1183
writer1

Cavid Cabbaroğlu

Məqalə sayı

39
12:29 21 May 2014

İki alim

Bir alim vardı. Tanımırdım. Adını ötən il eşitdim, özü də xoşagələn kontekstdə yox - kiminsə onun əsərlərini öz adına çıxdığı iddia olunurdu. “Pis alimin əsərlərini kimsə oğurlamaq istəməz” düşüncəsi ilə barəsində məlumat toplamağa başladım…

 

Nəsrəddin Qarayev (1926-1982) Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlif vəzifələrdə işləyib. 1960-1966-cı illərdə Respublika Əlyazmalar Fondunda (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu), 1966-1972-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunda, 1972-ci ildən ömrünün sonuna kimi yenidən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışıb.

 

1971-ci ildə “XIX əsr Azərbaycan ədəbi məclisləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edən Nəsrəddin Qarayevin elmi fəaliyyətinin əsas hissəsi XIX əsr ədəbi məclislərinin və onların fəal üzvlərinin tədqiqinə həsr olunub. XIX əsrdə Azərbaycanda təşkil olunmuş ədəbi məclislərinin fəaliyyətini ilk dəfə sistemli şəkildə Nəsrəddin Qarayev tədqiq edib, Mir Möhsün Nəvvabın «Təzkireyi-Nəvvab» əsərinin türkcə mətnlərini transliterasiya edib. O, 1973-cü ildə Mirzə Həsən Qarabağinin yaradıcılığını kitab halında nəşr etdirib. «Seçilmiş əsərləri» adlı bu kitaba Mirzə Həsən Qarabağinin qəzəlləri, rübailəri, mənzum məktubları, təmsilləri və nəsihətnaməsi daxil edilib.

 

Nəsrəddin Qarayevin vəfatından sonra çap edilmiş “XIX əsr Azərbaycan ədəbi məclisləri” adlı monoqrafiyası qiymətli tədqiqat əsəridir. Monoqrafiyada XIX əsrdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərmiş “Divani-hikmət”, “Gülüstan”, “Əncümənüs-şüara”, “Fövcül-füsəha”, “Beytüs-səfa”, “Məclisi-üns”, “Məclisi-fəramuşan”, “Məcməüs-şüəra” kimi ədəbi məclislərin fəaliyyəti təhlil olunub, bu məclislərin iştirakçılarının həyat və fəaliyyəti öyrənilib.

 

Müəllifin namizədlik dissertasiyası əsasında nəşr olunan əsəri çapa hazırlayan filologiya üzrə fəlsəfə doktoru Vüsalə Musalının yazdığı “Ön söz”dən məlum olur ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dissertasiya işinin iki nüsxəsi saxlanılır. Bunlardan biri mərhum alimin müdafiəyə təqdim etdiyi, digəri isə müdafiəyə buraxılan iş olub. Təbii ki, müdafiəyə buraxılan dissertasiya işində hakim sovet rejiminin mənafeyinə uyğun müəyyən redaktələr və ixtisarlar aparılıb. Lakin təəccüblüdür ki, Nəsrəddin Qarayev dissertasiya işinin heç bir nüsxəsində marksizm-leninizm klassiklərinin əsərlərinə müraciət etməyib, onlardan sitatlar verməyib. Üstəlik, bəzi cəsarətli fikirlər irəli sürməkdən də çəkinməyib. Məsələn, müəllif 1905-1906-cı illərdə baş vermiş erməni-müsəlman davasından bəhs edərkən şuşalı şair Məmo bəy Məmainin (1842-1918) dili ilə bu münaqişənin təqsirkarlarının erməni daşnakları olduğunu bəyan edir. Bakılı şair Əbdülxalıq Cənnətinin (1855-1931) bir müsəddisini təhlil edən tədqiqatçı sovet hakimiyyətinin ilk illərində Azərbaycan ədəbiyyatında azad fikir söyləməyin çətinləşdiyinə eyham vurur.

 

Etiraf edək ki, sovet hökumətinin ən güclü olduğu illərdə bu cür fikirlər söyləmək xüsusi cəsarət, qətiyyət və prinsipiallıq tələb edirdi. Bütün bunlar Nəsrəddin Qarayevin təkcə böyük alim yox, həm də böyük vətəndaş olduğunu göstərir.

 

* * *

 

Bir alim də var. Təxminən iyirmi beş il olar tanıyıram. Hər dəfə onu görəndə, çıxışlarını dinləyəndə dahi kinorejissorumuz Rasim Ocaqovun “Otel otağı” filmindəki Əbdülcabbar obrazı yadıma düşür. O da Əbdülcabbar kimi sovet dövründə qatı kommunist və beynəlmiləlçi, müstəqillik dövründə türkçü və millətçi rolunu peşəkarlıqla ifa etməyi bacarır. Hər dəfə ölkədə siyasi rejim dəyişdikcə, yeni gələn iqtidarın yanında ilk peyda olanlardan biri məhz o olur. Nəticədə bütün məclislərin başında, tədbirlərin rəyasət heyətində onun əvəzolunmaz yeri olur. Dövlətin ziyalılara qayğısından “ştatlı bəhrələnənlər” siyahısında da adı əvvəldə gəlir. Və o da maraqlıdır ki, qoca tarix hələ bu alimin “xidmətlərindən” imtina etməyi bacaran hakimiyyət görməyib.

 

Bu yaxınlarda bu görkəmli alimin bir kitabı əlimə keçdi. 1991-ci ildə - SSRİ-nin süqutundan bir neçə ay əvvəl çapdan çıxıb. Maraq üçün ədəbiyyat siyahısını açdım. Və budur: siyahının ilk 12 pilləsində Marks və Engelsin, 7 pilləsində Leninin, son 4 pilləsində isə Qorbaçovun əsərlərinin adları yer alıb.

 

Gənc oxucularımız bunu oxuyub “Burda nə var ki?” sualını səsləndirə bilərlər. Bu səbəbdən kiçik izahata ehtiyac duyuram: 1991-ci ildən üç il əvvəl - 1988-ci ilin fevralında Qarabağda açıq müstəviyə çıxan erməni separatçılığı Azərbaycanda milyonların etiraz mitinqinə, bu isə sonda milli-azadlıq hərəkatının geniş vüsət almasına gətirib çıxardı. Xalq hərəkatını qan içində boğmaq qərarına gələn SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya qoşun yeritdi. Sovet ordusu Azərbaycan paytaxtında və bölgələrdə dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirdi. Nəticədə 137 nəfər şəhid oldu, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi. 20 Yanvar faciəsindən sonra Azərbaycanda 40 gün müddətinə tətil elan edildi ki, bu da tariximizin qızıl səhifələrindən biridir.

 

Bütün bu olanlardan sonra Marksı, Engelsi və Lenini demirəm, Qorbaçovdan sitat gətirməyin adı nədir? Bunu etməmək çoxmu çətin idi? Axı 55 il əvvəl Azərbaycanda Nəsrəddin Qarayev adlı bir alim Marksı da, Engelsi də, Lenini də bir kənara qoymuşdu. Halbuki ədəbiyyat siyahısında bu adlar olmayan dissertasiya işinin müdafiəyə buraxılmayacağı ehtimalı daha yüksək idi. Amma Nəsrəddin müəllim ona geniş karyera imkanları vəd edən yalançılığı, saxtakarlığı yox, sonu nə olacağı bəlli olmayan elmi və həqiqəti seçmişdi.

 

* * *

 

Sizə iki alim haqqında danışdım. Birinin əsərləri it-bata düşür, o birinin əsərləri müxtəlif dillərdə çıxır. Biri haqqında məlumatları arxivdən eşələyib tapırıq, o biri efirdən gözümüzü yağır edib. Biri nəinki özünün, heç əsərlərinin də tarixdə qalması barədə düşünməyib, o birinin aldığı nəfəs də tarixdə qalmağa və Fəxri Xiyabanda dəfn olunmağa hesablanıb. İkisi də bizimdi, ikisi də bizik. İndi anladınızmı heç bir xalqın leksikonunda olmayan “El üçün ağlayan göz kor olar?” atalar məsəlimizin mənasını?

 

Mən artıq anlayıram, Nəsrəddin müəllim…