<b>"Səhranın gəlini”, “cin”lərin tikdiyi minalanmış şəhər</b>
24 iyun 2015 17:30 (UTC +04:00)

"Səhranın gəlini”, “cin”lərin tikdiyi minalanmış şəhər

Hər bir şəhərin öz tarixi var. Lakin elə şəhərlər var ki, sadəcə öz yaranışının deyil, bir ölkənin, bir xalqın, bir mədəniyyətin tarixinin siması olur. Günlər, illər keçir, zaman öz işini görür. Böyük tarixi özündə yaşadan şəhərlər, abidələr dağılmaya məruz qalır. Tarixinə hörmət edən, sevən, bu böyük tarixi sonrakı nəsillərə göstərmək istəyən xalq bu onu qoruyur.

Böyük bir tarixi yaşadan, yaranması ilə bağlı çoxlu əfsanə və rəvayətlər olan şəhərlərdən biri də , Suriyanın Palmira şəhəridir. Bu səbəbdən Palmira dünyanın ən qədim və ən gözəl tarixi abidəsi kimi UNESCO tərəfindən Bəşəriyyətin Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.

Eramızdan əvvəl salınan bu şəhərin tarixi qədim və maraqlıdır. Şəhərin ilk adı Tadmor olub. Assuriya hökmdarı olan Tiqlatpalasarın qeydlərində bu şəhər Tadmar adlanıb. Deyilənə görə, şəhəri İsrail hökmdarı Salamon saldırıb. Hətta belə bir əfsanə var ki, hökmdar üçün bu şəhəri “cinlər” tikib. Mənası  “gözəl, möhtəşəm olan ” bu şəhər adı ilə vəhdət təşkil edir. Aralıq dənizi ilə Fərat vadisinin arasında yerləşməsi, şərq və Qərb ticarət yolların burada  kəsişməsi, onun inkişafına, çiçəklənməsinə səbəb olub.

Palmira şəhəri Suriyanı, Kiçik Asiyanı və Misir özündə birləşdirən bir dövlətin paytaxtı olub. Möhtəşəmliyi, əlverişli coğrafi yerləşməsinə görə, seçilən bu şəhəri daim sahiblənmək istəyiblər. Romalılar Parfiya ilə müharibə zamanı Palmiranı ələ keçirməyə can atıblar. Hökmdar Troyanın dövründə şəhəri dağıtsalar da, sonradan Adrian şəhəri bərpa edib. Şəhər bərpa edilsə də, özünün əvvəlki təbiiliyini, parlaqlığını, önəmini  saxlaya bilmədi. Bu da tarixin bir ironiyasıdır: sanki bir zamanlar ticarətin qovşağında yerləşən, paytaxt şəhəri Palmira Romanın koloniyası oldu. 8-ci əsrdə ərəblər tərəfindən tutulan şəhər onların müdafiə qalasına çevrilir.

Çox unikal şəhərdi Palmira. Bela məbədi, teatr, karvansara şəhərin ən gözəl yerlərindən olub. Şəhər möhtəşəm arxitekturaya sahib məbədlərlə əhatə edilib və gözəlliyi görmək üçün şairlərin, memarların, alim və rəssamların ilham mənbəyi olub. Bela məbədinin  şimal-qərbində yerləşən çıxış qapıları isə Romadakı Konstantinin zəfər tağına bənzəyib.

Şəhərdəki abidələrdə ərəblərin, parfiyalıların, suriyalıların və yunan mədəniyyətinin elementləri öz əksinin tapıb.

Hazırda Palmiranın yerində Suriya kəndi və möhtəşəm tarixin qalıqları yerləşir. Buna görə də Bəşəriyyətin Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.

Tarix boyu hücumlara məruz qalmış şəhərin taleyinin daha acı ola bilər. Şəhər İŞİD-in əlinə keçib və terror qruplaşmasının silahlıları Palmira qədim hissəsini minalayıblar.

Terrorçular bu yolla  ya tarixi abidələri məhv etməyə hazırlaşır, ya da hökumət qüvvəllərinin şəhərə girməsinin qarşısını almaq istəyirlər.

Qeyd edək ki, şəhər İŞİD silahlılarının nəzarətinə mayın ortalarında keçib. Şəhəri tərk etməzdən əvvəl Suriya ordusu əhalinin böyük hissəsini, 11 minədək hərbi və siyasi cinayətkarı, habelə qiymətli  tarixi eksponatları  şəhərdən təxliyə edib.  

Bununla belə 600 nəfərin hələ də İŞİD-çilərin girovluğunda olduğu deyilir.

İŞİD silahlıları münaqişə başlayandan bu vaxtadək Suriyanın mədəni irsinin 750-dək obyektini dağıdıb. 2015-ci ilin mart ayında  terrorçular Nimrud şəhərinin (Şimali İraq) qədim qalıqlarını buldozerlə məhv ediblər, 2014-cü ildə isə Mosulda  çoxlu abidə məhv edilib, yerli kitabxanada minlərlə kitab yandırılıb.

 

 

# 312

Oxşar yazılar