Bakı-2015: Atletlər kəndi sakinlərini gözləyir - REPORTAJ
14 aprel 2015 17:27 (UTC +04:00)

Bakı-2015: Atletlər kəndi sakinlərini gözləyir - REPORTAJ

“Bakıdakı Milli Stadionu gördüm.


 

Buna qədər Olimpiya Oyunları ilə yanaşı, universiadalarda da iştirak etmişəm. Düşünürəm ki, Bakı Yay Olimpiya Oyunlarını da keçirməyə iddia edə bilər. Paytaxtınız bunun da öhdəsindən gələr. Atletlər kəndi ilə də tanış oldum. Dəfələrlə soruşdum ki, bura həqiqətən Atletlər kəndidi? Karyeramda müxtəlif Olimpiya kəndləri görmüşəm. Amma Bakıdakı kimisini yox. Ukraynadakı rəfiqələrimə bu haqda yazmışam. Onlar da Bakıya gəlmək istəyir. Düşünürəm ki, hər şey yaxşı olacaq”.

 

Bu fikirlər Olimpiya çempionu, 4 dəfə dünya, 7 dəfə Avropa və dəfələrlə Dünya Kubokunun ən güclüsü olan ukraynalı qılıncoynadan Olqa Xarlana məxsusdu. Sablyaçının apasport.az saytına dediyi bu sözlərdən sonra Atletlər kəndində olmaq, orada yaradılan şəraiti yerindəcə görmək və oxucularımızı Avropa Oyunlarına gələcək idmançıların yerləşəcəyi məkanla tanış etmək yerinə düşdü. Çünki Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilk müraciətimizdəcə Atletlər kəndinə getməyimizə imkan yaratdı.

 

*****  

 

Atletlər Kəndi paytaxtın şimal-qərb hissəsində, Milli Stadion və Milli Gimnastika Arenasından az aralıda yerləşir. Ümumi sahəsi 383 min kvadratmetr olan yaşayış məntəqəsi otaqların ölçüsünə görə Olimpiya Oyunlarından belə fərqlənir. Burada mənzillər Olimpiada üçün nəzərdə tutulanlardan təxminən 2 dəfə böyükdü.

 

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi hesab edir ki, Atletlər Kəndi idmançıları və komanda rəsmilərini təhlükəsiz, rahat, mehriban və stressdən kənar yaşayış mühiti ilə təmin edəcək. “Evdən kənar ev” sayılacaq bu məkan yarışlara və hazırlıqlara diqqəti cəmləyə bilmək və Oyunlardan zövq almaq üçün iştirakçılara yaxşı imkan yaradacaq.

 

 

*****

 

İyunda paytaxtımızda keçiriləcək I Avropa Oyunları üçün inşa və ya təmir edilən idman obyektləri kimi Atletlər kəndi də qonaqları qəbul etməyə hazırdı. Burada mənzillərdə bütün işlər yekunlaşıb. Yalnız yeməkxanada xırda işlər qalmaqdadı ki, bu da bugünlərdə başa çatdırılacaq.

 

Atletlər kəndi üzrə qarşılama və qonaqlama üzrə menecer Alim Poladov apasport.az saytına bildirib ki, burada hər şey plan üzrə gedir və idmançıların Oyunlar zamanı qalması üçün ən xırda detallar belə nəzərə alınıb. Onun sözlərinə görə, 13 binadan ibarət olan obyektin hər mərtəbəsində 3 və ya 5 mənzil var: “Atletlər kəndində hər bina 10 və 16 mərtəbədən ibarətdi. Ümumilikdə 7 min 878 atletin yerləşə biləcəyi bir ərazidi. Hər mərtəbədə eyni şəraitdə 3 və ya 5 mənzil var. Eyni zamanda, hər mənzildə 3 və 5 yataq otağı olacaq. Bu mənzillərdə minimum 6, maksimum 10 atlet yerləşdiriləcək. Həmçinin, ərazidə əməliyyatlar şöbəsinin ofisi də var. Həmin ofisdə şəhərciyin idarə olunması üçün işçi heyəti fəaliyyət göstərir. Demək olar ki, 24 saatlıq iş rejimi ilə çalışırıq”.

 

Əməliyyatlar şöbəsinin işini ərazidə olarkən görməmək də mümkün deyil. Çünki burada xüsusi zövqlə tikilən binalar, onların ərazisi, xüsusilə də təmizlik göz oxşayır. Hər otaqda 2 çarpayı, mebel dəsti də artıq öz sahibini gözləyir. Ayrı-ayrılıqda eyvanları olan mənzillərin yemək və vanna otaqları da ayrıdı.

