4889
writer1

Pərvin Abbasov

Məqalə sayı

18
15:54 24 Dekabr 2012

Mən necə “vəhabi” oldum?

Hər şey yarısı qara rəngli, yarısı da hərbi paltar geyinmiş adamların məhəlləmizə gəlməsi ilə başladı. Dedilər ki, bunlar hansısa şirkətin işçiləridi, məhəlləmizdə su xəttini yeniləyəcəklər. Həmin vaxt yay idi. Başladılar qazmağa. Biz qazılmış küçələrdə əziyyət çəkə-çəkə gəzsək də, “kişilər iş görür” deyib, heç nədən şikayətlənmədik. Deyirdilər ki, sudan sonra təzə kanalizasiya xətti çəkəcəklər, üstündən də asfalt. Yəni məşhur “əvvəl asfalt çəkməliyik, sonra qazmalıyıq” sindromunu qıracaqdılar.

Artıq qışdır. Amma bizim küçələrimizə  nə kanalizasiya xətti çəkildi, nə də asfalt. Kanalizasiya cəhənəmə, onsuz da əvvəlki xətlə keçinirik. Amma asfaltın çəkilməməsi, hətta özümümüzün pul yığıb düzəltdiyimiz yolları da it gününə qoydu. İndi vəziyyətimiz həddən artıq pisləşib: yollarımız keçilməz dərəcədə palçıqlıdır, lap dəhşətdir. İşə gedən adamları, məktəbə gedən uşaqları görəndə vallah onlara da, özümə də yazığım gəlir. Axı mən də hər gün o yolları keçirəm.

O gün “tolkuçka”da özümə şalvar alırdım. Dərzini çağırdıq ki, elə dükandaca ölçüb şalvarın ətəyini kəssin. Şalvarın ətəyini lap yuxarıdan - topuqdan kəsməyimi istəyəndə dərzi qayıtdı ki, bəs çox qısa olacaq. Mən israr edəndə satıcıyla dərzi şübhəli-şübhəli bir-birinin üzünə baxdı. Hiss elədim ki, onlar mənim vəhabi olmağımdan şübhələnir. İzah elədim ki, biz tərəf çox palçıqdı, palçıq lap topuğa çatır, ona görə də şalvarı çox qısa kəsdirirəm. Amma deyəsən heç biri inanmadı. Eh, inanmaq üçün Yeni Ramanaya – Bünyatzadə küçəsinə gəlmək lazımdı...