3290
writer1

Əflatun Amaşov

Məqalə sayı

9
18:15 04 Dekabr 2012

20 yaşlı, ağ saçlı...

Yəqin razılaşarsınız ki, yaxın dostlar barədə danışmaq, yazmaq çox çətindir. Sizləri deyə bilmərəm, mən düşüncələrimin səmimi təsir bağışlamayacağını ağlıma gətirdiyimdəndir, ya nədəndir, xeyli ehtiyatlanıram. Bu yerdə yaradıcılığı ilə rus klassizminin zirvəsində dayanmış Derjavinin bir kəlamını da xatırlayıram. Dahi mütəfəkkirin fikrincə, dostluq xidmət deyil və ona görə təşəkkür etmirlər. Bizlər ya bunu oxumuşuq, ya da elə oxumamış da daxilən düşüncələrimizə hakim kəsilən əqidə budur. Yəqin elə buna görə də deyəcəklərimizin təşəkkürə, təqdirə oxşamasından qorxuruq. Görünür, həm də böyük Derjavinin təsiridir ki, təbiətən bizlərlə birgə olanları sözdə dəyərləndirmək, xarakterizə etmək adətimiz yoxdur. Zənnimcə, bu məsələdə izah müstəvisinə gətirilməsi müşkül başqa nələrsə də var. Amma bu gün dostum, hamımızın Umud Rəhimoğlu kimi tanıdığı Umud Mirzəyev haqqında yazıram və inanıram ki, indi deyəcəklərimi oxuyarkən yuxarıda bildirdiklərimi əsas tutub məni dostluğa sadiq qalmamaqda günahlandırmayacaqlar. Xahiş edirəm, nəzərə alasınız: dostum haqqındakı ən yaxşı duyğularımı yazıya köçürməyəcək, ürəyimdə saxlayacaq qədər qısqancam. Yəqin həm əsl dost olduğumdandır, həm də düşünürəm ki, böyük Norveç dramaturqu Henrix İbsenin təbirincə desəm, sadiq dost üçün heç vaxt çox şey etmək olmur. Məncə, çox yazmaq da həmçinin.

Umud Rəhimoğlu hamının dostudur və yazımın sonunda bu məqama qayıdacam. Amma bəribaşdan deyim ki, qələmə aldıqlarım birbaşa Umudla bağlı deyil. Bir məsələ də var ki, bildirməliyəm: bu gün özünün 20 illiyini qeyd edən Beynəlxalq Avrasiya Mətbuat Fondundan danışıramsa, istər-istəməz göz önünə gələn odur - ağ saçlı oğlan. Telefonu götürüb zəng edirəm - ay Umud, hardasan? Bakıda deyil. Hətta hansı sözümdənsə inciyib telefonu gec götürəndə də bilirəm, ya Tərtərdə, ya Ağstafada, ya da doğulub boya-başa çatdığı Füzulidədir. Fəaliyyət dairəsi bu rayonlarla məhdudlaşmır ha. Sadəcə söhbətimin məğzini 20 yaşına çatmış BAMF-dan salarkən üç bölgəni vurğulamalıyam. Çünki ölkəmizdə fəaliyyət intensivliyinə görə fərqlənən yubilyar qurumun regional ofisləri məhz adlarını çəkdiyim rayonlarımızdadır.

1992-ci ildə yaranmış BAMF əslində təkcə media qurumu deyil. O, heç vaxt bir yerdə qərar tutmayan, qurmaq-yaratmaq arzusundan daşınmayan, yorulmaq bilməyən Umudun beyin mərkəzidir, ideyalarını gerçəkləşdirmək vasitəsidir. İdeyalar isə zəngindir və bu palitra özünü BAMF-ın çoxşaxəli, haradasa mürəkkəb görünə biləcək fəaliyyət dairəsində göstərir. İnanıram ki, ötən 20 ilin ən böyük nailiyyəti mürəkkəbliyin doğurduğu çətinliklər mərhələsinin geridə qalmasıdır. 2012-ci ilin BAMF-ı artıq oturuşmuş struktura malik təşkilatdır və onun mütəhərrikliyi BMT kimi nüfuzlu qurumun İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü kimi çalışmasına da, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, xarici ölkə səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa da, habelə respublikamızın cəbhəyanı məntəqələrinə baş çəkməyə, oradakı insanların vəziyyəti, yaşayış səviyyəsi ilə maraqlanmağa da eyni dərəcədə imkan verir.

BAMF-ın saytından oxuyuram - beynəlxalq təşkilatlara üzvlüyü quruma fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı, həm də müvafiq səlahiyyətlər qazandırır. Həmin səlahyyətləri bir-bir sadalamaq niyyətində deyiləm. Yalnız onu deyim ki, Umud onların verdiyi hər imkan və fürsəti Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın işğalı, bir milyona yaxın soydaşımızın dədə-baba yurdlarından didərgin salınması faktını dünyaya çatdırmaq üçün yetərincə dəyərləndirir. Bir qədər də konkret deyim: BAMF Avropa Şurasının Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Proqramının (ECRE) üzvüdür. ECRE-yə üzvlük quruma qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində Avropa təcrübəsindən bəhrələnmək, sözügedən nüfuzlu beynəlxalq təşkilatın iclaslarının iştirakçısı olmaq imkanı qazandırır. Budur, istək və məramın real işlərlə vəhdəti. Zənnimcə, məsələyə məhz mövcud kontekstdən yanaşsaq, Fond ölkəmizin qeyri-hökumət təşkilatları içərisində bənzərsiz və təkrarsız nümunədir.

