2742
writer1

Fərid Əkbərov

Məqalə sayı

4
21:25 20 Dekabr 2012

Putinin “yox” cavabı

Düz gözümün içinə baxdı. O qədər uzağında oturmamışdım. Birinci dəfə idi ki, onu bu qədər yaxından görürdüm. İkinci dəfə yaxınlaşanda da düz gözümün içinə baxdı və  sərt bir “yox” deyib, getdi...

 

Söhbət Rusiya prezidenti Vladimir Putindən gedir. Bu gün keçirdiyi mətbuat konfrasında 5 saatdan çox suallara cavab verdi. Hamının sullarını cavablandırdı, yakut jurnalistlərdən gürcülərə qədər. Mənə- APA-nın Moskva müxbirinə isə sual vermək imkanı tanımadı. Yox...başqa jurnalistlər də vardı ki, Putinə sual verə bilmədi. Amma Rusiya prezidenti məhz mənim “bəs azərbaycanlı jurnalistlərə növbə çatmadı axı” iradlı səslənişimə verdiyi reaksiya ilə əslində münasibətini bildirdi: “Yəqin ki, Qarabağdan soruşacaqsınız”. Ona “başqa suallarımız da var” desəm də, Putin sual haqqını gürcü həmkarımıza tanıdı. Özü də bu ikinci gürcü jurnalisti idi ki, Putinə sual verə bilirdi...

 

Yenə həvəsdən düşməyib əlimdə olan Azərbaycan-Rusiya bayraqları ilə Putindən sual vermək üçün icazə istəyirdim. Putin gözlərimin içinə baxıb, düz yanımdakı jurnalistlərə sual vermək üçün icazə verirdi...

 

Putin hər kəsə təşəkkürünü bildirib, sual verə bilməyənlərdən üzr istəyib, konfransın bitdiyini elan elədi. Yerimdən qalxan kimi cəld Putinə yaxınlaşdım. Bir rusiyalı qadın jurnalist onu söhbətə tutmuşdu. Cangüdənləri də onları çevrəyə almışdılar. Amma Putinə yaxınlaşdım. Putin qadın jurnalistin sualını cavablandırırdı. Mən də onun cavabının bitməyini gözləyirdim...

 

Cavabı bitən kimi sualımı ona ünvanladım. Putin yenə düz gözümün içinə baxaraq, “yox” deyib, getdi...


P.S Putindən Qarabağı soruşacaqdım əlbəttə. Mətbuat konfransındakı reaksiyası ilə Qarabağla bağlı münasibətini bildirmişdi artıq. İkinci sualım Qarabağ deyildi, amma Azərbaycan idi əlbəttə...