Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 1, 23, 30 aprel, 20 may və 13 iyun tarixlərdə 89 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 941 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
DQMK-dan Lent.az-a verilən məlumata görə, 1, 23 və 30 aprel tarixlərdə elan edilmiş müsabiqələr üzrə artıq qeydiyyat başa çatıb, 20 may və 13 iyun tarixlərdə elan edilmiş müsabiqələr üzrə isə qeydiyyat müvafiq olaraq 18 iyun və 14 iyul tarixlərə kimi davam edəcək. Müsabiqələrdə iştirak etmək üçün komissiyada indiyə kimi 6362 namizəd qeydə alınıb.
Komissiyadan bildirilib ki, 17 iyun tarixinədək 4132 namizədlə müsabiqənin test imtahanı mərhələsi keçirilib. Onlardan 1302 nəfəri imtahanda iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 2830 namizəddən 913-ü qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 338 nəfəri 5-ci, 357 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 218 nəfər isə 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. Müsabiqənin test imtahanı mərhələsi 21 dövlət orqanı üzrə başa çatıb.