Güman edirəm ki, BAMF-ın ictimai sektordakı fəaliyyət dairəsinin ölkəmizdə çoxlarına bəlli olan istiqamətlərinin müəyyən qismini sadalaya bildim. Ancaq bu barədə ətraflı danışmağı hədəfləmirəm. Əslində deyilməlilərin hamısını bir yazıya yerləşdirmək mümkünsüzdür. Ötən 20 ilin gərgin əməyi nəticəsində ortaya qoyulanlar heç cild-cild kitablara da sığışdırılası deyil. Sadəcə söylədiklərimlə BAMF-ın iş prinsipindəki Azərbaycançılığa xidmət qayəsinin bir tərəfinə aydınlıq gətirməyə çalışdım.

İkinci, vacib məqam isə mediadır. Təsəvvürə gətirək: 1992-ci il, SSRİ-nin dağılmasından sonra yenicə müstəqilliyini əldə etmiş ölkə, saysız-hesabsız daxili çətinliklər, torpaqların ard-arda işğalı, dünyadan sanki təcrid olunmuş vəziyyət… və Beynəlxalq Avrasiya Mətbuat Fondu. Ümumən təşkilatın fəaliyyətinin ilk çağları ilə respublikadakı durum arasında paralellər aparanda görürsən ki, Umudun ad seçimi uğurlu, ən əsası həssasdır. O, içindəki təlatümü lazımsız eyforiya burulğanında boğulmaqdan qurtaranlardan, arzularının açarını konkret fəaliyyət müstəvisində görənlərdən, ən əsası dünyadakı prosesləri zamanında duyanlardandır. Umud lap başlanğıcdan medianın gücünə qiymət və dəyər verib, işini prinsipial meyarlara uyğun qurub, adında məhz «mətbuat» sözü olan təşkilat yaradıb. Düşünürəm ki, lazımi anda özünü göstərən bu bacarıq və qabiliyyət, ideyaları gerçəkləşdirmək əzmi hamıda ola bilməz. Necə ki, mətbuatsız, azad sözsüz Azərbaycan adlı məmləkətin üzləşdiyi ədalətsizlikləri, bəlaları dünyaya çatdırmaq mümkünləşə bilməzdi.

Umud mümkünsüzləri mümkünə çevirənlərdəndir və indinin özündə də dəst-xəttinə sadiqdir. Baxın, BAMF-ın əməkdaşlıq etdiyi media qurumları içərisində Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar kimi nüfuzlu jurnalist birlikləri var. Bu təşkilatların dünyada ictimai fikrin formalaşmasındakı rolu barədə xeyli söz açmaq olar. Onu da deyim ki, bir çoxunun təbiətinə özünə lazım olan, siyasi məqsədlərə hesablanmış işi görmək üçün planetin müxtəlif yerlərində özəklər qurmaq mahiyyəti hakimdir. Umudun məharəti isə ondadır ki, BAMF həmin təşkilatların bir çoxuna onların ölkəmizdə «əməkdaş» axtarmağa başlamasından öncə əməkdaşlıq əlini uzadıb. Boşluğun təsadüfi simalar hesabına doldurulmasının qarşısını alıb. Ötən 20 ildə bizlərə lazım olanların, eşidilməsi bir toplum olaraq mənafelərimizə uyğun gələnlərin sözügedən qurumların mötəbər tribunalarından səslənməsini gerçəkləşdirib.

ABŞ prezidenti olmuş, görkəmli ictimai-siyasi xadim Avraam Linkolnun fikridir: yaxşı dostum oxumadığım kitabı mənə verəndir. Dahi Maksim Qorki isə deyirdi ki, həyatdakı ən böyük sevinc insanlara lazım və yaxın olduğunu hiss etməkdir. Düşünürəm ki, BAMF-ın, qurumun tanınmış jurnalist Rey Kərimoğludan tutmuş, ona ekzotik görkəm verən Nik Nvolisayadək, hər bir əməkdaşının, ən əsası şair təbiətli (özünü yaxşı aparsa, şairliyindən də yazacam) Umud Rəhimoğlunun özünün geridəki 20 ildə ölkəmizə obrazlı desəm, verdiyi oxunmamış kitabların sayı sevinc hissi yaşamağa imkan və haqq verir. Buna görə də əvvəldə qeyd etdiyim məqama qayıdaraq deyirəm ki, həm 20 yaşlı BAMF, həm də onun ağ saçlı oğlanı bütövlükdə Azərbaycan ictimaiyyətinin yaxın dostu olmağı bacarıb. İnsanlara lazım və yaxın olmağı bacarmaq hamının işi də deyil. Ən böyük sevinclərini yaşayan dostlarım, yubileyiniz mübarək!