2431
writer1

Cavid Cabbaroğlu

Məqalə sayı

39
18:51 08 Aprel 2014

Təhsil Nazirliyinin üç həftə axtarışı

Cavid CABBAROĞLU

 

Yaxın keçmişi hamımız xatırlayırıq. Unutmamışıq ki, Misir Mərdanov təhsil naziri təyin olunana qədər Azərbaycanda dərs ili sentyabrın 1-də başlayıb mayın 25-də bitərdi. Misir müəllim nazir olandan sonra heç bir səbəb göstərmədən dərs ilinin başlanma tarixini iki həftə geri çəkdi, sonra da bunu kompensasiya etmək üçün “Son zəng” gününü mayın 31-nə təyin etdi. Kimsə ondan bu eksperimentin səbəbini soruşmadı.

 

İndi isə Təhsil Nazirliyi dərs ilinin müddətini artırmaq istəyir. Özü də nə az, nə çox - düz üç həftə. Yəni sentyabrın 15-də başlayan dərs ili orta hesabla iyunun 21-də başa çatacaq.

 

Nazir müavini Ceyhun Bayramovun anonsunu verdiyi bu qərara cəmiyyətdə yetərincə reaksiya olmadı. Sosial şəbəkələrdəki deyinmələri nəzərə almasaq, millət vəkili Fazil Mustafadan başqa bu məsələyə etiraz edən olmadı.

 

Elə ona görə də Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov da açıqlama yayaraq, qərarlarının dəyişməyəcəyini açıqca bildirdi. Onun sözlərinə görə, mayın sonundan sentyabrın 15-dək Azərbaycanın ümumi orta təhsil müəssisələrinin şagirdlərdə sanki tətil boşluğu yaşanır: “Təxminən 105 günlük tətil ərzində şagirdlər vaxtlarını o qədər də səmərəli keçirə bilmirlər. Biz də istəyirik ki, bizim məktəblilər təhsil ilindən o qədər uzaq qalmasınlar. Tədris həftələrinin çox olması şagirdlərin tədrisə gəlməsi və tez uyğunlaşmasına şərait yaradacaq”.

 

Misir Mərdanovun dərs ilinin başlanma və bitmə tarixlərini dəyişməsi özlüyündə absurd qərar idi. Təhsilə yeni nəfəs gətirəcəyini gözlədiyimiz yeni nazir Mikayıl Cabbarovun dərs ilinin müddətini uzatma qərarı da mahiyyətcə həmin qərarın eynidir. Məgər tarixən formalaşmış ənənəni bərpa etmək və sentyabrın 1-ni yenidən Bilik günü elan etmək daha məqsədəuyğun deyilmi? Təkcə bu addımla Təhsil Nazirliyi uzatmaq istədiyi üç həftədən ikisini avtomatik əldə edəcək. Qalan bir həftəni isə uzun bayram tətilləri hesabına kompensasiya etmək olar.

 

Ümumiyyətlə, Təhsil Nazirliyinin bu qərarı qəbul etməzdən əvvəl Nazirlər Kabineti ilə məsləhətləşib-məsləhətləşmədiyi məlum deyil. Bəlkə də dünyanın heç bir ölkəsində bu qədər bayram tətili və təqvimdə bayram olmur.

 

Təhsil Nazirliyi tədrisin müddətinin deyil, keyfiyyətinin artırılması barədə düşünsəydi, daha məqsədəuyğun olardı. Bu baxımdan Cəsarət Valehovun “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi 38 həftə, Azərbaycanda isə 32 həftədir. Tədris ilinin uzadılması ancaq Azərbaycan dövlətçiliyinin, iqtisadi inkişafının, insanların rifah halının yüksəlməsinə xidmət edən məsələdir” fikri ilə razılaşmıram. Daha yaxşı olardı ki, nazirlik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə müəllimlərin nə qədər maaş aldığını açıqlayaydı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” çərçivəsində təhsil alaraq ölkəyə qayıdan məzunların niyə cəmi 36%-nin dövlət sektorunda, 64%-nin isə özəl sektorda çalışmasının səbəblərini araşdıraydı (Bu rəqəmlər havadan götürülməyib, Azərbaycan Nazirlər Kabinetinin 2013-cü ilə dair hesabatında qeyd olunub). Axı bu gənclər çalışdıqları şirkətlərin rəhbərlərinin yox, məhz Azərbaycan dövlətinin vəsaiti hesabına bilik yiyəsi olublar.

 

Təbii, kimsə Mikayıl Cabbarovdan və onun korrupsiyaya bulaşmamış gənc komandasından təhsilin illərlə üst-üstə yığılmış problemlərinin bir gündə həllini tələb etmir. Amma nəzərə almaq lazımdır ki, təhsil sahəsi eksperiment plantasiyası deyil. Ortada optimal çıxış yolu ola-ola cocuqlarımızı da, 150-200 manat maaş alan müəllimlərimizi də iyunun istisində məktəbə apartdırmağa gərək yoxdur. Zatən məktəblilərin tətil müddətini səmərəli keçirib-keçirməməsinin məsuliyyəti Təhsil Nazirliyinin yox, valideynlərin üzərindədir.

 

Və bu məsələdə həm də bir ənənə məsələsi var. İllərlə formalaşan, rəsmi bayram günü olmadan adamların hər biri üçün özəl bayram gününə çevrilən 1 sentyabr - Bilik günü və 25 may - Son zəng!

 

Ənənəni bərpa etmək, yeni ənənə yaratmaqdan daha asan olmalıdı...