Vilyamın arvadının babasının pulları -  SƏBUHİ MƏMMƏDLİ YAZIR
27 may 2022 18:00 (UTC +04:00)

Vilyamın arvadının babasının pulları - SƏBUHİ MƏMMƏDLİ YAZIR

Düzünü desəm, məhkəmə oçerkləri oxumağı sevmirəm. Mənim üçün əsas məhkəmənin nəticəsidir. Amma onu da etiraf edim ki, son aylar balaca Nərminin qətli ilə bağlı əksər məhkəmə reportajlarına göz atıram. Çünki hələ Nərminin qətl xəbəri yayılandan sonra İlkin Süleymanovun ətrafında baş verənlərlə bağlı məqamlar ürəyimin dərinliyində ciddi şübhələr yaratmışdı. Və hər məhkəmə prosesindən sonra bu şübhələr deyəsən özünü doğrulmaqdadır.

Hə, o bir də İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin məhkəməsi. Hər gün şaşırdır adamı şahidlərin məhkəmədə dedikləri.

Maraqlı ifadələr verirlər. Məsələn, İmişli rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev məhkəmədə deyir ki, Vilyam Hacıyev vəzifəyə təyin olunandan həbs olunana qədər ona 4 milyondan çox qanunsuz yolla toplanan vəsait təqdim edib:

”2020-ci ildə rayon icra hakimiyyəti inzibati binasının tikintisi üçün 3 milyon manat ayrılmışdı, 3 ayın içində yox oldu”.

Başqa adamların verdikləri ifadələrə diqqət edək:

- Vilyam Hacıyev Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyinatı üçün 70 min manat, Olimpiya Mərkəzinə direktor təyinatı üçün isə 10 min manat pul alıb;

- Dəfələrlə başçının özünə də deyirdim ki, növbədə dayanan adamlar var, onların hüququ pozulur. Cavabı da belə olurdu ki, mən deyirəmsə, edilməlidir. Mənzillərin satış qiymətləri isə otaq sayına görə dəyişirdi. Məsələn, yadımdadır ki, 2 otaqlı mənzilə görə 10 min manat, 3 otaqlıya görə 18 min manat alınırdı;

- Bir nəfərə 70-80 min manata torpaq sahəsi satılmışdı; 

- 2012-ci ildə rayon kəndlərinin birində məktəb tikintisi aparırdıq. Həmin vaxt Vilyam Hacıyev icra başçısı təyin olundu. Üstündən bir qədər keçəndən sonra İcra Hakimiyyətindən ismarış gəldi ki, işləri dayandır. İcra başçının köməkçisi ilə danışdıqdan sonra razılaşdıq ki, tikinti üçün ayrılan 900 min vəsaitin 20 faizini onlara verim. Sonradan Cəfərli məktəbinin tikintisini də bizə həvalə etdilər. Eyni qaydada buradan da ayrılan 1 milyon 600 min manatın 184 min manatını rüşvət kimi verdim;

-  Şahid cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Dost İş Mərkəzi ilə bağlı epizod üzrə danışıb. O deyib ki, sözügedən mərkəzdə hər ay 140 nəfərin əməkhaqqı Vilyam Hacıyevə çatıb. Ümumilikdə 107 min 900 manat təşkil edən həmin vəsait baş mühasib Cəmil Musayevin əli ilə icra başçısına çatıb;

- Şahid cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Dost İş Mərkəzi ilə bağlı epizod üzrə danışıb. O deyib ki, sözügedən mərkəzdə hər ay 140 nəfərin əməkhaqqı Vilyam Hacıyevə çatıb: “Həmin pulları banklardan mənim tanışlarım çıxarırdılar. Ümumilikdə 107 min 900 manat təşkil edən həmin vəsait baş mühasib Cəmil Musayevin əli ilə icra başçısına çatıb”.

- Şahid Xəyyam Məmmədovun sözlərinə görə, İmişli RİH-nə sosial vəziyyətinin aşağı olması səbəbindən müraciət edib: "Mənə maliyyə şöbəsində 7 min manat pula qol çəkdirdilər. Mən də həmin pulu bankdan çıxarıb, 200 manatı özümə götürüb, qalanını isə onlara qaytardım;

- Atam xəstə olduğuna görə icra hakimiyyətinə maddi yardım kimi müraciət etdim. Orada da mənə baş mühasib Cəlil Musayev dedi ki, adıma 6 min 800 manat pul yazılacaq, lakin ondan cəmi 1000 manat kömək olunacaq. Mən də pulun hamısını çıxartdım. Sonra 1000 manatı özümə götürüb, qalanını isə Cəmilə verdim;

- Rayonun mədəniyyət şöbəsinin müdiri Nazim Əzimov da ifadə verib. O deyib ki, Vilyam Hacıyevə ümumilikdə 31 min 276 manat pul verib;

Bu gün baş tutan məhkəmədə təkcə şahidlər danışmadı, təkcə onlar həmişəki kimi necə deyərlər, şok ifadələr vermədilər. Bu dəfə Vilyam Hacıyev də hamını şoka saldı:
“Prosesdə dövlət ittihamçısı bildirib ki, axtarışlar zamanı Vilyam Hacıyevin Bakıdakı mənzilindən 2 milyon 500 min dollar, 1 milyon avro, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı isə icra başçısının cibindən 2550 manat, otaqdan isə 10 min manat aşkar edilib.
Vilyam Hacıyev həmin pulların rüşvətlə əldə edilmədiyini bildirib.

“Həmin pullar barədə tam açıqlama verirəm. O pullar rüşvətlə əldə edilməyib. Həmin vəsaitlər mənim həyat yoldaşımın babasından və qohumlarından miras qalıb. Cibimdə isə maaş və aldığım mükafat pulu idi. Heç biri rüşvət deyil”.

Məncə bəsdir, bu rəqəmlərlə - rəqəmlər ha - sizi yormayım. Görürsünüzmü necə fərasətli baba varmış. Hə, babadır, amma mafiya babası. İmişlini elə reket, mafiya qanunları ilə idarə olunmasının nəticəsində yığılıb o pullar? 
Amma keçmiş başçı başqa şeylər axtarıb tapmalıydı. Düzdür, fantaziyası Şekspirdən geri qalmır, amma  özünü yandırdı.

Baba?

Nə baba, hansı baba? 

# 7191
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar