Əfsanə danışır: “Onun nisgili ürəyimdə qaldı...”  - MÜSAHİBƏ
18 dekabr 2012 17:21 (UTC +04:00)

Əfsanə danışır: “Onun nisgili ürəyimdə qaldı...” - MÜSAHİBƏ

Gürcüstanın bəlkə də ən məşhur insanı, rolları və mahnıları ilə Rusiya başda olmaqla dünyanın yarısında tanınan, sevilən aktyor, müğənni, rejissor Vaxtanq Kikabidzedən müsahibə almaq mənə həmişə əlçatmaz görünmüşdü. Zaman keçdikdə onunla söhbət eləmək həm də lazımsız görünürdü – yaşadığını yaşamış, oynadığını oynamış, oxuduğunu oxumuş, dünyanın bütün cikinə-bikinə bələd bir adamla nə danışasan ki, ona da maraqlı olsun? Sualı o adama verərsən ki, dünyada onun cavabını bilmədiyi sual olsun.

 

Amma jurnalist eqosu bu miqyasda adamdan müsahibə almaqdan hələm-hələm vaz keçmək istəməz. Mən də şirnikdim.

 

O bizi heç əziyyətə salmadı. Telefonunu asan tapdıq, zəng eləyən kimi telefonu götürdü, müsahibəyə o dəqiqə razılaşdı, dəqiq gün və saat təyin elədi. Ünvanı soruşanda:

- Taksiyə oturanda telefonu sürücüyə verin, ünvanı ona izah edim – dedi.

 

Elə də elədik. Taksiyə oturub, telefonu sürücüyə verdik. Sürücü danışıb qurtarandan sonra qulaqlarına inanmırmış kimi:

 

- Deyəsən, mənimlə danışan Kikabidze idi, hə? – deyə sevincqarışıq heyrətlə soruşdu.

Təsdiqlədik. Taksi sürücüsü ayağını bərkdən qaza basaraq:

 

- Daha ona niyə əziyyət verirdiniz, eləcə mənə deyərdiniz ki, bizi Kikabidzenin evinə apar. Mən onun evini tanımaya bilərəmmi? – deyə on beş dəqiqəyə bizi ünvana çatdırdı.

 

Onun bizi düşürdüyü yerdə iki ev vardı. Biri bozumtul, köhnə darvazalı, yığcam bir ev idi. İkincisi isə qırmızı kərpicdən tikilmə, təzə, bahalı darvazalı, pəncərələri barmaqlıqlı, gözəl, üçmərtəbə malikanə. Malikanənin qarşısında dayanıb, yaşlı aktyorun nömrəsini təzədən yığdıq:

 

- Vaxtanq Konstantinoviç, biz çatmışıq. Eviniz bu qırmızı kərpicdən olandırmı?

 

- Yox, onun yanındakı bozumtul...

 

Balaca, təvazökar darvaza açıldı, qapıdan qucağı uşaqlı gənc bir qadın və Vaxtanq Kikabidzenin özü çıxdı. Köhnə idman şalvarında, rəngi solmuş mayka və düymələr açıq, dama-dama köynəkdə idi. Filmlərdə, səhnədə boy-buxununa, duruşuna heyranlıqla baxdığımız o adamdan indi arıq, çəlimsiz, beli azacıq bükülmüş bir adam dayanmışdı. Gülümsədi, əl uzadıb salamlaşdı, içəri dəvət elədi və bərk-bərk tapşırdı ki, ayaqqabılarımızı soyunmayaq.

 

Onun evi indiyə qədər gördüyüm ən yaradıcı ev idi. Rəsm əsərləri, kitablar, məşhur sənət adamlarının balaca heykəlləri. Hətta mərhum aktyor dostu Frunzik Mkrtçyanın burnunun taxta maketi...

 

Həmin gün Tiflisə ilk qar yağmışdı...

 

- Vaxtanq Konstantinoviç, sizi Tiflisə yağan ilk qar münasibətilə təbrik eləyirəm. Bilirəm, yaradıcı adam üçün havanın ayrı bir əhəmiyyəti var. Özünüzü necə hiss eləyirsiniz?

 

- Yaşım mənə necə imkan verirsə, elə də hiss eləyirəm. Belə. Soyuqdu.

 

- Bilirəm ki, artıq belə müsahibələrdən, danışmaqdan yorulmusunuz...

 

- Eybi yoxdu. Bunlar da olmasa, həyat darıxdırıcı olardı.

 

- Müsahibə vermək sizi əyləndirir?

