Şeyxin qudasının Kəbə sevdası - Nə hacı, hansı hacı?
02 iyun 2022 13:27 (UTC +04:00)

Şeyxin qudasının Kəbə sevdası - Nə hacı, hansı hacı?

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə 33-cü dəfə Həccə getmək istəyib, amma buraxılmayıb. Hacı Qalib neçə dəfə kiçik Ümrə ziyarəti edib, sayını hesabını özü də bilmir. Müsahibələrindən birində dediyinə görə, gün olub ki, Məkkəyə səhər gedib, axşam qayıdıb. Hətta 2015-ci ildə Kəbə evinin içində olmağı da Allah ona nəsib edib. Amma bu dəfə yaşı 65-dən yuxarı olduğu üçün pandemiya şərtləri Hacı Qalibin qarşısını kəsib. Bununla belə  o, Ümrə ziyarətinə  gedəcəyini bildirib. 

Hacını Kəbəyə bu qədər  sıxlıqla dartan səbəb nədir bilmirəm, atdığı daşlarmı şeytana dəymir, ölkəmizin hər fərdi üçün ayrı-ayrılıqda dualarmı edir? Ölkədə bir hacının (lap hacı statusu olmasa belə, insanlara fərqli gözlə baxan əsl insanın) köməyinə ehtiyacı olan yüzlərlə ailə var.  O qədər var ki, hətta efirə çıxıb yardım istəyirlər. Hacı Qalib onlardan birini qanadı altına alsa, Allah bəlkə də 10 qat həcc savabı yazar. Nə Allahın, nə Hacı Qalibin yerinə danışmaq istəmərəm. Yuxarıdakının nə verəcəyini, aşağıdakının da kimlərə nə verdiyini bilə bilmərəm.

Bəlkə, özü dediyi kimi, Allah çağırır o da gedir, ya Hacı elə Kəbə sevdalısıdır. Hər halda Hacı Qalib ərəb şeyxlərinin, kralların Kəbə ziyarəti üzrə rekordunu təzələyə bilməyəcək. Amma ölkəmizdə bu sahədə çempionluğu əldə edib.

Bir məşhur hekayəni yəqin çoxları  eşidib. Həccə getmək istəyən bir adam qonşuluqda aclıqdan əziyyət çəkən bir ailənin ehtiyaclarını qarşılamaq  üçün həcc ziyarətinə topladığı vəsaiti onlara sərf edir və Məkkəyə gedənlərin dəstəsinə qoşula bilmir. Zaman keçir Həcc ziyarətindən  qayıdan tanışları onun qapısına gəlib, hacı olması münasibətilə təbrik edirlər. Həmin şəxsi Həccdə Kəbə evinin qarşısında dua edərkən gördüklərini iddia edirlər. Bu hekayənin motivlərinə Tolstoyun yaradıcılığında da rast gəlmişik, dərviş ədəbiyyatında da. Məna odur ki, bir acı doydurmaq, bir möhtacı sevindirmək, bir yetimə sahib çıxmaq özü elə ən böyük ibadətdir. Məhəmməd peyğəmbər də “Qonşusu ackən tox yatan, bizdən deyil” demirdimi? Allahın evi əslində Kəbədə deyil, insanı niyyətində, amalında, qəlbindədir. Elə ona görə “Qəlb yıxmaq Kəbə evini yıxmaqdan ağır günahdı” demişdi Həzrəti Əli.

Zaman içində biz Allahın buyruqlarını dəyişə-dəyişə öz bildiyimizi oxumağa başladıq, Hacı adı daha dürüstük, iman simvolikası olmaqdan çox, var-dövlətin, şan-şöhrətin, nüfuzun təmsilçisinə çevrilməyə başladı. Elə günə qaldı ki,  bəzi həcilər silikonlu, “əldəqayırma müğənnilərin” sahiblərinə, hamilərinə, sponsorlarına çevrildilər, adları  onların  adları ilə qoşa çəkilməyə başladı. Hacılarımız çoxaldıqca dələduzlarımız da çoxaldı, başqalarının imanını istismar edib varlananlarımız da, hacıların hesabına ortaya çıxıb şöhrət olanlarımız da. Nə çox bərəkət varmış bu adda.

Bu yerdə yadıma bir baməzə əhvalat düşür. Dövlət qurumlarından birində adı Hacı olan bir nəfər  və onunla eyni otaqda “hacı” statusu almış iki kişi  işləyirmiş. Bir gün otaqlarının qapısı döyülür, gözəl bir xanım nazla soruşur: “ Hacı burdadır?”

Hacıların üçü də bir-birinə baxır, dindar hacılardan biri cavab verir. “Nə hacı, hansı hacı, bizdə hacı çoxdu, bacı”.

# 4932
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar