6170
writer1

Seymur Verdizadə

Məqalə sayı

61
15:03 22 Aprel 2014

Müəllim, yoxsa “mlm”?

Seymur Verdizadə

 

Yeni media yeni gənclər yetişdirib. Onları özlərindən əvvəlki nəsildən fərqləndirən xeyli cəhət var. Sürət əsrində yaşayan bu gənclər vaxta maksimum qənaət etməyə çalışırlar. Amma bu, bəzən Azərbaycan ədəbi dilinin mövcud qaydalarının pozulması ilə nəticələnir. Elə bilirəm ki, bunun hansı fəsadlar törətdiyini görmək üçün çox gözləmək lazım gəlməyəcək...

 

Facebook sosial şəbəkəsində dostluq etdiyim bir gəncdən ötən gün bu məzmunda mesaj aldım: “Slm mlm”.

 

Onun nə demək istədiyini birtəhər anlasam da, bunu büruzə vermədim: “Salam, dostum. Nə demək istədiyinizi başa düşmədim”.

 

Təxminən 2-3 dəqiqə sonra cavab gəldi: “Yazmışam ki, salam, müəllim”.

 

Dərhal cavab verdim: “Aha, indi anladım. Bəs niyə sözləri bütöv yazmırsınız?”

 

Cavab bu dəfə də özünü çox gözlətmədi: “Xəbəriniz yoxdur?”

 

Suala sualla cavab verdim: “Nədən?”

 

Cavabı belə oldu: “Müəllim, biz artıq saitlərdən imtina etmişik”.

 

Səbəbini soruşanda isə dedi: “Bu yolla vaxta qənaət edirik”.

 

Özümü saxlaya bilmədim: “Onsuz da sizin vaxtınız çoxdur. Gününüz sosial şəbəkələrdə keçir”.

 

Qanacaqlı oğlan olduğu üçün cavab qaytarmadı. Bu dəfə o soruşdu: “Siz yazışmalarda bütün hərflərdən istifadə edirsiniz?”

 

Cavabım konkret oldu: “Bəli”.

 

Deyəsən, onu təəccübləndirmişdim. Dərhal soruşdu: “Doğrudan?”

 

Əvvəlki qaydada davam etdim: “Hətta durğu işarələrindən də yerli-yerində istifadə edirəm”.

 

Bu dəfə cavab bir qədər gecikdi: “Siz çox səbrli insansınız..”

 

Səbrli adam olduğumu sübut etməliyim. Odur ki, yenə ətraflı yazdım: “Peyğəmbərimiz belə buyurub: “Aranızda ən çox qazananlar səbr etməyi bacaranlardır””.

 

Səkkiz-doqquz il əvvəl Bakı Dövlət Universitetində jurnalistika təhsili alan bir gənc işlədiyim redaksiyaya təcrübə keçməyə gəlmişdi. Diribaş oğlan olduğu və hər şeylə maraqlandığı üçün hamımız ona kömək etmək istəyirdik. Bir gün növbəti nömrənin materialları hazır olanda səhifələrdən birini ona uzatdım: “Elşən, burdakı hərf səhvlərini tapa bilərsən?”

 

Həvəslə işə girişdi. Təxminən yarım saat sonra oxuduğu səhifəni mənə uzatdı: “Beş-altı səhv vardı, hamısını düzəltdim”.

 

Gözümün ucu ilə Elşənin oxuduğu səhifəyə nəzər saldım. Yazının girişində kobud bir səhv gənc dostumuzun gözündən yayınmışdı: “Burda bir səhv gedib. Bundan sonra diqqətli ol”.

 

Elşən halını pozmadı: “Müəllim, bir səhvlə nə olasıdır? Onsuz da sözün mənası başa düşülür”.

 

Söhbəti dəyişdim: “Yaxşısı budur, biz nahar edək. Korrektor gələndə özü səhifələri oxuyar”.

 

2000-ci ilin əvvəllərində bəzi imkanlı redaksiyalarda jurnalistlərə pulsuz nahar yeməyi verirdilər. Elşənlə mən də bu imkandan yararlanmaq istədik. Aşpaz xanım hazırladığı yeməkdən bir boşqab mənim, bir boşqab da qonağın qabağına qoydu. Adama bir tikə yemişdik ki, Elşənin yeməyindən tük çıxdı. O, boşqabı geri itələyib, süfrədən çəkildi. Maraqla Elşəni süzdüm: “Niyə yemirsən?”

 

Cavabı gözlədiyim kimi oldu: “Yeməkdən tük çıxdı. Dünya dağılsa belə, bundan sonra bir tikə də yeyə bilmərəm”.

 

Bu fürsəti əldən vermək olmazdı: “Dostum, qəzet mənəvi qida sayılır. Bəzən bir hərf səhvi oxucunu ondan iyrəndirir. Gərək bu “yemək” həmişə təmiz olsun”.

 

Təəssüf ki, yeni media inkişaf etdikcə orfoqrafik səhvlərə münasibət də dəyişdi. Yoxsa, “müəllim” yerinə “mlm” yazmazdıq...