 

- Baxır, kiminlə, nə barədə danışırsan...

 

- Gürcüstanda demək olar ki, hamı Sizə Buba deyir. Niyə?

 

- Mən dil açıb danışmağa başlayanda ilk sözüm «buba» olub. Elə o vaxtdan da bu adı mənə yapışdırıblar.

 

- Sizi yaxşı tanımayan, səmimi münasibətdə olmadığınız adam Sizi bu adla çağıranda, bunu familyarlıq hesab eləmirsiniz ki?

 

- Bilirsiz, yaxın oldu-olmadı, hamının məni belə çağırmasına öyrəşmişəm. Xoşuma gəlsə də, gəlməsə də...

 

- Mən Sizə necə müraciət eləyim ki, xoş olsun...

 

- Necə istəyirsiniz...azərbaycanlı dostlarım hərdən mənə «Vaxtanq müəllim» deyirlər...

 

- Əla. Vaxtanq müəllim, yaradıcılığınızın xeyli hissəsi sovet dövründə keçib. Özünüzü sovet adamı hesab edirsinizmi?

 

- Yox, mən heç vaxt sovet adamı olmamışam. O quruluşu sevməmişəm, kommunist partiyasının üzvü olmamışam. Hətta komsomola da keçməmişəm. Məktəbdə məni pionerdən çıxarmışdılar ki, sən bu ada layiq deyilsən. Yeri gəlmişkən, məktəbdə çox pis oxumuşam, dörd dəfə sinifdə qalıb, onillik məktəbi on dörd ilə qurtarmışam. O vaxt anam kilsə xorunda oxuyurdu – məktəbdən qaçıb onun yanına gedirdim. Elə bilirdi ki, dərsdən gəlirəm. Kilsənin hər tərəfi İsanın şəkilləri ilə dolu olurdu. Bir dəfə anamdan soruşdum ki, ana, sən İsanı görmüsən? Dedi ki, hə. Dedim, harda, nə vaxt? Anam dedi ki, mən hər dəfə sənə baxanda İsanı görürəm. Çünki hər insanda İsadan nəsə var.

 

- Sovet dövrünü necə xatırlayırsınız? Nostalji ilə, yoxsa sevinirsiniz ki, nə yaxşı, bu da keçdi...

 

- Əlbəttə ki, nostalji ilə. O illər nə qədər pis olsa da, ən vacib şeylər var idi. İnsanlar bir-birinə yaxın, doğma idilər, indiki dəmir qapılar, pəncərələrdəki barmaqlıqlar yox idi. İndiki kimi hamı evində gizlənib, pul barəsində düşünmürdü. Həmin illərdə Amerikaya qastrola getmişdim. Bir ailədə qonaq oldum. Hiss elədim ki, o evdə ər-arvaddan, uşaqlardan savayı da kimsə var. O kimsə həmişə onlarladı. Sonra başa düşdüm ki, o «kimsə» - puldu. Pul onların ailə üzvü idi. Sovetlərdə belə şey yox idi.

 

- Xarici ölkələrə qastrola gedəndə, elə olurdumu ki, hansısa ölkədə qalmaq istəyəsiniz?

 

- Yox. Heç vaxt. İnsan özünün aid olduğu yerdə yaşamalıdır. Hamının komediya kimi baxdığı «Mimino» da elə bu barədədir. O illərdə mənim bir aktrisa tanışım var idi. Mənə demişdi ki, Vaxtanq, həyatda ən çox nəyə həsəd aparıram, bilirsən? O xarici filmlərdə qəhrəmanlar qışda da çiyələk yeyirlər – ona. İnsanın ürəyi istədiyi vaxt istədiyi şeyi yeyə bilməyi nə gözəldi. Sonra o aktrisa xaricə köçdü. Bir dəfə onun yaşadığı ölkəyə qastrola getmişdim. Onunla görüşdük. Soruşdum ki, hə, indi ürəyin istəyəndə çiyələk yeyə bilirsənmi? Dedi: Hə. Amma sən demə, burada çiyələyin dadı olmurmuş. Onun tapa bilmədiyi dad çiyələyin deyil, vətənin dadı idi.

 

- Aktyor, rejissor dostlarınızın arasında dissidentlər var idimi?

 

- Vısotski dissident hesab olunurdu. Amma demək olmaz ki, o tam dissident idi. Elə olsaydı, onu filmə çəkilməyə, səhnəyə qoymazdılar. O sadəcə insanların qayğılarından oxuyurdu, vəssalam.

 

- O illərdə Sizin də quruluşa qarşı etirazlarınız olurdumu?

 

- Hərdən olurdu. Yeri gələndə dilimi saxlamırdım, sözümü deyirdim.

 

- Etirazınız sizə ziyan gətirmirdi ki? Sizə qadağalar qoya bilərdilər...

 

- Yox. Qadağa qoymuşdular. Amma etiraza görə yox. Konstantin Qoquadze məni «Olqa və Konstantin» filmində baş rola dəvət elədi. Qadın qəhrəmanı hansı aktrisanın oynayacağını biləndə dedim ki, mən bu aktrisa ilə çəkilmək istəmirəm. Rejissor dedi ki, mən artıq onu təsdiqləmişəm. Dedim, daha neyləmək olar. Amma mən baş rolda çəkilməyəcəm. Rejissor sonra həmin aktrisaya demişdi ki, Vaxtanq səninlə çəkilməkdən imtina elədi. O aktrisa çox məşhur idi, özü də mədəniyyət sahəsinə baxan çox yüksək çinli bir məmurun məşuqəsi idi. O söhbətdən sonra iki il mənə səhnəyə çıxmağı qadağan elədilər. Filmlərə də çəkilmirdim. Bilmirdim nə baş verir. Sonra öyrəndim ki, hamısı o aktrisanın işləridi. Ta onun məşuqu işdən çıxarılıb, yerinə yeni adam təyin olunana qədər qadağa davam elədi.

 

- Qadınlarla düşmənliyiniz çox olub?

 

- Əksinə, qadınlar həmişə məni seviblər. Özü də mən bunun üçün xüsusi çalışmamışam, onların yanında heç nə ilə öyünməmişəm. Heç bir vəzifəli dostumun adını çəkməmişəm.

 

- Bir dəfə müsahibənizdə Yuliya Timoşenko barədə «çox gözəl qadındır» demisiniz. Bütün qafqazlı kişilər kimi, siz də sarışın qadınları xoşlayırsınız?

 

- Məndə belə bir kompleks yoxdur. Özü də qafqazlı qadınlar dünyanın ən gözəl qadınlarıdır. Bu kompliment deyil ha (göz vurur).

 

- Sizə çox xanım pərəstişkar məktub yazırdı?

 

- «Yazırdı» niyə? İndi də yazırlar.

 

- Sms də yazırlar?

 

- Bəlkə də yazırlar, nə bilim? Açıb oxuya bilirəm ki?

 

- Markes deyir ki, arvadım mənə yazılan məktublardan kolleksiya yığır, amma onlara cavab verməyə icazə vermir. Siz o məktublara cavab yazırsınızmı?

 

- Bura bax, qızım. O «Mimino»da qəhrəmanın məşhur ifadəsi var e «Larisu İvanovnu xoçu»...ssenaridə elə şey yox idi. O cümləni ora  özüm əlavə eləmişəm. Kişinin nə qədər canında can var, Larisa İvanovnanı istəməlidir. Amma mənim çox gözəl arvadım var. Başqa qadınlar mənə maraqlı deyil. Heç kimə də cavab yazmıram. 

 

- Minnətdar olduğunuz insan, ya da hadisə varmı?

 

- Var. Bəlkə də bu insafsızlıq, qəddarlıq kimi görünəcək, amma mən öldürüldüyünə görə Amerika prezidenti Kennediyə minnətdaram. O vaxt Amerikada qastrolda idik. Bir oteldə qalırdıq. Bir gün hamı aşağıda – foyedə idi. Gələcək həyat yoldaşım da yanımızdaydı. Qəfildən şəhərdə səs-küy düşdü. Atışma başladı. Elə bildik müharibə başlayır. Hamı küçəyə çıxdı. Gələcək həyat yoldaşım düz yanımda idi. Sonra qəfildən elə bil nəsə partladı. Dəhşətli səs-küy qopdu. Səs-küyə qapılıb, gələcək həyat yoldaşımı bərk-bərk qucaqladım və bir daha buraxmadım.

 

- Həyat yoldaşınız sizə ən çox nəyi irad tutur?

 

- Deyir ki, sənin üçün birinci ölkədi, sonra dostlar, sonra qonşular, ən axırda da ailə. Düz deyir, mən vətənsiz, dostlarsız, qonşularsız yaşaya bilmirəm. Buna görə də, indi qonşuların bir-birini tanımadığını, ünsiyyət saxlamadığını görəndə, mənə qəribə gəlir.

