir, pulum yoxdu. Get, hara şikayət edirsən, et. Bəzən də yüz manat uzadırlar. Üstümüzdə o qədər pul olmur ki, xırdalayaq. Gecənin bir vaxtında nə açıq dükan olur, nə də  yaxınlıqda yanacaqdoldurma məntəqəsi.

 

Ödəniş xidmətin sonunda ödənməlidir. Şəhər içi 10 manat, kəndlərə 15. Gözlətmə olarsa saatı 5 manatdı. Bu pul sürücüyə çatır. Başqa şəhərlərə də xidmət göstərilir. Məsafə uzandıqca xidmətin qiyməti də artır. Həmçinin, Gəncə, Qazax, Salyan və Qubada da belə ayıq sürücü xidməti fəaliyyət göstərir. Habelə, avtobus və ağır tonnajlı avtomobilləri idarə etmək üçün də ayıq sürücülər var. 4 kateqoriya üzrə peşəkar sürücülər.

 

- İçkili qadınlarla necədi?

 

-(Gülür) Maraqlı. Musiqiyə “xod” verirlər, oxuyurlar, deyirlər, gülürlər.

 

Ayıq sürücülərin əsasən gecələr işlədiyindən, bəzən yuxulu da ola bilirlər. Onda bu barədə ofisə məlumat verirlər və həmin gün işə çıxmırlar. Tək yuxusuzluqda deyil, xəstə olanda da. Ayıq sürücülər işə başlamazdan alko-testdən keçirlər.

 

Hava qaralmaq üzrədir. Bir azdan Anarın iş saatı başlayır. Odur ki, əziz oxucular, içkili, yuxulu və yorğun olanda, ümumiyyətlə, sükan arxasına keçmək istəməyəndə bu xidmətdən yararlana bilərsiniz. Yolunuz açıq olsun!

# 267
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar