Prokuror bacısı, cinayətkar qardaşoğlu, 50 il orqanda - UNUDULAN MƏMURLAR
29 noyabr 2021 20:15 (UTC +04:00)

Prokuror bacısı, cinayətkar qardaşoğlu, 50 il orqanda - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq ədliyyə naziri Südabə Həsənovadan bəhs edəcəyik.

Südabə Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib.

Südabə Həsənova Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi, Kirov (indiki Binəqədi) rayon məhkəməsinin hakimi, 1980-cı ilin noyabrında Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifələrində çalışıb. 1987-ci ildən ədliyyə nazirinin 1-ci müavini vəzifəsini icra edən Südabə Həsənova 1998-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının  sədri seçilib. Ədliyyə Nazirliyinə rəhbərlik etdiyi dövrdə “Qanunçuluq” jurnalının və “Normativ hüquqi aktlar” bülleteninin baş redaktoru olub.

1995–1998-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsini icra etmişdir.

O, Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan Dövlət komissiyasının üzvü olub.

18 aprel 2000-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib və Ali Məhkəmə  bülleteninin baş redaktoru olub. 2005-ci ilin 19 aprelindən sədr vəzifəsindən azad edilib və Ali Məhkəmənin hakimi kimi saxlanılıb.

S.Həsənova vəzifədə olarkən zaman-zaman verdiyi açıqlamalar və yaxınlarının adı ətrafında qalmaqallarla mətbuatın diqqət mərkəzində olub.

Nazir olarkən “demokratiyanı beşikdə boğmaq lazımdır” sözləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. S.Həsənova qardaşı oğlu Yalçın Həsənovun cinayət əməlləri ilə də yaddaşlarda qalıb. Belə ki, sabiq nazirin qardaşı oğlunun adı narkotik ticarətində hallanıb. 2010-ci ildə Y.Həsənov "Ekstazi işi"ndə təqsirli bilinərək həbs edilmişdi. 

Sabiq nazirin qardaşı Rəşid Həsənov uzun müddət Əzizbəyov rayonunda (indiki Xəzər) prokuror işləyib. Onun bacısı oğlu Abbas Sultan oğlu Xəlilov da hazırda Azərbaycan ordusunun general-leytenantıdır.

Xanım Həsənova ömrünün 50 ilini hüquq-mühafizə orqanına həsr edib. Sabiq nazirə 1995-ci ildə III, 1998-ci ildə isə II dərəcəli Dövlət ədliyyə müşaviri rütbələri verilib.

Daha sonra isə Ədliyyə və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 3 fevral 2017-ci ildə “Əməkdar hüquqşünqas” fəxri adını alıb.

# 27648
avatar

Aytəkin Cəlali

Oxşar yazılar