961
writer1

Elnur Hidayətoğlu

Məqalə sayı

13
11:49 20 Yanvar 2014

Əmrah, Cin və Şahdağ sevdası...

Elnur Hidayətoğlu

 

Çəkildiyi kinoların əksəriyyətində gözünün yaşı əlində olan türkiyəli manıs Əmrahın iki gün əvvəl facebookda bir şəkilinə rast gəldim. Çoxdandır efirlərə çıxmayan, ağlamağına camaatı güldürməyən Əmrahın köhnə şəkli yeni dizaynla paylaşılmışdı. Hansısa bir filmdə  gözündən yaş  bıldır-bıldır axarkən çəkilən şəkilin üzərində belə yazılmışdı: "Benim heç Şahdağda şəklim olmadı, anne".

 

Əlbəttə ki, bu şəkillə qarşılaşan Əmrah sevənlər və sevməyənlər qısa zamanda  gülməli, ağlamalı, feyziyab olmalı, qəşş eləyib özündən getməli şərhlər yazdılar, ya da şəkli "copy past" edib, öz səhifələrində paylaşdılar.

 

Şəkli ilk paylaşan şəxs çox güman ki, bunu gülmək üçün etmişdi. Nəyə, kimə gülmək üçün etmişdi, bunu dəqiq bilmirəm. Əmrahın yalançı göz yaşlarınamı, yoxsa "aclıq olsun, kef olsun", "qonşudan qalma dala", "kimin qızından əskiyəm" , "mənim filankəsdən nəyim kəmdir?" kimi kəlləmayallaq prinsiplərlə işləyən yeganə millətiməmi? Nəsə mənə elə gəlir ki, ikincilərə...

 

Həmişə filmlərdə oynadığı rola görə nainsaf rejissorların ağlatdığı Əmrah deyəsən bu dəfə bizim xalqın gününə ağlayırdı. Hansı gününə? Hərə öz bildiyi kimi düşünə bilər. Məsələn, filan banka ya da filankəsə borcu olan borcuna, uşağın pampersini çatdıra bilməyən pampers dərdinə, əyninə bir şalvar ala bilməyən cırıq şalvarına

baxıb ağlaşma qura bilər. Yəni ağlamalı mövzular çoxdur. Əlqərəz, ta müstəqillikdən üzü bəri çölü özgəni, içi özünü yandırır bu millətin. Amma indi...

 

İndi görəsən bir gecəsi iki yüz-üç yüz manat hoteli olan, adi bir salatın otuz manata, evdən yemək gətirənlər üçün sadəcə boş stolun iyirmi manata təklif edildiyi Şahdağda saatlarla növbəyə durub, adam başına əlli-altmış manata başa gələn geyim dəstini almaq üçün baş yaranlar kimlər idi? Kimin ağlına gələ bilərdi ki, həmişə paytaxtda rast gəlinən avtomobil tıxacından daha betərinə Şahdağda rast gəlinəcək. Halbuki, bu dağda sürüşmək nəinki aztəminatlı, orta gəlirli azərbaycanlının belə  imkanı xaricində olmalıydı. Çünki iqtisadçıların hesablamalarına görə, qiymətlər heç aylıq maaşı iki-üç min avro olan avropalı üçün sərfəli  deyildi. Bəs necə oldu ki, bizimkilərə sərfəli oldu? Belə çıxır ki, tez-tez mətbuatda ölkəmizin, millətimizin gəlir və çıxarını saf-cürük edən, digər ölkələrlə müqayisələr aparan iqtisadçılar hələ də düzgün hesablamağı öyrənməyiblər, nəhayət ki, son zamanlar insafa gəlib,   qiymətlərin baha olmasını etiraf edən rəsmilər isə  görünür yalan danışmaqla xalqı  yola verirlər. Əslində bilirlər ki, lazım olsa, Azərbaycan xalqı elə kef eləyir ki, bundan xəbər tutan fransızların matı-mutu quruyar..."Prostu" lazım deyil də... 

 

 Artıq Şahdağa gedib, orda şəkil çəkdirmək də bir növ dəbə minib. Gedə bilməyənlərsə ürəyi ilə cibinin uyğunsuzluğu ucbatından  cin atına minmək zorunda qalıb. Belə baxanda indiki zamanda cinə minmək də hər oğlanın işi deyil ha...Cinlər də az aşın duzu deyil. Onlar da tez-tez bizimkilərin içinə girir. Yəni, əlhəmdullah mehribançılıqdır. Yox, əgər bu mehribançılıq deyilsə, başqa bir şeydirsə, onda cinlər icazəsiz-filansız bizimkilərin içinə girirsə, biz niyə onları minməyək. Əbəs yerə atalarımız demir ki, "filankəs cin atına mindi". Lazım gəlsə bizimkilər onları  cilovsuz, yəhərsiz minər, üstəlik Şahdağdan üzü aşağı elə sürüşər ki, cinlər "cinlər diyarının" yolunu belə unudarlar.  (Bu yerdə cin vurur təpəmə, imkan vermir cinlər haqqında bundan artığını yazmağa. E.H)

 

Lənət olsun, içimdəki cin sevgisinə, harda qalmışdım?... Hə, Şahdağda şəkil çəkdirmək dəbindən danışırdım. Maşallah,  qarlı, buzlu, kanatlı dağa gedənlərin hərəsinin əlində bir dənə andıra qalmış android var. Yıxılanda, duranda, ayaqları yuxarı-başları aşağı qalanda, soyuqda asqıranda, öskürəndə bir ucdan şəkil çəkib, yerləşdirirlər facebooka...Yəni ay millət, baxın, mənim də Şahdağda şəkilim var...

 

Bundan artığını yaza bilmirəm. Yenə Əmrahın  "Benim heç Şahdağda şəkilim olmadı, anne" şəkli gözümün qabağına gəlir. Gülürəm və eyni anda ağlamaq istəyirəm....Nəsə əndərabadi bir hissdir... Ağlama Əmrah, ağlama , benim də heç Şahdağda şəklim yok...