<b>Cümhuriyyət:</b> <span style="color:red;">Tiflisdən Bakıya gedən yol - II YAZI
29 may 2015 13:02 (UTC +04:00)

Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol - II YAZI

 

Əvvəli burada - http://news.lent.az/news/204078

 

Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Gürcüstan hökumətinin tələbi ilə Tiflisdən Gəncəyə köçdü. Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixində ilk hökumət böhranı baş verdi. Bu zaman Batum müqavilələrinin (1918) şərtlərinə əsasən, soyqırımına məruz qalan Azərbaycan xalqının köməyinə gələn və artıq Gəncədə olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə Milli Şura üzvləri arasında fikir ayrılığı yarandı. Hökumətin inqilabi tədbirlər həyata keçirəcəyindən ehtiyat edən Azərbaycan burjuaziyası və mülkədarları nümayəndələrinin işə qarışması və bunun nəticəsində Nuru Paşa ilə Azərbaycan Milli Şurası və Hökuməti arasında ixtilaf yaranması vəziyyəti daha da ağırlaşdırdı. Çətinliklə qazanılmış istiqlalın itirilməsi təhlükəsi yarandı. Mirzə Bala Məmmədzadə bu xüsusda yazırdı: “Nuru Paşa yalnız bitərəflik elan etməmiş, hökumətin və Milli Şuranın tamamilə dağılmasını və mövqeyini paşanın öz ordusu ilə təşkil edəcəyi hökumətə verməsini istəyirdi. Təşkil olunacaq bu “hökumət” isə rus çarizminin sabiq deputatları ilə şeyxülislamdan ibarət olacaqdı”.

 

İyunun 17-də M.Ə.Rəsulzadənin başçılığı ilə Milli Şuranın keçirdiyi qızğın müzakirələrdən sonra böhran çox çətinliklə aradan qaldırıldı. Nəsiman Yaqublunun sözlərinə görə, Milli Şuranın son iclasında çıxış edən Müsavat lideri M.Ə.Rəsulzadə dedi: «Əfəndilər, hələ səhər iclasını açanda indiki şəraitin necə əhəmiyyətli olduğunu xatırlatmışdım. Əfəndilər, demək istəyirəm ki, Azərbaycan hətta Qafqazda ən azadlıqsevər və inqilabi respublika sayılan Gürcüstandan da xoşbəxt olacaq!..”

 

Ölkədə yaranmış real vəziyyəti və konkret tarixi şəraiti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm qərar qəbul etməyə məcbur oldu: öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb bütün hakimiyyəti (həm qanunvericilik, həm də icra hakimiyyətini) Müəssislər Məclisi çağırılanadək Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış yeni - ikinci Müvəqqəti hökumətə həvalə etdi. Azərbaycan Milli Şurası çətinliklə əldə olunmuş istiqlalın itirilməsindən ehtiyat edərək, o zaman həm də qərara aldı ki, qısa müddət ərzində Müəssislər Məclisi çağırılmalı və o vaxta qədər isə Fətəli xan Xoyski hökuməti hakimiyyəti öz əlində saxlamalı, heç kimə güzəştə getməməlidir. Azərbaycan Milli Şurası eyni zamanda hökumətin hüquq və səlahiyyətlərini də konkret şəkildə müəyyənləşdirmişdi. Hökumət Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv edə bilməzdi və aqrar məsələ, həmçinin bu kimi digər mühüm məsələlər barədə inqilabi qanunları dəyişdirmək hüququna malik deyildi. Qalan məsələlərdə isə hökumətə müstəqil hərəkət etmək səlahiyyəti verilirdi. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalı idi. Beləliklə, “iyun böhranı” Milli Şuranın fəaliyyətinin müvəqqəti dayandırılması ilə nəticələndi.

 

İyunun 17-də hakimiyyətə gələn Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti çox ağır bir beynəlxalq və daxili şəraitdə, faktiki olaraq soyqırımı taleyini yaşayan Azərbaycan xalqını tarixin qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu. Vəziyyəti daha da mürəkkəbləşdirən bu idi ki, Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin ermənilərdən ibarət olan silahlı qüvvələri Gəncəyə doğru yürüşə başlamışdılar. Artıq Göyçay ətrafında qanlı döyüşlər gedirdi. Belə bir şəraitdə təcili olaraq müstəqil Azərbaycanın dövlət quruculuğuna başlandı. Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün elə ilk günlərdən qəti tədbirlərə əl atdı.

