1463
writer1

Güldəstə

Məqalə sayı

19
18:56 04 Aprel 2014

Rəcəbivediksifətlər

Güldəstə

 

Bayram günlərində uşaqların təkidləri qarşısında nəhayət ki, yumşalıb onları “Receb İvedik -4” filminə aparmağa razılaşdım.

 

Uşaqlara nəsihətlə nəyisə anlatmağın mümkün olmadığını anlamışdım. Anlamışdım, ancaq hər şeyi zəmanənin, dəbin, hamıya özünü, qabiliyyətini (bəzən qabiliyyətsizliyini) tanıtmaq imkanı verən demokratiyanın üzərinə atacaq qədər də aciz deyildim. Uşaqlarıma güzəştə getmişdim, ancaq təslim olmamışdım. Doğru bildiyim dəyərlərin müdafiəsi üçün hələ çox mübarizə aparacağımı düşünüb, pisi yaxşıdan ayırmaq məsuliyyətini 13 yaşlı Toğrulla 9 yaşlı Tuqayın üzərinə qoymağa qərar vermişdim. Əslində, bunu onlar istəmişdilər. O qədər çox istəmişdilər və yerli-yersiz o qədər çox arqument gətirmişdilər ki... “Bütün sinif yoldaşlarımız bu filmə baxıb. Əgər film pisdirsə, sinif yoldaşlarımızın valideynləri niyə icazə veriblər” kimi daşdələn arqumentlər qarşısında başqa çıxış yolumun olmadığını başa düşüb onların hüquqlarına hörmətimi itirmədiyimi göstərmək məcburiyyətində qalmışdım.

 

Filmin Türkiyədə kassa rekordu qırdığı barədə oxumuşdum. Etiraf edim ki, əvvəlki 3 filmdən birini böyük təəccüb və təəssüflə yarıyacan seyr etmişdim. Peşəkar aktyorların rol almadığı, diletant bir komandanın əməyinin məhsulu olan, qabalıq, iyrənclik və tərbiyəsizlik təbliğ edən Receb İvedik filmlərinin uşaqlar arasında populyar olmasının ən əsas səbəbi məhz heç bir qoruq-qadağa, ədəb-ərkan tanımaması, əsrlərlə kərpic-kərpic qurulan bir dünyanı bir anın içində kənd-kənd, səhər-səhər yerlə yeksan etməsiydi. Dağıtmağın qurmaqdan daha asan olması fikri doğruymuş. Əslində, bu cür qafa sahibləri mövcud əxlaq sistemini sökə-sökə alternativ bir dünya qururlar.

 

Film Nizamı Kino Mərkəzində nümayiş olunurdu. Bir gün əvvəldən növbəti günün biletləri, türklər demiş, kapış-kapış satılırdı. Türkiyədə murazına yetişmiş bir filmin Azərbaycanda da eyni performansı göstərməsi hər halından bəlliydi. Diqqətimi çəkən o oldu ki, tamaşaçıların böyük bir hissəsi hamilə qadınlar və uşaqlardı. Özü də yaşı filmə baxmağa çatmayan uşaqlar. Afişada 12+ məhdudiyyəti yazılmışdı. Ancaq bu məhdudiyyətə nə mənim kimi uşağın istəyi qarşısında davam gətirməyən valideynlər, nə də kinoteatr rəhbərliyi əməl edirdi.

 

Düşündüm ki, uşaqlar bir yana, hamilə qadınların bu filmə baxmağında da bir hikmət var. Xalqımızın inanclarına görə, hamilə qadın nəyə və ya kimə çox baxsa, uşaq da ona oxşayır. Bir anlıq bir zal dolusu rəcəbivediksifət uşaq təsəvvür elədim. Ürəyim bulandı.

