Bakıda yol polisi ilə sürücü arasında daha bir İNSİDENT  - VİDEO
22 sentyabr 2022 10:30 (UTC +04:00)

Bakıda yol polisi ilə sürücü arasında daha bir İNSİDENT - VİDEO

Bakıda Yol Patrul Xidməti əməkdaşı ilə sürücü arasında daha bir insident yaşanıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə yol polisinin sürücüyə təzyiq göstərdiyi, sürücünün isə polisin əmrinə tabe olmadığı əks olunub.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, görüntülərdə tabe olmayan sürücü əvvəl həbs edilsə də, sonra onunla bağlı qərar dəyişilib və cəza cərimə ilə əvəzlənib:

"Sürücü taksi fəaliyyəti ilə məşğul olub. Avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah edilib. Bildirilib ki, bu halda İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin tələbinə görə avtomobil duracağa qoyulmalıdır. Sürücü əvvəl razılığını bildirib, daha sonra isə avtomobilə əyləşərək, qapıları bağlayıb həmin yerdən uzaqlaşmağa çalışıb. Bu zaman videodan da göründüyü kimi polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır. Şəxs aidiyyəti üzrə ərazi polis bölməsinə təhvil verilib.

Nizami rayon məhkəməsinin qərarı ilə həmin sürücüyə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs cəzası verilib. Daha sonra isə həmin sürücü himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apelyasiya şikayəti verib və cəza növü cərimə ilə dəyişdirilib. Lakin qərar qüvvədə saxlanılıb. Polis qanuna tabe olmayan şəxsin özbaşınalığına hüquqi qiymət verərkən çətin anlar yaşanıla bilər. Lakin hər hansısa çəkiliş və ya digər bu tip video materiallara görə öz işinə qarşı qətiyyətli münasibətini dəyişməməlidir. Hərə əlinə bir telefon götürüb video çəkməklə polisin işinə müdaxilə edib nizam-intizama təsir etdiyini düşünürsə yanılır. Belə əməllərdənsə, qanunların tələbini vaxtında icra edib vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik".

Lent.az yayılan görüntüləri təqdim edir:

# 9120
avatar

Mehman Nəbiyev

Oxşar yazılar