 

Azərbaycan Xalq Cümhuriyyəti düz 3 ay Gəncədə fəaliyyət göstərdi. Yeni dövlətin ilk addımları məhz bu şəhərdə atıldı. Maraqlıdır ki, Cümhuriyyətin bir sıra liderləri - Nəsib bəy Yusifbəyli (1871-1920), Fətəli xan Xoyski (1875-1920), Həsən bəy Ağayev (1875-1920), Xəlil bəy Xasməmmədov (1875-1945), Şəfi bəy Rüstəmbəyli (1893-1960), İsmayıl xan Ziyadxanov (1867-1920), Adil xan Ziyadxanov (1877-1957), Xudadat bəy Rəfibəyli (1878-1920), Aslan bəy Səfikürdski (1881 - 1937) əslən bu şəhərdən idilər. Dövlət strukturlarının formalaşması da məhz Gəncənin adı ilə bağlı oldu.


Məhz Gəncədə 24 iyun tarixli qərarla ilk dəfə olaraq milli bayrağımız dalğalanmağa başladı. Qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. Professor Şirməmməd Hüseynovun dediyinə görə, bu, əslində Osmanlı imperatorluğunun bayrağı idi. Cümhuriyyət ona görə bu bayrağı qəbul etdi ki, Nuru Paşa Gəncədə  oturmuşdu və onun yanında türk bayrağını dəyişmək olmazdı. Həm də Nuru Paşanın ordusu Qafqaz İslam Ordusu idi, gərək türk  bayrağı olaydı.

 

Məhz Gəncədə 27 iyun tarixli qərarla türk dili Azərbaycanın dövlət dili elan edildi.


Məhz Gəncədə 23 avqust tarixli qərarla Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqda qərar qüvvəyə mindi.

 

Məhz Gəncədə 22 iyun tarixli qərarla taxıl, iribuynuzlu mal-qara və digər ərzaq məhsullarının ölkədən çıxarılması qadağan edildi.

 

Məhz Gəncədə 23 avqust tarixli qərarla Azərbaycan vətəndaşlığı haqqında fərman verildi.

 

Məhz Gəncədə 28 avqust tarixli qərarla məktəblər milliləşdirildi.

 

Məhz Gəncədə dahi Üzeyir Hacıbəylinin başçılığı ilə "Azərbaycan" qəzeti işıq üzü gördü, Gəncənin qədim adı özünə qaytarıldı, Qaryagin qəzası Cəbrayıl adlandırıldı, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü.

 

Məhz Gəncədə dövlətin sosial-iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı.

 

Ən başlıcası, məhz Gəncədə Milli Ordumuzun təşkili sahəsində ilk addımlar atıldı, Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görüldü: hərbi nazirlik, hərbi zavod yaradıldı. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. 26 iyun 1918-ci ildə Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. Əlahiddə Azərbaycan Korpusunun komandirinə general rütbəsi verildi. Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azərbaycan Silahlı Qüvvələrinin yaradılması demək idi. İyulun 11-də hərbi səfərbərlik elan olundu, hərbi mükəlləfiyyət haqda qərar qəbul edildi, zabit kursları təşkil olundu.

 

Xarici siyasətdə mühüm işlər görüldü: daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya Birinci Dünya müharibəsi (1914-18) dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb, cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə əslində azərbaycanlılara qarşı soyqırımlarına hüquqi qiymət verilməsinin əsası qoyuldu. Komissiya qısa bir vaxtda 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimaiyyətinə çatdırmaq üçün konkret işlər gördü.


Tarixən çox qısa vaxt ərzində həyata keçirilən bütün bu tədbirlərə baxmayaraq, Fətəli xan Xoyski hökumətinin başlıca vəzifəsi Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini ölkənin bütün ərazisində bərqərar etmək, Bakını və onun ətraflarını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi. Bu isə asan məsələ deyildi. Çünki Qafqaz İslam Ordusunun və Azərbaycan hökumətinin hərbi planlarından xəbərdar olan Stepan Şaumyan Cümhuriyyət Hökumətinə əl-qol açmaq imkanı verməmək üçün Bakı Sovetinin əsasən ermənilərdən ibarət olan yaxşı silahlanmış bolşevik-daşnak qoşunlarına Gəncə üzərinə yürüş əmri vermişdi. 12 iyun 1918-ci ildə Kürdəmir artıq daşnakların əlinə keçmişdi. Lakin iyunun 27-30-da Göyçay uğrunda gedən qanlı döyüşlərdə türk və azərbaycanlılardan ibarət Qafqaz İslam Ordusu bolşevik-daşnak hərbi birləşmələrini darmadağın etdi. İyulun 20-də Şamaxının azad olunması ilə Bakıya yol açıldı. Türk əsgərlərinin Azərbaycan hərbi qüvvələri ilə birlikdə həyata keçirdiyi müzəffər İstiqlal yürüşünün növbəti hədəfi Bakı idi.