 

Hər binanın birinci mərtəbəsində ümumi İstirahət Mərkəzi yerləri yaradılıb. Bu yerlərdə yumşaq mebellərdə dincəlmə imkanı, Oyunların yayımlanacağı televiziyaya və pulsuz internetə çıxış olacaq. Poladov bildirib ki, bütün bunlar idmançıların asudə vaxtlarının səmərəli keçirilməsinə hesablanıb: “Kənddə həmçinin, 7 böyük İstirahət Mərkəzi də var. Bunlardan 4-ü Oyunlar zamanı 24 saat fəaliyyət göstərəcək. Ərazidə bununla yanaşı, restoran, yeməkxana, camaşırxana da inşa olunub”.

 

Atletlər kəndində qalacaq idmançıların qidalanması ilə bağlı heç bir problemi olmayacaq. Burada 3 yeməkxana fəaliyyət göstərəcək və qonaqlar üçün Azərbaycan yeməkləri də təklif olunacaq: “Bunlardan biri “Böyük yeməkxana” adlanır. Həmin yeməkxana eyni anda 2000 atletə xidmət göstərmək gücündədi. Bütün xidmətlər ən yüksək səviyyədə olacaq. İkinci yeməkxanamız “Best of Azerbaijan” adlanır. Burada ölkəmizin mətbəxinə aid təamlar veriləcək və eyni vaxtda 400 idmançı qidalana biləcək. Üçüncü yeməkxana isə işçi qüvvəsi üçün nəzərdə tutulub. Hazırda hər 3-də obyektdə tikinti işləri gedir”.

 

Atletlər kəndində məskunlaşacaq idmançıların yarış məkanına getməsi də nəzərə alınıb və böyük avtobus dayanacağı inşa edilib. Komandaların şəhəri gəzməyə çıxması da rahat olacaq. Bütün bunlarla bağlı işlər tamamlanıb və “Koroğlu” metro stansiyası tərəfindən buraya əlavə girişlər də qoyulub.

 

Qarşılama və qonaqlama üzrə menecerin sözlərinə görə, Atletlər kəndində təhlükəsizlik yüksək səviyyədə qorunacaq: “Bu, yalnız bizim təhlükəsizlik xidmətinin işçilər deyil, dövlət tərəfindən təmin olunacaq. Təhlükəsizliyə Azərbaycan Müdafiə Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları nəzarət edəcəklər. İdmançıların tam təhlükəsiz yerləşdirməsinə hansısa şübhə olmamalıdı. Bunun üçün bu xidməti yerinə yetirəcək insanlara yüksək səviyyədə təlimlər keçirilir”.

 

Təbii ki, bunu kəndin girişində və ərazisində də görmək mümkündü. Artıq indidən əsgərlərimizin qarovul çəkdiyi diqqətimizdən yayına bilməzdi. Atletlər kəndində siqaret çəkmək üçün də xüsusi yerlər ayrılıb.

 

Poladovun sözlərinə görə, artıq ölkələrin binalarda yerləşdirilməsinə də start verilib və yarışa gələcək atletlərin təxminən 90 faizi bölüşdürülüb: “Ölkələr gəlməzdən öncə bizə atletlərin sayını və adını göndərirlər. Buna uyğun da biz binalarda mənzillərin bölüşdürülməsini həyata keçiririk. Artıq müqavilə bağlayanlar da var. Təxminən 10 faiz ölkə bunu etməyib və tezliklə yekunlaşdıracaq. Onlar üçün də boş mənzillər kifayət qədərdi. 90 faiz ölkənin idmançıları üçün artıq mənzillər bölünüb”.

 

Adından göründüyü kimi buraya digər şəxslərin girişinə qadağa qoyulacaq. Atletlər kəndində yalnız idmançılar və məşqçilər məskunlaşacaq.

 

Qarşılama və qonaqlama üzrə menecer sonradan adları dəyişdiriləcək və ya heyətə daxil olacaq idmançılar üçün mənzillərin ayrılmasında da hansısa problem görmür. O bildirib ki, kəndə Oyunlar zamanı giriş akkreditasiya sistemi ilə olacaq: “Artıq akkreditasiyaların paylanmasına start verilib. Bu, Azərbaycana gələcək hər bir idmançı üçün ölkələrin milli olimpiya komitələrinə göndərilib. İdmançıların yerdəyişməsində problem hansısa problem olmayacaq. Əgər idmançının adı dəyişdirilərsə və ya heyətə sonrada daxil edilərsə, onun akkreditasiya məsələsini birbaşa aeroportda həll edəcəyik”.

 

*****

 

Beləliklə, Atletlər kəndinin də hazır olduğunun canlı şahidi olduq. İnanırıq ki, Azərbaycana - Avropa Oyunlarına gələcək idmançılar buranı müsbət əhval-ruhiyyədə tərk edəcəklər. Necə ki, ötən il Ukraynada ilin idmançısı seçilən, dünya səviyyəli ulduz olan Xarlan Atletlər kəndinə ilk səfərində mənzilləri saraya bənzədib, rəfiqələrini Bakıya səslədi...

 

# 112
avatar

Oxşar yazılar