 

- Çox siqaret çəkirsiniz. Siqareti atmaq qərarını neçə dəfə vermisiniz?

 

- Heç vaxt. Doqquz yaşımdan siqaret çəkirəm. Cəmi bir dəfə, xəstəxanaya düşəndə, atmalı olmuşam. Sağalan kimi də başlamışam.

 

- Ümumiyyətlə, zərərli şeylərə – siqaret, içki, gecə həyatına münasibətiniz necədir?

 

- Biz artistlərin həyatı belədi ki, gərək mütləq içək. Mən də yaxşı içirəm. Düzdü, cavanlıqda lap yaxşı içirdim, indi elə bacarmıram. Amma hər şeyin qədərini bilməlisən. Hələ heç kim deyə bilməz ki, mən sərxoş olub, nəsə kobudluq eləmişəm, yersiz hərəkətə yol vermişəm. İçib özünü apara bilməyənlərdən də xoşum gəlmir. Sərxoş kişiləri görməyə gözüm yoxdur.

 

- Bəs, sərxoş qadınları?...

 

- Elə sərxoş qadınları da...

 

- Bizdə yaşlı nəsillə cavan nəslin arasındakı qarşıdurmalar çoxdur. Yaşlılar deyir, cavanlar heç nə bilmir, cavanlar deyir, qocalar hamını bezdirib. Sizdə də belədirmi?

 

- Hər yerdə belədir. Elə belə də olmalıdır. Münasibətimi soruşsanız, deyim ki, mən bütünlüklə gənclərin tərəfindəyəm. Gənc səhv eləsə də, düz eləyir. Zaman onundur, gəncindir. Amma hər gəncin yox, oxumuş, bacarıqlı, vətənpərvər gəncin. Mən bilikli, oxumuş gəncliyi sevirəm.

 

- Heç sizin haqqınızda tənqid yazan gənc olubmu?

 

- Maraqlıdır ki...yox

 

- Ümumiyyətlə, tənqidə dözümlü yanaşa bilirsiniz?

 

- Əlbəttə. Tənqid olmasa, ta bu nə oldu ki?  

 

- Vaxtanq Konstantinoviç, prodüseriniz mənə bərk-bərk tapşırdı ki, sizə siyasətdən sual verməyim...

 

- Amma deyəsən siz yaman istəyirsiniz...

 

- Hə, istəyirəm. Mümkünsə bir neçə suala cavab verin.

 

- Çalışaram.

 

- Yeni hakimiyyətin dövründə özünüzü necə hiss eləyirsiz?

 

- Hələ ki, müqayisə eləmək imkanım olmayıb. Yaxşısını, pisini görməmişəm. Bir də ki, mənim üçün nə hakimiyyət? Mənə nə yaxşılıq edə, ya nə verə bilər ki hakimiyyət? Oxumağı qadağan eləyə bilməz, istedadımı əlimdən ala bilməz. Mənim üçün heç bir fərqi yoxdur. Amma xalqın əleyhinə nəsə eləsə, vətəndaş kimi sözümü deyəcəyəm.

 

- Bəzi gürcü dostlarımız deyir ki, İvanişvili hakimiyyətə gəlməmiş bir neçə sənət adamına hər ay pul verirmiş. O adamların arasında sizin də olduğunuzu deyirlər. Bu doğrudurmu?

 

- (hirslənir) Başa düşmürəm, niyə hər şeyi belə təhrif eləyirlər?! İvanişvili bir milyonçu kimi təkcə mənə deyil, bir çox sənət adamlarına təqaüd ayırmışdı. O vaxt İvanişvili hələ siyasətlə məşğul olmurdu. Mənə təqaüd ayrıldığını biləndə, etiraz elədim. Amma köməkçisi mənə dedi ki, Vaxtanq Konstantinoviç, Siz bu təqaüddən imtina eləsəniz, İvanişvli məni işdən çıxaracaq. Razılaşdım. Amma o siyasətə gələn kimi mən həmin təqaüddən imtina eləmişəm. Bunu niyə deməyiblər?

 

- Vaxtanq Konstantinoviç, Rusiyada hələ də persona non-qratasınız?

 

- Bilmirəm. Bu mənə maraqlı da deyil. Özümün prinsipim budur ki, Rusiya Gürcüstana qarşı öz təzyiqlərini bitirməyincə mən o ölkəyə ayağımı basmayacağam. Əslində, hərdən Rusiyadan mənə məktublar gəlir. Sadə vətəndaşlardan. Yazırlar ki, axı biz sizi sevirik. Başa düşürəm ki, bu da bir növ siyasi gedişlərdi. Mən buna getmərəm. Müharibə başlayan ərəfədə mənə «Drujba» ordeni vermək istəyirdilər. Mən o ordeni qəbul eləsəydim, əclafın yekəsi olardım...

 

- Heç düşünmüsünüz ki, məsələn, rus tankları Bakıya girəndə niyə Müslüm Maqomayev də Sizin kimi eləmədi?

 

- İnsanları ittiham eləməkdən xoşum gəlmir. Yəqin ki, onun da öz səbəbləri olub. Bəlkə də elə o haqlıdı. Bəlkə də kimsə hesab eləyir ki, heç mən də o adımı atmamalı idim. Bəlkə də düz fikirləşir. Amma mən doğru, lazım bildiyimi eləmişəm.

 

- Vicdanınızla tez-tez söhbət edirsiniz?

 

- Hə. Çox vaxt da elə bu məsələni düşünürəm. Axı mən o bəyanatı verəndən sonra uzun müddət pulsuz-parasız qaldım. Həmişə yaxşı, rifah içində yaşamağa öyrəşmiş adam – birdən-birə heç nəsiz qalası oldum. O vaxt nəvəm xaricdə oxuyurdu, onun təhsili, xərcliyi üçün göndərməyə pul tapmırdım. Qəpik-qəpik yığırdım ki, uşaq orda qıtlıq çəkməsin. Hərdən düşünürəm ki, ailəmi belə sınaq qarşısında qoymaqla düzmü elədim? Həmişə də cavabım eyni olur: Hə! Çünki doğru bildiyin şeyə görə nə qədər çox şeydən imtina eləyirsən elə, nəticədə əvəzsiz bir şey qazanırsan: Özünə hörmət eləməyi. Mən də indi özümə hörmət eləyirəm.

 

- Oxumadığınız mahnı, oynamadığınız rol və borcunuz qalıbmı?

 

- Mahnı məsələsi asandı – oxumaq istədiyim sözləri yazan şairi tapmayanda, özüm də yaza bilirəm. Bir dəfə bir şüşə araq götürüb, otağa qapandım və oradan beş şeirlə çıxdım. İndi də hərdən eləyirəm, özüm yazıram, oxuyuram. Rol məsələsi isə çətindi. İçimdə bir nisgil var: mənə Hacı Muradın rolunu təklif eləmişdilər. Həvəslə, sevgi ilə razılaşmışdım. O vaxt həm yaşım uyğun idi, özüm də o şəxsiyyətə çox hörmət eləyirəm. Amma nəsə alınmadı. O rolun nisgili ürəyimdə qaldı. O ki qaldı borca, maddi borcum şükür ki, qalmayıb. Yaxınlarım, ailəm, dostlarım və ən başlıcası vətən qarşısındakı borcum var ki, onları da hər gün ödəməyə çalışıram. Çünki bu bitən bir borc deyil.

 

- Vaxtanq Konstantinoviç, yaradıcı adamın uğurunun sirri nədədir?

 

- Bilmirəm. Yaradıcı adamın uğur qazanması məsələsi çox qəliz, resepti olmayan bir şeydir. Bu uğuru nə vaxt, nə ilə qazana biləcəyini heç nə ilə bilə bilməzsən. Rəssamlar olub ki, sağlıqlarında acından ölüblər, indi onları bütün dünya tanıyır, əsərlərinə milyon qiymət qoyulur. Yazıçılar da həmçinin. Bəzilərinin də bəxti gətirir. Sağlığında öz uğurunun bəhrəsini görür. Tale elə gətirdi ki, mən də belələrindən oldum. Səbəbini isə bilmirəm.

 

- Azərbaycan barədə nə deyə bilərsiniz?

 

- Bakını sevirəm. Dəfələrlə olmuşam – çox gözəl şəhərdi. Çoxlu azərbaycanlı dostlarım var. Yanvarda Bakıda konsertim nəzərdə tutulub. Şüşbərənizi də çox sevirəm.

 

- Nəyimizi?

 

- Şüşbərə...o xəmirli şoranın adı şüşbərə deyil?

 

- Yox, düşbərədi.

 

- (gülür) Hə, hə, düşbərə. Çox dadlı şorbadı.

 

Tiflis, Gürcüstan

# 2826
avatar

Günel Mövlud

Oxşar yazılar