2149
writer1

Adil Mirseyid

Məqalə sayı

6
18:51 15 Noyabr 2012

Çaypur səfəri

Ötən əsrin 60-cı illərində SSRİ xalq rəssamı Mikayıl Abdullayev Hindistana yaradıcılıq səfərində olmuşdu. Rəssam Racəstan silsiləsindən onlarla tablo yaratmışdı. 1991-ci ildə ustadın emalatxanasındakı maraqlı söhbətimizi xatırlayıram, - o görüşdə biz rəssamın İtaliya və Hindistan səfərlərindən danışmamışdıq, o - axşamın rəngini yaxşı xatırlayıram, 70 yaşlı ustadın səsini də
unutmamışam. O görüşdən sonra “Mikayıl Abdullayevin bənövşə rəngli axşamları” adlı bir məqalə yazıb çap etdirmişdim.

“Racəstan qadınları” adlı süjetli tablo İncəsənət muzeyində nümayiş etdirilir, yolunuz İncəsənət muzeyinə düşsə, Mikayıl Abdullayevin yaratdığı tabloları bir daha seyr edin, bu tabloların sizinlə həmsöhbət olacağına ürəkdən inanıram.
Yeri gəlmişkən, Mikayıl müəllim Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatıdır.

Racəstanın paytaxtı Caypur maharacalar və şairlər şəhəridir. Bu əfsanəvi şəhərə çəhrayı şəhər də deyirlər. Şəhər Böyük moğolların istilasına məruz qalmasa da burda hər addımda islam memarlığı ünsürləri ilə qarşılaşmaq mümkündür.
Binaların sütunları, qapıları və pəncərələri mavritan memarlıq üslubuna çox yaxındır.

Çəhrayı şəhərin bünövrəsi 1727-ci ildə Savay Çay Sinqh tərəfindən qoyulub. Şəhər onun adıyla Çaypur adlanır. Racəstan hökmdarı Savay Çay Sinqh riyaziyyat və astronomiya elmlərinə vaqif idi. Hökmdarın cilovsuz fantaziyasını qanıtlayan Çaypur şəhəri Hindistanda qədim hind memarlıq traktatı “Şilpaşastra”
prinsipi ilə salınmış ilk şəhərdir. Şəhər planlı surətdə tikilib, paralel küçələr, əks istiqamətdə axan başqa paralel küçələrlə kəsişir. Şəhər doqquz dördbucaq şəklindədir, bu da mərkəzi Meru dağı olmamaqla hind kosmologiyasına uyğundur. Hind kosmoqonik miflərinə istinadən deyək ki, Meru dağı müqəddəs məkandır,
Tanrı Şiva bu dağda yaşayıb.

Tanrı Şiva Himalay dağlarının ən uca zirvəsində qərar tutub dərin
meditasiyaya dalmışdı. Şiva uzun sürən meditasiyada ikən digər tanrılar ölümsüzlük nektarı axtarırdılar. Tanrıların cəhdləri səmərəsiz qalmadı, onlar ölümsüzlük nektarı tapdılar.

Bildiyimiz kimi, dünya təzadlar üzərində dövran edir – qaranlıq-işığı, gecə gündüzü əvəzləyir, sevinclə kədər, xeyirlə şər qoşa addımlayırlar.

Təbiət heç nəyi bizə əvəzsiz bəxş etmir, təbiətin bizə verdiyi hər şeyin bədəlini ödəməliyik. Bu məsələdə hind tanrıları belə istisnalıq hüququndan məhrumdurlar. Tanrılar ölümsüzlük nektarına sahib oldular, amma okean qəzəbləndi, nəhəng dalğalar şaha qalxdı, (tanrılar ölümsüzlük nektarını okeandan çıxarmışdılar) okean ətrafa zəhər püskürdü.

Şiva tanrıların başına gələ biləcək bəlanı öncədən hiss etdi və meditasiyadan çıxdı, tanrıları qorumaq üçün özü zəhər içdi. Şiva susuzluqdan və ağrıdan gömgöy göyərmişdi. Şiva üç dişli nizəsini torpağa sancdı, bir anda saf sulu üç bulaq çağladı, sonra üç bulağın çağladığı yerdə Qosankund gölü – “müqəddəs göl” əmələ
gəldi...

Hər il iyun ayının ortasından avqust ayının ortasına qədər minlərlə zəvvar Bədirlənmiş Ay doğanda bu müqəddəs məkana axışırlar. Şivaya dualar oxuyurlar...

***

Mikayıl Abdullayev deyərdi ki, Racəstan qadınları al-əlvan sarilər geyinirlər. Dünyanın heç bir yerində bu qədər rəngarəng əlbisəli qadınlara rast gəlməzsiniz. Günəşdə yanıb qaralmış Racəstan qadınları qaraçı qadınlarına oxşayırlar. Onlar böyük həvəslə natura olmağa razılaşırdılar. Yadımdadı, ustad Küləklər Sarayı, Hava-Mahal haqqında danışırdı. Ümumiyyətlə, ustad çox maraqlı həmsöhbət idi.
Söhbət əsnasında klassik şairlərimizin şeirlərindən misallar gətirirdi...

Yeddi-səkkiz il əvvəl Bakının mərkəzində, Xəqani küçəsində bir hind kafesi vardı. Kafe muzey kimiydi, divarlarda hind miniatürləri və süjetli rəsmlər asılmışdı, ornamentlərlə, arqamentlərlə bəzədilmiş məişət əşyaları, hətta soyuq silahlar vardı.

Bir dəfə o kafedə cavan bir hindli zorla mənə bir şeylər satmaq istəyirdi, onun çantasında əlli cür xırdavat vardı, bizim dilimizi yaxşı bilirdi, gərək o zaman o hindli oğlandan heç olmasa bir təsbeh alaydım...

İndi həmin kafeni Türkiyədən gəlmiş arxadaşlarımız işlədir, mən üç-dörd dəfə o kafedə türk qəhvəsi içmək istəmişəm, amma etiraf edim ki, arxadaşların qəhvəsi pək xoşuma gəlməyib. Nə isə...

Bu günlərdə orada hələ də Hindistanı xatırladan əşyaları görəndə
təəccüblənmədim desəm, yalan olar.

Hava – Mahal dünyanın ən qəribə saraylarından biridir. Belə bir saray yalnız şair xəyalı ola bilərdi, maharaca Savay Sinqh şair idi.

Maharaca bu sarayı 1799-cu ildə, Çaypur şəhərinin mərkəzində qırmızı qumdan tikdirib.

Bu gün sarayda heç kim yaşamır desəm, əsla təəccüblənməyin, ümumiyyətlə, bu sarayda heç vaxt, heç kim yaşamayıb. Sarayın pəncərəsindən musiqi səsi eşidilməyib, Hindistanı musiqisiz təsəvvür etmək, yumşaq desək, sadəlövhlükdür.
Hava-Mahal fantasmaqorik dekorasiyadan başqa bir şey deyil. Çaypur böyük bir teatr səhnəsini xatırladır. Çaypur şairlər və maharacalar şəhəridir.

1875-ci ildə İngiltərə kraliçası Viktoriyanın oğlu, Uels şahzadəsi Albert Çaypura təşrif buyuranda şəhərin bütün binalarının fasadlarını çəhrayı rəngə boyamışdılar - bunu da mənə Mikayıl Abdullayev demişdi...