Alman qəzetinə yüklənən yalan
05 iyun 2015 18:34 (UTC +04:00)

Alman qəzetinə yüklənən yalan

Almaniyanın “Der Tagesspiegel” qəzeti 1-ci Avropa Oyunlarıyla bağlı xəbər yayınlayıb. Klaudiya fon Zaltsen (Claudia von Salzen) adlı jurnalistin xəbərində əsas vurğu ona edilir ki, Almaniya kansleri Angela Merkel və idman işlərindən məsul federal nazir Tomas de Mezyer (Thomas de Maizière) Bakıdakı açılış tədbirinə qatılmayacaq. Almaniya prezidenti Yoaxim Gauk (Joachim Gauck) da Bakının qonaqları arasında olmayacaq.

Normalda buna elə normal xəbər də demək olar. Yəni hazırda bütün Avropanın diqqətinin yönəldiyi Bakıyla bağlı Almaniyanın aparıcı media qurumlarından birinin belə bir xəbər yayması başa düşüləndir.

Lakin nəzərə alsaq ki, jurnalist bu xəbəri hər kəsin bildiyi məlum qaralama kampaniyasının ayrıntılarıyla zənginləşdirib, o zaman əsas məsələ aydın olar. Yəni bəzi insanların hər şeydə ideal hesab etdiyi alman mediasının bu yetərincə təcrübəli redaktor-yazarı jurnalistika prinsipləri çərçivəsindən çox-çox uzaq düşərək ən adi bir xəbəri belə kampaniyaçılar kimi təqdim edib.

Xəbərin başlığı və ilk abzası da bunu açıq-aydın büruzə verir. “Merkel və Mezyer Bakıya getmir” (Merkel und de Maizière fahren nicht nach Baku) adlı yazıda ilk cümlədən Azərbaycana “qiymət” verilir. Bu “qitmətləndirmə” bütün yazı boyu davam edir. Yəni anlaşılan odur ki, jurnalistin məqsədi heç də alman rəsmilərin Bakıdakı açılışda iştirak etməyəcəyi xəbərini vermək deyil, bundan istifadə edərək Azərbaycana çamuratanların sırasında yer tutmaqdır. Axı indi Qərbdə Azərbaycana çamur atmaq dəbdədir.

Jurnalistin qərəzini elə yazıdakı bəzi məqamlar da təsdiq edir. Birincisi, sadəcə Berlindəki hansısa naməlum mənbələrə istinad edən jurnalist, əslində, qaşınmayan yerdən qan çıxarmağa çalışır. İddia edir ki, alman rəsmilərin Bakıya getməməsi “Azərbaycanda 100-dən artıq siyasi məhbusun olması və buradakı avtoritar idarəetməylə bağlıdır”. Hərçənd heç bir mənbə belə bir informasiyanı təsdiq etmir.

Digər tərəfdən də zatən nə Merkel, nə Mezyer, nə də Gauk Bakıdakı oyunların açılışında iştirak edəcəkləri haqda informasiya verməmişdilər ki, indi də hansısa səbəbdən iştirakdan imtina etsinlər. Yəni jurnalist burada da öz təxəyyülünü işə salıb oxucunu dolayısıyla yanıltmaq istəyir.

Ən maraqlısı isə odur ki, Klaudia von Zaltsen “Bakıdakı rejim”in bu oyunlar vasitəsilə Azərbaycanın imicini yüksəltməsindən narahatdır: “Das Regime in Baku will Aserbaidschan mit Hilfe der Spiele als modernes, attraktives Land darstellen, das selbstverständlich Teil der internationalen Gemeinschaft ist”. (Bakıdakı rejim oyunların yardımıyla Azərbaycanı beynəlxalq cameənin müstəqil kəsimi olan çağdaş, cəlbedici ölkə kimi təqdim etmək istəyir.)

Anlaşılan, bu günədək digər Qərb media qurumlarında yayınlanmış qaralama materiallarının faktiki təkrarı olan bu xəbər və şərh də eyni məqsədə xidmət edir.

Həmin məqsədə xidmət edənlər həm də ölkə içindədir.

Konkret olaraq “Azadlıq” qəzeti məhz sözünü etdiyimiz xəbərə istinadla iddia edir ki, “Avropa Oyunlarının açılışının boykotu başlandı”. Bu başlıq altında hazırlanmış xəbərində qəzet “Der Tagesspiegel”ə istinad edir, hələ bir az da uzağa gedir: “Rejimə ciddi zərbə bu dəfə Almaniyadan gəldi; Angela Merkel və Almaniya rəhbərliyi Bakıda keçirilən Oyunların açılışını boykot etdi”.

Yəni “Azadlıq”a inansaq “Der Tagesspiegel”ə görə, Almaniya dövlət rəhbərləri Bakıdakı oyunları boykot edib. Təbii ki, alman qəzetində belə bir iddia nəinki yer almır, ümumiyyətlə buna işarə belə edilmir. Demək istədiyimiz budur ki, “Azadlıq” qəzeti yalan maşını funksiyasını bu dəfə də yerinə yetirməyə çalışıb, amma unudub ki, indi dünya həmin dünya deyil, onların istinad etdiyi alman qəzetini oxumağı ağlına gətirənlər mütləq olacaq.

Ermənistan mediası da “Azadlıq” kimi “Der Tagesspiegel”in xəbərinə “həssaslıqla” yanaşıb. Amma ədalət naminə demək lazımdır ki, “Azadlıq”dan fərqli olaraq onlar buradan boykot qənaətinə gəlməyiblər. Sadəcə yazıblar ki, Almaniya rəhbərləri Bakıdakı oyunların açılışında iştirak etməyəcəklər. Hərçənd o xəbərdə boykot məsələsi olsaydı Ermənistan mediası bunu indi manşet etməzdimi? Nə deyək, vallah?

 

Başa düşürük ki, Azərbaycanın bir dövlət olaraq uğurlarını, yüksəlişini arzu etməyən bədxahların olması təbiidir. Bunu erməninin, lap elə almanın ağlına gətirməsi də anlaşılandır. Amma ki, Azərbaycanda oturub onun havasını udan, çörəyini yeyib suyunu içənlərin belə arzularını hara yozaq, qərarlaşdıra bilmirik. Olsun, bunu da oxucularımızın özləri qərarlaşdırsınlar...

Amma öz aramızdır, boykot həvəskarları aylardır arzu etdikləri bu xəbəri eşidə bilmirlər ki, bilmirlər. Ağır dərddir, vallah...

# 443
avatar

Azər Həsrət

Oxşar yazılar