11:00
17 Yanvar 2013

(R) Peugeot-dan ayaqqabı ideyası və ya “Ayaqqabı da miniatür avtomobildir”

Belə ayaqqabılar, bəlkə də yaxın gələcəkdə çox avtomobildə olacaq. Hələliksə, yalnız Peugeot konsept avtomobili HX1-də “2-si 1-də” ayaqqabı var. Ayaqqabının dizaynı məşhur fransız ayaqqabı ustası Pierre Hardy-yə məxsusdur. Bununla, avtomobil sənayesində texnoloji və dizayn yenilikləri ilə tanınan Peugeot qadınların maşın sürən zaman dabansız ayaqqabı geyinməkləri üçün dəbli həll tapıb.

Məşhur “çəkməçi” Pierre Hardy sürüş ayaqqabıları ilə dəbli hündürdabanı bir araya gətirib. “Bu ayaqqabı həm maşın sürmək, həm də gəzmək üçündür. Eləcə də gözəl stili olan qlamur ayaqqabıdır” – məşhur dizayner belə deyib. Yaratdığı ayaqqabını “dəb cismi” adlandıran dizayner fikrini müxtəlif materialların birləşdirilməsi ilə əsaslandırıb. Ayaqqabının üst hissəsi elastikliyi ilə plastiklə müqayisə olunan, amma daha möhkəm olan karbon lifindən hazırlanıb.

Maşın sürmək üçün bot ayaqqabının içindədir. Streç lifdən – neoprendən hazırlanan dabansız bot müxtəlif qəliblərə asanlıqla uyğunlaşır.

Bu ayaqqabının dizaynı Pierre Hardy-yə uşaqlıq arzularının gerçəkləşdirilməsinə ümid verib.

“Bu, mənim uşaqlıq arzumdur. Mən avtomobil sənayesini sevirəm. Ayaqqabı da bir növ miniatür avtomobildir – irəli hərəkət etməyə kömək edir. Heç təsəvvür də etməzdim ki, bir gün avtomobil dizayn edərəm. Amma indi deyə bilərəm ki, mən avtomobil dizayn etmək istərdim” – məşhur dizayner bildirib.