642
writer1

Zahid Oruc

Məqalə sayı

37
12:54 26 İyun 2013

Göylərdə yazılan himn

Dünyanın reallığı belədir ki, silahların səsi sülh və diplomatiyadan daha təsirli gücə malikdir. Nə qədər azadlıqsevər ölkə olsan da, tarixi misalda deyildiyi kimi qüdrətli orduya malik olmasan, başqa dövlətin əsgərinə xidmət etməli olacaqsan. Ona görə Azərbaycanın yerləşdiyi coğrafiyada neytrallıq saxlamaq, hamıdan bərabər məsafədə uzaqlaşmaq və heç bir hərbi formata daxil olmadan təhlükəsizliyini təmin etmək mümkün deyil. Bölgədə İsveçrənin malik olduğu statusda bir siyasətə sahiblənmək üçün İran və Rusiyanın zərbələrini sona qədər dəf etmək və Ermənistanın işğalına son qoymaq gərəkdir. Bu isə mürəkkəb məsələdir.

 

“Azadlıq” meydanında keçirilən hərbi parad Ali Baş Komandanın dostlara və düşmənlərə çağırışı idi. O, aydın bir dillə qeyd etdi ki, sürətlə silahlanma könüllü seçimimiz olmasa da, başlıca məqsədimiz xalqın təhlükəsizliyini və torpaq bütövlüyünün təminatı vəzifəsini yerinə yetirirməkdir. Əgər Ermənistanı müttəfiqlərdən məhrum etmək mümkün olsa, müharibənin taleyini qısa müddətdə həll etmək mümkündür. Bu gün az sayda nümayiş olunan silahlarla nəinki ən yaxın döyüş bölgələrindən, eləcə də ölkənin istənilən ərazisindən düşmənin hədəflərini məhv etmək olar. Ermənistanın müdafiəçiləri də bunu yaxşı bilir. Belə geniş radiusa malik texnika və sursat təkcə işğalçı ölkəni deyil, çoxlarını narahat edir. Lakin pozulmuş hərbi-siyasi balansın bərpasını başqa vasitələrlə təmin etmək yolu qalmayıb.

 

“Azadlıq” meydanından keçən əsgər və zabitlərimizin nizami yürüşü, döyüş əhval-ruhiyyəsi hər kəsin qürur mənbəyidir! Vətənin göylərində dövrə vuran şahinlərimizin yazdığı Himn və Bayraq dünyada bütün rənglərdən əzəmətli və iftixar doğurur! Simvollar belə xəlqiləşir və həyati mənasına qovuşur! Millətimizi qara tarixi günlərdən -faciə ildönümlərindən çıxaracaq və Yeni Təqvim yaradacaq Silahlı Qüvvələrimizin Günü Mübarək Olsun!

 

Mehmət Akif Ərsoy deyirdi: “Haqqıdır, haqqa tapan millətimin istiqlal!”

 

Hürr yaşayan bayrağımızın Uca Göylərimizdə əbədi dalğalanması arzusu ilə...