1841
writer1

İlqar Əlfi

Məqalə sayı

67
15:15 15 İyul 2014

Merilenin “ayıb yeri”

İlqar Əlfioğlu

 

70-ci illərin pornoulduzu, Hollivudda gözəl bədənindən pul çıxaran ilk aktrisalardan biri, Merilen Çəmberslə məni möhkəm tellər bağlayırdı, amma onun bundan heç xəbəri yox idi. Bu qadın hardan biləydi ki, uzaq 1976-cı ilin iyul ayı boyu onun lüt-madərzad şəklini hər gün səhər-axşam mükəmməl bir diqqətlə seyr etmişəm. Bilsəydi, yəqin sevinərdi, çünki onun çörəyi bədənindən çıxırdı, mənim də o zamanlar, maşallah-namxuda, hələ babat vaxtım idi – vur-tut, 21 yaşım vardı...

Amma Merilen bunu da bilsəydi ki, şəklini gözlərimlə yeməyimin səbəbi nədir, yəqin xəyal qırıqlığına uğrayacaq, pornoulduz heysiyyatı tapdanacaqdı.

Nə isə, başınızı çox ağrıtmayıb, mətləbə keçim...

                     

1976-cı il, Tehran... Tehran... Hər daşının altında tarix yatan əzəmətli şəhər. Lap uşaqlıqdan səni görmək arzum vardı – indi çin olmuşdu. Mən Tehranda idim və Stalin küçəsində yerləşən Sovet səfirliyindən 300 metr aralı, Laləzar xiyabanına aparan yoldakı “Naderi” otelində yaşayırdım və hər gün səhər mehmanxanadan çıxıb, həmin o 500 metrlik yolu qət edərək Pəhləvi xiyabanının tinində xidməti avtobusumuza minir, iş yerimizə gedirdim...

 

Səfirliyimiz qədim Atabək parkının ərazisindəydi. Bir zamanlar Çar Nikolay onu qızıl pula almış, Rusiya səfirliyini yerləşdirmişdi. Oktyabr inqilabından sonra da SSRİ səfirliyi idi bura. Lap təzə gələndə, bir dəfə olmuşdum orda – adət vardı, təzə gələnləri səfirlikdə kimsə qəbul edir, bu ölkədə davranış normalarını anladırdı. Bunun biz tərcüməçilərə elə bir aidiyyəti yox idi, çünki dərsini keçmişdik, İranın tarixini, adət-ənənələrini, ha olmaya, yerlilərin əksəriyyətindən pis bilməzdik...

Atabək parkının neçə hektarlıq ərazisi Tehranın tən ortasında bir cənnət idi... Qacarlar vaxtı tikilən qədim bina, göl, meşə, neçə yüzillik ağaclar və bir də dələlər – rəsmən cənnət...

 

Mənzil başına 500 metrlik yolumun tən yarısı, səfirlik ərazisinə açılan darvazanın önünə düşürdü və həmin yerdə, küçənin o biri səkisində arxası səfirliyə baxan, dörd tərəfi şüşəli bir bir su köşkü vardı. İlk gündən adət eləmişdim: orda ayaq saxlayıb, mütləq bir dənə sərin “Seven ap” içirdim.

Merilenin şəkli həmin köşkün səfirlik darvazasına baxan şüşəsinə vurulmuşdu. Şəkli ilk gündən görmüşdüm, amma bir dəfə necə oldusa, köşkün arxasına keçib, suyumu içə-içə, ona bir müştəri gözüylə baxmaq eşqinə düşdüm  Baxdım, baxdım və bir də gördüm ki, qızın ayıb yerində nəsə işıldayır. Diqqətimi çəkdi, bir az da yaxşı baxdım...

Aman Allah! Ayıb yerində sovetin birqəpikliyi boyda deşik vardı, parıldayan şey də nə idisə, deşiyin arxasındaydı... Pərvərdigarə, fotoaparat!!!

Bu kəşfimdən nəfəsim tıncıxdı. Suyu ehmallıca sümürə-sümürə, keçdim köşkün qabağına – şəklin arxasında nə olduğunu öyrənmək üçün. Bir qutu idi – ayaqqabı qutusu boyda. Başqa heç nə görünmürdü...

Yoluma davam etdim. Amma bütün günü, hətta gecəni ayıb yerindən fotoaparatın obyektivi baxan Merilen gözlərimin önündən çəkilmədi.

Səhər işə yollananda, artıq əmin idim ki, bu fotoaparatla İranın təhlükəsizlik ajanları bizim səfirliyə girib-çıxanların şəklini çəkirlər. Amma bir də yoxlamağın faydası vardı – səhv eləyə bilərdim.

Bu dəfə köşkə yaxınlaşanda, yan küçəni keçməmiş, tində ayaq saxladım, bir dənə siqaret yandırdım. İstəyirdim görəm ki, darvazadan girib-çıxan olanda, köşkün qabağında kətil qoyub oturmuş kişi həmin qutuya yaxınlaşacaq, yoxsa yox...

Üçcə dəqiqəyə səfirliyin mikro avtobusu gəldi, kişi yerindən qımıldanmadı. Bir beş dəqiqə də keçdi, əlində çantaları olan iki kişi yaxınlaşdı qapıya. “Susatan” gözünədöndüyüm də, yerindən tələsik qalxıb, içəri girdi və birbaş Merilen Çəmbersin ayıb yerinin arxasındakı qutuya cumdu! Vəssalam! Daha heç bir şübhə ola bilməzdi – şipyon idi, İran şipyonu!..

Bu kəşfimdən qanımdakı adrenalin elə kəlləçarxa qalxdı ki, nəfəsim ağzıma gəlir, nəbzim gicgahlarımda çəkic zindana dəyən kimi vururdu. Amma bilmirdim nə edim...

Köşkə yaxınlaşdım, suyumu aldım. Həmişəki arxayınlıqla içməyə başladım, amma gördüm ki, yox, bu həna, o hənadan deyil - əllərim xaincəsinə, işverərcəsinə əsir. Köşkün qarşısındakı 1962 modelli, özü yaşıl, şüşələri qara Mersedesə də indi fikir verdim – arxa qapısı açıq idi və içində iki cantaraq oğlan oturmuşdu. Beynimdən ildırım sürətli bir fikir keçdi: “Bunlar da şipyondur yüz faiz!”...

 

Səhərisi gün mehmanxanadan çıxanda, artıq nə edəcəyimi bilirdim. Erməni Akop kişinin tindəki balaca dükanından bir dənə “Xorus” saqqızı aldım, ağzıma tullayıb, çeynəyə-çeynəyə, yola düzəldim. Köşkə çatdım, yenə bir su aldım, üsulluca Merilen Çəmbersin şəklinin önünə keçdim və ağzımdakı saqqızı düz ayıb yerinə yapışdırdım...

Bu minvalla, on beş gün – mən səhər yapışdırırdım, axşam isə görürdüm ki, yerində deyil, qoparıblar.

Onlar qoparır, mən yapışdırırdım. Onlar qoparır, mən yapışdırırdım və mən yapışdırmaqdan bezmirdim deyə, onlar da qoparmaqdan bezmirdilər, çünki işlərinin adı bu idi...

 

On beşinci gün, yapışdırdığım saqqızın suyu hələ qurumamışdı ki, işdəki böyük rəisimiz məni yanına çağırdı, zənnlə, fikirli-fikirli süzdü, sonra da dedi ki, günorta saat 3-də səfirlikdə, Yançaviçuskas yoldaşın yanında olmalıyam...

Mən nə bilim ki, bu yoldaşın adı gələndə, bizimkilərin hamısı tük salır?

Yançaviçuskas rəsmən səfirliyin ikinci katibi idi, təhlükəsizlik məsələlərinə baxırdı və onun yanına çağrılanlardan kimsə hələ iş başına kefikök dönməmişdi. Çoxlarının İran ezamiyyəti Yançaviçuskasla söhbətdən sonra yarımçıq bitirdi. Mən heç bundan da xəbərdar deyildim...

 

Qaşqabaqlı qarşıladı məni. Altdan yuxarı süzəndən sonra, dilləndi:

-Saqqızı sən yapışdırırsan camaatın fotoaparatına? İşin-gücün yoxdu? Niyə eləyirsən bunu?

Çaşıb qaldım. Mən elə bilirdim bizimkilər xəbər tutsa, “sağ ol” deyəcəklər...

 

Cavab verdim:

 

-Yoldaş Yançaviçuskas, bəs nə etməliydim? Açıq-aşkar şipyondular, səfirliyə girənlərin şəklini çəkirlər! Mənim yerimə siz olsaydınız, neynərdiniz?

 

Bunları lap birnəfəsə dedim. Özümə gələndə, kişinin baxışlarındakı buzun artıq əridiyini gördüm. Yerindən qalxıb, yaxınlaşdı. Əlini ərkyana çiynimə qoydu.

 

-Narahat olma, qoy çəksinlər. Onların da işi odur da. Bizimlə gizlin görüşəsi adamlar səfirliyə gəlmirlər, arxayın ol... Sənə “afərin” düşür, amma bir də eləmə! Burda sənə nə lazım olsa, çəkinmə, birbaş mənim yanıma gəl.

 

Əlini çiynimdən çəkmədən, bunları deyə-deyə, qapının ağzınadək ötürdü

məni. İçimdə bir sual kükrəyirdi, soruşmasam, ölərdim.

 

-Sizə bir sual vermək istəyirəm. Mənim saqqız yapışdırmağımı hardan bildiniz?

-Özləri dedi. Bir həftədi hər gün şikayət eləyirlər səndən.

-Onların şipyon olduğunu da bilirdiniz, deməli?

-Əlbəttə...

 

...Ertəsi gün köşkün arxasından sivişib, düz keçmək istəyəndə, susatan kişi öz dilimizdə səslədi məni:

-Ağa, suyun qaldı... Daha içmirsiz deyəsən?

Ayaq saxladım, yenə “Seven ap” aldım.

-Saqqız lazım deyil ki?..

Üzünə diqqətlə baxdım - bic-bic gülümsünürdü.

-Yox, daha saqqız çeynəmirəm. – deyə, cavab verdim.

-Hər gün burdan su almasanız, inciyəcəm.

-Nə qədər ki, Tehrandayam, alaram...

Mersedesdəki oğlanlar da düşmüşdülər, aralıdın mənə baxıb, gülümsünürdülər.

Mən də gülümsünüb, əl elədim onlara...    

   

Bəs Merilen Çəmbersin axırı nə oldu?..

2009-cu ilin Kosmonavtika günü, yəni aprelin 12-də o da Qaqarin kimi, bu dünyadan üçub getdi. Cəsədini yaşadığı furqondan tapmışdılar. Həddindən ziyadə antidepressant qəbul etdiyindən, ürəyi davam gətirməmişdi. Gedəndə, 56 yaşı vardı...

Onun çəklini dünən internetdə görməsəydim, bu əhvalatı da qələmə almayacaqdım yəqin – Allah səbəb saldı...