2302
writer1

Rəna Mirzəzadə

Məqalə sayı

2
15:24 31 Oktyabr 2013

Multikulturalizm və gender dialoqu

Qlobal tarixi hadisələr və sosial hərəkatlar sivilizasiyaları özündə əks etdirən müəyyən ideya daşıyıcıları olan İnsanlar tərəfindən həyata keçirilir və gerçəkləşir. Klassiklər İnsanlardan bəhs edərkən əsasən onun təfəkkür və davranışına, düşüncə və ağlına, mədəniyyət və mənəviyyatına nəzərən fikir söyləmişlər. İnsanlığın fikir, düşüncə, idraki görüşləri ağıldan və bu da müəyyən mənəvi, mədəni stereotiplərdən ibarətdir. XXI əsrin həyat tərzində qlobal dəyişikliklərin fərqini bilmək üçün məcazi mənada dini, siyasi, iqtisadi, sosio-mədəni, multikultural, informasion, elmi, hüquqi, gender mədəniyyəti və s. Məkanlar dialoqunda məsələlərin təhlilinə ehtiyac yaranır. «Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq». Bu aforizmə çevrilən kəlmələr Ümummilli Lider Heydər Əliyevə məxsusdur.

Qlobal dünyanın inkişaf meyllərinə, dinamik ritminə inteqrasiya edən ölkəmizdə sosio-mədəni reallıqlarda da gözgörəsi dəyişmələr gedir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev Bakıda «XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda dediyi kimi: «Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır». Belə olan surətdə qarşımızda bir sıra suallar çıxır: həqiqətənmi «gizli» də olsa Şərq-Qərb «savaşı» gedirmi və bu «savaşın» əsas “nüvə istehsalı”, barometri mədəniyyət və mənviyyat deyil ki? Qloballaşmanın vüsət aldığı dünyanın yeni nizamında, hətta demokratiyanın etalon göstəricisi olduğu müasir zamanda Şərqlə Qərb fərqlilikləri nədir? Burada fikrimizi ölkənin Birinci Xanımı Mehriban Əliyevanın sözləri ilə əsaslandıraq: «Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq, gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın».

Mədəniyyət və mənəviyyat tarixi fəlsəfi baxış sistemidir. Hər bir tarixi inkişaf mərhələsində ictimai quruluşun formasından asılı olaraq mədəniyyət də, mənəviyyat da yeniləşir və dəyişir.

Məhz insanlığın davranış tərzi də baş verən bu dəyişikliklərin təsiri ilə nizamlanır. Elə bu təsirləri təhlil etmədən, insanların öz davranışlarını belə dəyişməsi səbəbini izah etmək asan deyildir, əksinə mürəkkəbdir, multikulturallıq göstəricisidir. “Asan” və “mürəkkəb” anlayışları müəyyən təsirlər nəticəsində dəyişən mədəniyyətlərdə, multikultural cəmiyyətlərdə daha çox istifadə edilən ifadələrdir. Elə bir hadisə və ya proses yoxdur ki, onun ətrafında “asan” və yaxud “mürəkkəb” məsələ»kəlmələri işlədilməsin. «Asan» nəyinsə çox tez, sürətlə və yaxud çətinlik olmadan baş verməsidirsə, «mürəkkəblik» hər hansı durumun çox çətin əldə olunmasıdır. Mürəkkəb məsələlərin meydana çıxdığı multikultural mədəniyyətlərdə mənəviyyatdan tutmuş iqtisadiyyata qədər bəzən asan, bəzən də çətin Məkanlar tarixində faktlar saysız hesabsızdır. Bu baxımdan, hər hadisənin, hər prosesin asan və mürəkkəb olaylara çevrildiyi Zamanlar mövcuddur. Bu mövcudluq içində müsəlmançılıq – islam dini dünyagörüşü, onun tarixi, meydana çıxması zərurəti, çox asan və çətin yayılması, mürəkkəb dövr və s. kimi məsələlərin də mexanizmləri mədəniyyətdən, bu mədəniyyətin müxtəlifliyindən və insan mənəviyyatından törəmişdir.

«Doğrudanmı Qərb ideyaları bütün bəşəriyyət üçün universaldır və müasir dünya quruculuğu üçün bu qədər zəruridir? Hərb dünyasının universalizm iddiasında olan standartlarında siyasi, iqtisadi və mədəni uyğunsuzluğun olması mümkündürmü?»- kimi sualları təhlilə gətirən akademik R.Mehdiyevə görə «Demokratiyanın vahid standartı olmadığı kimi, onun mücərrəd forması da yoxdur. Əgər demokratik ideyalar xalqın tarixinin, milli mənlik şüurunun, mentalitet və ənənələrinin xüsusiyyətləri və reallıqları ilə uyğun gəlirsə, daha uğurla assimilyasiya olur. Çünki yad mühitdə «yetişdirilmiş» ideologiya «yad orqanizm»ə həmişə və dərhal uyğunlaşa bilmir».

İ.Məmmədzadənin fikrincə «… bu gün intibah dövrünü yaşayan Şərq-Qərb kimi maraqlı problemə diqqət yetirək. Aydındır ki, bu faktor münaqişələrə baxmayaraq, dünyanı birləşdirən qloballaşmanın xüsusiyyətləri ilə bağlıdır. Bizlərə belə bir fikir aşılanmışdır ki, orta əsr səlib müharibələri Qərbin üstünlüyü, cəngavərliyi və dövrün xristianlığının spesifik xüsusiyyətlərindən xəbər verir. Əslinə baxanda, «dini müharibələrin» dövrün cəhəti və ayrılmaz faktorunu daşıyan orta əsr Şərqlə Qərbin fəal əlaqələri dövrüdür». Müəllif haqlı olaraq göstərir ki, «müasirliyin düzgün dərk edilməsi keçmişin daha dəqiq anlaşılmasına gətirib çıxarır».

Qloballaşma Zamanında gender - cinslərin   sosiumda qarşılıqlı münasibəti də yeni dünyagörüşlü Dialoq Məkanıdır. XXI əsr dünya məkanının yenidən nizamı müxtəlif mədəniyyətlərin oxşar və fərqliliyi, gender problemləri sahəsində də DİALOQ mədəniyyətini zəruri edir.

Mədəniyyət-çoxölçülü və çoxmənalı anlayışdır. Onun elmi ədəbiyyatda olan müxtəlif və bir-birinə bənzəməyən tərifləri sübut edir ki, bu sahədə sivilizasiyaların, ölkələrin və xalqların çoxşaxəli tarixi təcrübəsini əks etdirmək üçün istifadə olunmuşdur. Mədəniyyəti təyin etməkdə əsas amil sayılan - maddi maraqlara bağlanmayan, yaradıcı, fərdi başlanğıcın mövcudluğudur. Bu özündə insanlığın - kişi və qadın tarixi yaddaşıdır.

Gender mədəniyyəti müxtəliflik, bu müəyyən mənada inteqral mədəniyyət, cinslərin Dialoq anlaşmasıdır.

Müasir dünyada cəmiyyətin, dövlətin. sivilizasiyanın mədəni vəziyyətini təşkil edən qadın və uşaq probleminə olan münasibət, həm xristian, həm müsəlman aləmində əsas amil kimi dəyişməz olaraq qalmaqdadır. Məlumdur ki, bu kimi kriteriyalardan bəzi qüvvələr siyasi məqsədlərə çatmaq üçün istifadə edirlər. Vəziyyət xüsusilə XX əsrin dövlət - ideoloji təcrübəsində özünü açıq büruzə verir. Bu halda Gender dialoqu bir problem kimi aktuallaşır və ön planda özünə yer tapır, dünya sivilizasiyası Gender müxtəlifliyində axtarışa çıxır.

Mədəniyyətlərarası münasibətlərdə bu vaxta qədər mövcud olan "dominant, hakim" "kişi" paradiqması ömrünü başa vurmuş, gender mədəniyyəti "üstünlüyü" ələ almağa cəhd edir. Dünyada gedən qloballaşma prosesi mədəni "növ" və ya "cins" müxtəlifliyi başqa sahələrdə sürətlə gedən unifikasiya prosesində müşayiət olunur. Burada sual oluna bilər ki, Qərbin ən çox təbliğ etdiyi "gender" prinsipinin mövcudluğunda narahatlıq nədir? Burada spesifik bir məqam var. Bu məqam nədir və onu Birinci Xanım M.Əliyevanın fikirləri ilə işıqlandıraq. "Biz qadınları, adətən iki model ilə üz-üzə qoyurlar. Belə hesab olunur ki, “Şərq qadını daha çox ailəyə bağlıdır, Qərb qadını isə cəmiyyətdə yüksək mövqe axtarır. Reallıq isə iki mövqedən də çox-çox uzaqdır. Mən də hesab edirəm ki, həm Şərq qadını, həm Qərb qadını tarix boyu elə nailiyyətlər əldə edib ki, onlardan biz hamımız  faydalana bilərik. Bu yanlış stereotipdən bu məsələdə uzaq olsaq, bu, həm Şərqə, həm də Qərbə kömək edə bilər”.

Müasir gender və mədəniyyət modelinin kökündə üç vacib amil durur:

1) qanunla təsbit edilmiş və qadın tərəfindən həyata keçirilən mədəni inkişaf və təhsil ilə bağlı haqlar;

2) mədəniyyət və incəsənət nailiyyətlərinə eyni hüquqlu və sərbəst buraxılış;

3) gender müxtəlifliyini nəzərə almaqla, mədəni və bədii sərvətlərin yaradılmasında iştirak edərək özünü təsdiqləmə;

Qeyd olunan bu üç amil keçmiş cəmiyyətlərin quruluşunda tam şəkildə realizə olunmamışdır. Amma onların nail olduqlarının təsiri bir məqsəd kimi mədəniyyətdə olan gender müxtəlifliyinin bugünkü müasir prosesində özünü göstərməkdədir.

Tarixdə cinsi fərqlərin qadın və kişi şəxsiyyət kimi keyfiyyətlərinin meydana çıxması əsasında formalaşmış Gender mədəniyyəti modeli gender Dialoqunun meydana çıxmasına səbəb olmuşdur. Platonun əsərlərində qadınların kişilərdən fərqləndirilməsi belə müəyyənləşib: "öz təbiətinə görə həm qadın, həm də kişi istənilən işdə iştirak edə bilər, lakin qadınlar hər cəhətdən kişilərdən daha zəifdirlər”.

Lakin, insanın cinsi yalnız sosial deyil, həm də mədəni interpretasiyaya malikdir. Başqa sözlə, bioloji cinsin differensiasiyası mədəniyyətdə kişi və qadın mənşəli simvolika vasitəsilə təqdim edilib, möhkəmləndirilmişdir. Beləliklə "kişi" və "qadın" simvolik düşüncəsi yaranır. Kişi "maskulin", qadın "femin” prinsiplərə assosiasiya edilir. Bəs burada gender mədəni fərqi, gender müxtəlifliyi anlayışlarında hansı kişi və qadın ünsiyyəti, münasibəti, rolu Gender Dialoquna necə körpü salır? Belə ki, bu əsasən əmək bölgüsü, gender rollar sistemi, ailə və KİV-in köməyi ilə, sonra isə cinslərin özləri vasitəsi ilə onların şüur səviyyəsində (gender identifikasiyası) yaranır. Bu isə gender eyniyyəti və ya gender fərqini meydana çıxarır. Bəs bu eyniyyət və fərq nədir? Gender eyniyyəti- hər cinsin öz mədəniyyəti çərçivəsində mövcud olan "qadınlıq" və "kişilik" tərifıni qəbul etməsidir. Gender fərqi- bu ilk növbədə davranışda özünü göstərir. Gender rolu- müəyyən olunmuş sosial təlimatların, daha doğrusu nitq, manevr, geyim, jest şəklində yerinə yetirilən hərəkətləridir.

Qloballaşma prosesində müasir mədəniyyətlərdə və onun inkişafında ən başlanğıc və əsas qüvvələrdən biri sayılan mədəni müxtəliflik və ya multikulturalizm nədir? Bu etnik, milli, konfessional və bu kimi müxtəlif mədəni ənənələrin qarşılıqlı mövcudluğu və dialoq problemidir. Eyni bərabərlik ideyasına söykənən bu baxışlar müasir dünyada (əsas da Qərbi Avropada və ABŞ-da) yayılmış multimədəni cəmiyyətin konsepsiyasını təşkil edir. Bu prosesin bir qolu da - Gender Dialoqudur.

Müstəqil Azərbaycan üçün də XXI əsr sivilizasiyalararası dialoq Yolu ilə başlanmışdır. Bu kimi problemləri həll etmək üçün ən başlanğıc şərt köhnə və yeni, ənənəvi və müasir tarazlığı saxlamaqla, cinslərin cəmiyyətdə harmonik adaptasiyası məsələsidir, yəni mədəni Dialoq və gender Dialoqudur.