 

Bakının düşmən qüvvələrdən azad edilməsi üçün Qafqaz İslam Ordusu ciddi hazırlıq işləri apardı. Ordu müəyyən hazırlığını başa çatdırdıqdan sonra Bakıya doğru hərəkət etmək qərarına gəldi. Bakının şimalındakı Şamaxı və Mərəzə ilə cənubundakı Salyan-Neftçala bölgəsini düşməndən təmizlədikdən sonra Qafqaz İslam Ordusu Bakının 60-70 kilometrliyinə qədər yaxınlaşmışdı. Hərbi birləşmələr son dərəcə ağır bir vəziyyətdə irəliləməkdə davam edirdilər. Ordu silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklər içindəydi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlərlə ordu arasındakı məsafə də artmışdı. Qızıl Ordu birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şose yolu ətrafında işə yarayacaq su və ərzaq mənbələrini məhv edirdilər. Qafqaz İslam Ordusunun istehkam qurmaq imkanları məhdud idi. Belə ki, əllərində lazımi ləvazimat yox idi. Nuru Paşa düşmənin məhv etdiyi rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmağa çalışırdı. Amma ixtisaslı mütəxəssis tapmaq çətin olduğundan, işlər ləng gedirdi.

 

Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun bildirdiyinə görə, sentyabrın 13-də saat 17:11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru Paşa Bakı üzərinə həlledici hücum əmrini imzaladı. Həmin gün axşam Qafqaz İslam Ordusu komandirinin “Sarıxaçlı kilsə istiqamətində irəli” - deyə orduya müraciət əmri verildi. Bu əmr Bakıya qəti hücumun sentyabrın 14-də başlayacağını bildirirdi. Sentyabrın 14-də səhər tezdən, hələ günəş çıxmamış xilaskar ordu Şubanı dağlarından enərək Yasamal yamaclarına çıxdı və əl bombaları ilə düşməni məhv edərək şəhərin girişində dayandı. Otuz saatlıq qanlı vuruşdan sonra ağ bayraqlı avtomobildə İran konsulu ilə birlikdə döyüş yerinə gələn düşmənin qərb cəbhəsi üzrə erməni komandiri şəhəri təslim etməyə hazır olduqlarını bildirdi.

 

Bununla da "Sentrokaspi diktaturası" darmadağın edildi və Bakını anti-Azərbaycan qüvvələrin əlindən xilas oldu. Professor Musa Qasımlının bildirdiyinə görə, Nuru Paşa Bakının alınması barədə Azərbaycan hökumətinə, Ənvər Paşaya, 3-cü və 9-cu Ordu komandanlarına teleqramlar göndərdi. Teleqramların hamısı eyni cümlə ilə başlayırdı: ''Bakı şəhəri 36 saatlıq şiddətli müharibədən sonra sentyabrın 15-də saat 9-da fəth olunub". İstanbulda olan M.Ə.Rəsulzadəyə telefonla zəng edən Osmanlı dövlətinin hərb naziri Ənvər Paşa onu təbrik etdi. M.Ə.Rəsulzadə öz növbəsində Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqı və hökumətini böyük qələbə münasibətilə ilə təbrik etdi. Fətəli Xan Xoyski Nuru Paşanı şəhərin azad edilməsi münasibətilə təbrik edərkən yazırdı: "Millət Sizə minnətdardır".

 

1918-ci il sentyabrın 17-də - Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Cümhuriyyət Hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu.

 

Cavid Cabbaroğlu

tarix üzrə fəlsəfə doktoru

 

Bu yazı "Bakcell" şirkətinin dəstəyi ilə hazırlanıb

# 495
avatar

Cavid Cabbaroğlu

Oxşar yazılar