Saxta fəxri adlar:  kimlər və necə verir? - Lent.az araşdırdı
27 mart 2023 17:18 (UTC +04:00)

Saxta fəxri adlar: kimlər və necə verir? - Lent.az araşdırdı

“Biabırçılıqdır. Bunun başqa adı yoxdur. Sadəcə biabırçılıqdır”. 

Bunu Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza dedi Lent.az-ın əməkdaşına. Əslində bir qədər də təəccüblənmişdi. Özü şairdir axı. 145 janrda şeir yazan şairin varlığına təəccüblənmişdi. Həm də ona təəccüblənmişdi ki, sən demə, Azərbaycanda "Dünya Şairlər və Yazıçılar İttifaqı" adlı bir qurum var və bu qurum da hər il sağa-sola fəxri adlar paylayır. Bəlkə də özü təsis etdiyi hansısa fəxri adı kiməsə verməkdə ona heç kim irad bildirə bilməzdi. Amma xalq şairi, xalq yazıçısı, xalq artisti adı bax, bu, artıq başqa hoqqadır. 

Hə, təəccüblənməyin. Sən demə, nə az, nə çox 147 ölkənin şair və yazıçısını özündə birləşdirən belə bir qurum varmış. Və bu ölkələr arasında Azərbaycanda fəaliyyət göstərən - əslində şeir və hekayə yazmağa cəhd edən – şəxslər arasında da artıq neçə xalq şairi və ya yazıçısı adını almış insanlar var.

Adı gurultulu səslənən "Dünya Şairlər və Yazıçılar İttifaqı" Avstriyada yaranıb. Hə, təəccüblənməyin. Yaradıcısı da Qaraxan Yaqubov adlı bir nəfərdi. Qaraxan müəllim hər ilin sonunda müxtəlif insanlara müxtəlif adlar paylayır. 2022-ci ilin nominantları, Qaraxan müəllimin təbirincə desək, qalibləri isə bu adamlardır:

Qılıcova Mailə - xalq yazıçısı

Məhəbbət Məmmədov – xalq şairi 

Miraslan Bağırov - xalq şairi

Hacıbaba Mirzəyev - xalq yazıçısı

Elbrus Hüseynov - xalq aşığı 

Vüsal Ağəliyev - xalq artisti

Sən demə, İttifaq dünya ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xüsusi xidmətlərə görə öz üzvlərini və digər şəxsləri aşağıdakı adlarla təltif etmək hüququna malikdir.

İttifaqın üzvləri ştatlı, ştatdan kənar və fəxri üzvlər olaraq üç cür üzvlərə bölünür. Ştatlı üzvləri dedikdə təşkilatın işində tam olaraq iştirak edən şəxslər başa düşülür. Ştatdankənar üzvlər dedikdə yalnız yüksək üzvlük haqqı ödəməklə təşkilatın fəaliyyətinə dəstək olan şəxslərdir. Fikir verin, yüksək üzvlük haqqı. Sizcə, "Dünya Şairlər və Yazıçılar İttifaqı" kimi zırıltı adı olan bir qurumun qırmızı vəsiqəsini əldə etmək istəyən az sadəlövh imkanlı adam var?

"Dünya Şairlər və Yazıçılar İttifaqı" ilk dəfə 2 mart 2018- ci ildə Avstriyada rəsmi qeydiyyatdan keçib. İlk təsis qurultayında ittifaqının sədri  şair Qaraxan Əkbəroğlu Yaqubov seçilib. Şair Qaraxan Əkbəroğlu 1961- ci ildə Qərbi Azərbaycanın Hamamlı rayonunun Qursalı kəndində anadan olub. Sonra təhsilini Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində davam etdirib. Qaraxan Əkbəroğlu 2004-cü ildə bir beyin əməliyyatı zamanı klinik ölüm keçirdikdən sonra şeir də yazmağa başlamışdı. Onun 65 janrda seçilmiş şeirlər kitabı Nobel Sülh mükafatına təqdim edilib. Şair Qaraxan Əkbər oğlu bu günə kim 116 janrda 8 şeir kitabı və bir roman yazıb. O, şeiriyyata xalq ədəbiyyatında və ədəbiyyatda olmayan 52 yeni janrda şeirləri ilə gündəmə gəlmişdi. 

Əslində Azərbaycan ədəbiyyatında şeirin bir neçə janrı olduğunu orta məktəb şagirdi də bilir. Amma sən demə, Qaraxan müəllim özü təkcə 52 janr “icad” edibmiş.

Qaraxan Əkbəroğlu həm də 6 dildə sərbəst danışırmış. Elə buna görə də onu Dünya Şairlər və Yazıçılar İttifaqına yekdilliklə sədr seçiblər. 

Hə, İttifaqın jurnalı da çap olunacaq. Jurnalın gələcəkdə çapı 100000 tirajla nəzərdə tutulub. Heç demə, bu jurnal dünyanın bütün ölkələrinə yayımlanacaq.

Əslində, kimin hansı QHT yaradıb, necə işlətməsi bizi o qədər də maraqlandırmazdı. Əgər 6 dil bildiyi deyilən, yüzlərlə şeir janrı kəşf edən birisinin rəhbəri olduğu Dünya Şairlər və Yazıçılar İttifaqı adlı bir qurumun və onun tikinti ilə məşğul olan prezidentinin sağ-sola fəxri adlar paylaması olmasaydı. Söhbət bildiyiniz kimi, xalq yazıçısı, xalq şairi, xalq artisti kimi adlardan gedir. Bunun hansı məqsəd və təmənna ilə edildiyi bir özü, bir də Allahı bilsin. Amma məşhur lətifədə deyildiyi kimi:

Verirdilər, verirdilər, bəs sən niyə götürürdün...

Hə, Xəyal Rza demişkən doğrudan da biabırçılıqdır. 

# 8313
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar