3087
11:22
17 Fevral 2013

Bakı-Qazax yolunda ikinci qəza: ölən və yaralılar var

Bakı-Qazax magistral avtomobil yolunda ölümlə nəticələnən daha bir avtomobil qəzası baş verib.

APA -nın məlumatına görə, hadisə bu gün səhər saat 8:00 radələrində yolun 272-ci kilometrliyində, Ağdaş rayonunun Əmirarx kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Bakı sakini Mahmudov Fikrət Adil oğlu 90-MA-489 dövlət nömrə nişanlı “Daevo Nexia” markalı minik maşını ilə sürətlə hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü Fikrət Mahmudov və sərnişini, Gəncə sakini Baxşəliyev Mustafa Məmmədəli oğlu yüngül xəsarət alıb, sərnişinin qardaşı, 1968-ci il təvəllüdlü Baxşəliyev Cavanşir Məmmədəli oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.


Hadisə yerində olan polis əməkdaşlarının verdiyi məlumata görə, bu eyni ərazidə gün ərzində baş verən ikinci qəzadır. Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində də bu gün 4 nəfərin ölümü ilə nəticələnmiş qəza baş verib.

Polisin bildirdiyinə görə, qəzalara qatı dumanda yüksək sürətlə idarəetmə səbəb olur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.