Ölkənin Birinci Xanımı Mehriban Əliyeva nəinki respublikamızda, həm də dünyada görünən, bilinən, geniş və çoxşaxəli fəaliyyəti ilə bu sorğuya özü belə cavab verir və deyir: "...feminizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun təşkilində əsas yükü öz üzərinə götürməlidir. Mən dünyanın nüfuzlu, böyük təcrübəyə malik olan qadın təşkilatlarını  bu sahədə daha fəal olmağa çağırıram ... Düşünürəm ki, əgər Birinci Xanımlar sivilizasiyaların dialoquna dəstək versələr, bu, bir çox müsbət dəyişikliklərə gətirib çıxarır və dialoq probleminin özünü yeni müstəviyə keçirəcəkdir".

Multikulturalizm cəmiyyətində onun iki tipini ayırmaq daha məqsədəuyğundur: ənənəvi və müasir. Ənənəvi cəmiyyətlərdə əsasən androkratiya yəni, kişinin tam hakimiyyəti, müasirlikdə isə gender - kişi və qadınların cəmiyyətdə balanslı rollarının əsas xarakteristikasına diqqət çəkir.

Multikulturalizm siyasətində, onun liberal tərəfinin də interpretasiyasına nəzər yetirilməsi aktuallaşır. Əsasən bu fenomendən bəhs edərkən qadın məsələsinə də xüsusi diqqət yönəldilməsi vacib şərtdir. Belə ki, qadının tarixin müxtəlif inkişaf mərhələsində sosial statusunda baş verən dəyişilmələrdə mədəni identiklik probleminin siyasi sosioloji aspektdə daha çox özünü göstərir. Bu reallıq etnik azlıqlar və onların əsasən kişi səsinin üstün olduğu, milli mentalitetin qorunduğu cəmiyyətlərdə öz ənənəvi adətlərini də qoruması yollarının öyrənilməsinə zəruri ehtiyac yaradır.

Həyatın ilk günlərindən bu və ya başqa cinsə mənsubluq (kişi və ya qadın), (maskulin və femin) ümumilikdə insana müəyyən davranış normaları, baxışlar diqtə edir və cəmiyyətdə hər cinsin özünəməxsus sosial (siyasi) rollarını müəyyən edir. Bu rol və davranış normaları universal xarakterli olmur, onlar müxtəlif cəmiyyətlərdə də inkişafa görə dəyişir. Bu dəyişilmə özünü istər siyasi və sosial, istərsə də qeyri-sosial, coğrafi, iqlim kimi bir sıra faktorların təsirinə də məruz qoyur. Burada irq, sinif, sosial-iqtisadi inkişaf səviyyəsi, tarixi inkişaf, iqtisadi-ictimai formasiyaları, mentalitet, müxtəlif rəngli mədəniyyətlər – bütün bu aspektlər isə sosial (siyasi) mövqenin ayrılmasına və yaxud  bölümünə təsir edir.

Multikulturalizm siyasətində genderin paradiqmal dərki kişi və qadın arasında olan fərqlərə əsaslanan sosial münasibətlərin əsas elementlərini təşkil edən halı (tərzi, hadisəni, prosesi və s.) ayırıb aşkarlamaqdır.

Mədəni müxtəlifliyi olan cəmiyyətlərdə kişilik və qadınlığın cəmiyyətə məhz qarşılıqlı təsiri heç vaxt münaqişəsiz olmur, cəmiyyətin konkret üzvlərinin mental əlamətləri onun daha çoxsaylı qruplarının əlamətləri ilə nəzərə çarpan ziddiyyət təşkil edir. Bu hər bir ölkənin öz daxili prosesindən irəli gələn ziddiyyətdir. Ona görə də, cəmiyyətin mədəniyyət çərçivəsində ilk baxışda qeyri-tipik mədəni müxtəliflik hadisələri onun daxili mədəni modellərini ifadə edir. Bu halda isə onun təsiri son halda labüd nəticələr verir. Məsələn, cəmiyyətdə bütövlükdə mədəniyyət dəyişiklərini qabaqlayan elitar adlanan mədəniyyətin statusu belədir. Mədəni müxtəlifdəki Məkanda müxtəlif etnoslar eyni bir fiziki mühitin təsiri altında yaşayır. Burada müvafiq olaraq fərdi səviyyədə məkanın təsiri altında genotip də dəyişir. Beləliklə də, müntəzəm şəkildə digər etnosların, istər kişi, istərsə də qadın yeni genotipləri  hesabına sosiomədəni müxtəliflik mühiti yeniləşir. Bu isə mental keyfiyyətlər kompleksini daha da rəngarəng edir. Təbiidir ki, prosesin tədriciliyi etnosun bir hissəsinin digərindən əvvəl transformasiya edilə biləcəyi deməkdir. Hər hansı transformasiyanın tədriciliyi, millətin bir hissəsinin ümumi prosesdə digərini geridə buraxa bilməsinin mümkünlüyü deməkdir. Burada isə mədəni müxtəliflik və milli eynilik etnik eyniliyə təsir edir. Məs. etnik əlaqələrə və yeni etnosların yaranmasına səbəb olur. Beləliklə, insan həyatı və kollektiv insan birlikləri vektoru üzrə kişiliyin və qadınlığın qarşılıqlı təsiri qeyri-iradi hisslərin (genotipə anoloji) məntiqi üzrə inkişaf edir.

