2036
writer1

Ramal Hüseynov

Məqalə sayı

5
12:45 30 İyul 2013

Üç meymun

"Görmədim... Eşitmədim... Bilmirəm..."

 

Evdə bu sözü bizə valideynlər deyirlər. Əsas da analar. Övlad sevgisindən irəli gəlir hər halda. Övladının hər hansı xoşagəlməz hadisədən uzaq olmasını istədiyi üçün. Ona görə də həmişə bizi belə öyrədiblər :” baş verən hadisəni nə gör, nə hadisəyə qarış, nə də o hadisə haqqında danış. Başını aşağı sal, öz işinlə məşğul ol! Lal... Kar... Kor...”

Bu tövsiyyəyə əməl edən özünü bir çox hadisədən və yarana biləcək problemlərdən sığortalayır, amma cəmiyyətə nə qədər zərər verdiyini anlamır. Bəlkə bunu hiss etmirik o an, amma vətəndaş mövqeyi, ictimai qınaq dediyimiz dəyəri ortadan qaldırır. Bu gün ictimai qınağın olmaması məhz analarımızın bizə verdiyi bu öyüdün nəticəsidir.

Özünü düşünmək, vəziyyətdən ziyansız ötüşmək, güdaza getməmək və sudan quru çıxmaq istəyi müstəqillik qazandıqdan sonra daha da çoxaldı. Yalnız özünü düşünən, ancaq özü üçün yaşayan bir nəsil yetişdi. Fərdiyyətçi, biganə insanlar olub getdik...   soyuq və hissiz...

 

“Düz düzdə qalır...”

 

Bəlkə də heç atalarımz deməyib, kiminsə əsəbi vaxtında ağzından çıxıb, eşidənlər tərəfindən təkrarlana - təkrarlana “dəyərə” çevrilib. Evdə doğruluğu, dürüstlüyü öyrətdiyimiz uşağımız çöldə “Düz düzdə qalır bala!” fikrini eşidir. Fırıldaqçılıqla, yalanla üzləşəndə evdə verilən nəsihətlər gedir işinin dalınca. O da “palaza bürünüb el ilə sürünmək”, yaxşı yaşamaq, yaxşı geyinmək, diqqət çəkmək istəyir. Elə buna görə də “Körpünü keçənə qədər ayıya dayı deyir” ki, təki işi “xod” getsin...

 

"Yaxşını götürüb, pisləri atmaq..."

 

Bu fikir bizdə indi çox məşhurdur. Xüsusən də anti-qlobalçılar, avropa məsələləri üzrə “hər şeyşünaslar” tərəfindən deyilir tez-tez. Elə hesab edirik ki, harda yaxşı dəyər var ancaq bizə məxsusdu. Qalan bütün cəmiyyətlər əxlaqsızdı. Bütün ümumbəşəri dəyərləri sadəcə və sadəcə özümüzün edirik. Qalan bütün əxlaqsızlıqları Avropanın ayağına yazırıq. Məqsədim Avropanı tərifləyib, özümüzü aşağılamaq deyil, amma  həqiqət bundan ibarətdir.

 

"Yaxşı deyək, yaxşı olsun..."

 

Razıyam, pis tərəflərimizdən çox danışmaq da bir şey deyil, amma bu qədər də olmaz... Amma “yaxşı-yaxşı” deməklə də iş düzəlmir axı. “Halva – halva ” deməklə ağız sirin olsaydı nə vardı ki? Bu baxımdan, qədərindən artıq tərifləmək də çıxış yolu deyil. Özünü ideal göstərməyə çalışan insan nə qədər gülünc görünürsə, özünü ideal göstərən xalq da bir o qədər süni görünür.

 Çatışmayan və qəbul etmədiyimiz dəyərləri Avropanın üstünə yıxmaqdan asan nə var ki?

 

Vətənpərvərlər...

 

İndi bir çox vətənpərvər deyəcək ki, bunlar bizim atalar sözümüz və məsəllərimiz deyil. Bu millətə təxribatdır. Səhvlərimizi deyəndə nədənsə vətən xaini oluruq. Onlar yalançı tərifi vətənpərvərlik hesab edirlər. Tərifləmək bizi tənbəlləşdirir, arxayınlaşdırır... Bəs kim çalışacaq? Kim inkişaf etmək üçün səy göstərəcək? İnkişaf səhvləri görüb, onları düzəltmək üçün çalışanda olur. Bəs səhvlərimizi bizə kim göstərəcək?

Məncə çatışmayan cəhətlərimizi ört-basdır etmək gələcək nəsillərə pislik etməkdir. Cavanlara ölkəni və milləti sevməyi öyrətməliyik. Pisi və yaxşısı, doğrusu və yalanı ilə bir yerdə. Bunun da yolu həqiqətdən keçir...