İki saatlıq filmin sonuna qədər hollda gözləməyimin nəticəsi o oldu ki, filmə gecikən bəzi tanıdığım məşhurlarımızı gördüm. Özümü görməzliyə vurdum. Bu, onlara da sərf etdiyindən üstünü vurmadılar. Hollda vaxt keçirmək üçün stolun üzərindəki jurnallları gözdən keçirmək istədim. Elə tez də istədyimə peşiman oldum. Demək olar ki, bütün jurnalların üstündə kola şirəsinin, qarğıdalı dənələrinin, xülasə, yemək-içməyin silinməz izləri vardı. Özlüyümdə düşündüm ki, Receb İvediyə baxanların elədikləri bundan artıq olmayacaq ki. Receb İvedik filmlərinin uşaqların yaddaşında bu cür silinməz izlər buraxacağı təhlükəsini düşünüb xoflandın.

 

Artıq ayrı yolum qalmamışdı. Uşaqlara mənim yaxşı və pis hesab etdiklərimi göstərib seçimi onların öhdəsinə buraxmalıydım. “Yaxşı nədir, pis nədir” sualının cavabını onlar özləri müstəqil şəkildə tapmalı, seçimlərini etməliydilər. Onların seçimi mənim seçimimlə üst-üstə düşməyə də bilərdi. Özümə ürək-dirək verdim. Yox, nə qədər cəlbedici olsa belə, mənim uşaqlarım pisi seçməzlər. Onların damarlarında axan təmiz qanları buna imkan verməz. Ancaq bu təskinliyim də uzun sürmədi. O qədər təmizqanlı insanların övladlarının qanının it qanına döndüyünün, odun yerində külün qaldığının şahidi olmuşdum ki.

 

Uşaqların əyləncə ilə keçirdiyi 2 saat mənim üçün cəhənnəmdəymişəm kimi məşəqqətli və əzablı keçdi. Nəhayət, uşaqların əyləncəli, mənim əzablı dəqiqələrim bitdi. Bəlkə də onlar üçün bitmədi. Hələ də filmin təsiri altında olan uşaqların simalarından sevinc tökülürdü.

 

Qəribədir, bəzən saatlarla, hətta günlərlə əlləşib çalışsam da, onlara bu sevinci bəxş edə bilmirəm. Həmişə onların sevincini öz sevincimdən üstün tutsam da, özümünküləşdirsəm də, indi bunu bacarmırdım. İkili hisslərin əhatəsində qalmışdım. Mən övladlarıma Rəcəb İvedikin gətirdiyi sevinci qəbul da edə bilmirdim, ondan imtina etməyə də gücüm və imkanım çatmırdı.

 

Evə qədər uşaqlarla danışmadım. Zatən, onlar öz dünyalarında idilər. Zarafatlaşırdılar, Rəcəb İvedik təqlidləri çıxarırdılar, gülüşürdülər, məni unutmuşdular.

 

Mən incəsənətin tərbiyə vasitəsi olması fikrinə qarşıyam. İncəsənət xalq üçün deyil, elə incəsənət üçündür. Ancaq kino, incəsənət adına ləkə olan belə bir zir-zibil yığnağının uşaqlarımın tərbiyəsinə vurduğu zərbənin təsirini azaltmaq, yox etmək üçün yeganə çıxış yolunun incəsənət olduğuna inanıram. Elə ona görə də, bu həftə sonunu teatrları, muzeyləri ziyarətlə keçirəcəyimə özümə söz verdim. Uşaqlara anladacaq o qədər sözüm var ki... Qoy onlar “Şah Qacar”la, Üzeyirbəylə, Mirzə Cəlillə, tariximizin ayrı-ayrı dövrlərinin ayrılmaz parçasına çevrilmiş insanların həyatları ilə tanış olduqdan sonra özləri əsl sənətin hansı olduğuna, Rəcəb İvediki yoxsa adlarını sadaladığım ləyaqətli və istedadlı insanları seçəcəklərinə özləri qərar versinlər.

 

Mən övladlarıma inanıram!