Multukulturalizm və Genderdən bəhs edərkən, burada ümumnəzəri yanaşma, həmin sosiomədəni konstruktun praktiki görünüşünü səciyyələndirən konkret forma, şərait, amil və əlaqələrin abstraktlaşmasına yol verilə bilər. Gender bərabərliyinin konkret tarixi şəraitdəki problemlərinin tədqiqi isə sosial-sinfi, irqi, etnik və bilavasitə gender statusu da daxil olmaqla, gender fərqinin həmin subyektinin bütün sosial status və mövqe əlaqələrinin mütləq nəzərə alınmasını tələb edir. İrqi ayrı-seçkiliyin mövcud olduğu ölkələrdə mahiyyəti qadının ailə üçün yaşaması haqda müddəadan ibarət olan bir ideologiyadır. Bu isə irqi mənsubiyyətcə aşağı səviyyə qrupların ikinci dərəcəliliyini və etibarsızlığını əsaslandıran irqi ideologiyadır. Yəni bu ağdərili kişilərin hakimliyini təsdiq edən stratifikasiya sisteminin yaranmasına yardım edirdi. Bəzən belə multukultural cəmiyyətdə elə çox istiqamətli vəziyyət yarana bilər ki:

- bütün kişilər və qadınlar, cinsindən asılı olmayaraq, siyasi sosioloji çərçivədə müəyyən dərəcədə diskriminasiyaçı rolunda çıxış edir;

- ağdərili kişilər, həm ağdərili qadınları, həm də rənglidərili kişi və qadınları istismara məruz qoyur; (bu da siyasi sosioloji baxışlar)

- ağdərili qadınlar rənglidərili cinsləri ağır işlərdə işlədib və istismar edib;

- rənglidərili qadınlara qarşı diskriminasiya olunur. Belə ki, qeyri millətdən olan əhalinin məskən saldığı ölkənin vətəndaşlığına malik olmayaraq, onlar əsasən azödənişli yerlərdə, çalışırlar.

Bu baxımdan da cəmiyyətdəki gender və mili-etnik stratifikasiyanın kəsişməsində də eyni mənzərənin şahidi oluruq. (Məs, bir nümunəyə diqqət edək. Müasir Azərbaycanda imkanlı ailələrdə bu gün Filippindən gətirilən tünd dərili, az ödənişə qane olan, dayə, qulluqçu kimi ailədə bütün məişət işini görənləri misal göstərə bilərik)

Belə cəmiyyət stratifikasiya sistemi piramidasının zirvəsində kişilər (millətindən asılı olmayaraq) və həmin dövlətin cinsindən asılı olmayaraq öz vətəndaşları dayanır.

Beləliklə, konkret sosial şəraitdə sinif, irq, millət və gender siyasi sosioloji mətndə bərabərsizliyin eyni zamanda mövcud olan sistemlərini formalaşdırmağa qabildir.

Fikrimizi Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın məntiqi ilə bitirək: "Bu gün bəşəriyyət planetar miqyaslı təhlükələrlə üz-üzə dayanmışdır. Müasir inkişafın reallığından kənar sivilizasiyalararası dialoqdan danışmaq, təbii ki, mümkün deyil. Dialoq haqqında danışarkən biz istər-istəməz inkişaf və gerilik, məşğulluq və işsizlik, təhsil və savadsızlıq problemlərinə də toxunuruq".