Türkiyədə sevilən həkim-bəstəkar  fəxri professor   oldu
03 fevral 2023 15:25 (UTC +04:00)

Türkiyədə sevilən həkim-bəstəkar fəxri professor oldu

Tanınmış şair-bəstəkar və həkim Şahin Musaoğlu türk dünyası mədəniyyətinə göstərdiyi böyük xidmətlərə və Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin inkişafındakı fəaliyyətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Fəxri professor adına layiq görülüb. 
 
Lent.az-ın məlumatına görə, Şahin Musaoğlu  Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm” mükafatı laueratıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvüdür.

Şahin Musaoğlunun vətənpərvərlik motivli geniş spektrli yaradıcılığı qardaş Türkiyədə də böyük maraqla izlənilir və sevilir.
 
Xatırladaq ki, Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1980-1986-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda təhsili alıb.
 
Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır. 1992-ci ildə, görkəmli bəstəkar Cavanşir Quliyevin məşhur "Əsgər marşı"ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı - "İgid Əsgər, Möhkəm Dayan!" ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş "Qərib Karvan" , Milli Ordunun ilk batalyonu haqda yazılan "Birinci Batalyon", "Cənab Leytenant" və s. bu kimi bir-birinin ardınca bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş. Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirir. 

Sözləri böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus "Bay yurdum", həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı "Bismillah", yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeri əsasında bəstələdiyi "Yalquzaq" Rüstəm Behrudinin məşhur "Salam, dar ağacı" şeirinin sözlərinə bəstələdiyi eyni adlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verib.
 
Hazırda "Med Servis” özəl tibb mərkəzində poliklinika müdiri vəzifəsində çalışır.

# 1890
avatar

Oxşar yazılar