Samarada "Artsax" "abidəsi" : Onu niyə götürmürlər?
08 iyul 2022 14:32 (UTC +04:00)

Samarada "Artsax" "abidəsi" : Onu niyə götürmürlər?

"Samarada çoxlu “Qarabağ” mağazaları açaq" - Diaspora rəhbəri

Rusiya Federasiyasının Samara şəhərində erməni diasporunun təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsində həyatlarını itirmiş döyüşçülərin “xatirəsi”nə qoyulmuş abidə hələ də qoyulduğu yerdədir. 

Lent.az xəbər verir ki, bir neçə il əvvəl sosial şəbəkələrdə  yayılmış “abidə”nin fotosu yenidən diqqət mərkəzindədir. Hansı səbəbdən üzərində “Arsax savaşında həlak olanların xatirəsinə” yazılmış bu daşın etirazlara rəğmən oradan götürülməməsi ciddi narahatlıq doğurur. Bu ekstremist nümunənin qoyulmasına kim icazə verib, və yaxud necə olub ki, neçə vaxtdır sökülməyib? Ümumiyyətlə, “Arsax” ifadəsi nə zamandan bəri guya əbədiləşdirilmək üçün daşa vurulur? 

”Samara Azərbaycanlıları Məclisi”nin rəhbəri Elmar Rəsulov Lent.az-a açıqlamasında deyib ki, həmin abidə şəhərin mərkəzində  “Ovraqa podpolşikov” rayonunda, “Surb Xaç” erməni apostol kilsəsi ərazisindədir: 

“Kilsə ərazisində qoyulmuş təxribatçı “abidə”yə görə rəsmi şəkildə hüquq mühafizə orqanlarına, baş prokurorluğa və əyalət qubernatoruna müraciət etmişdik. Hətta Rusiya prezidenti Vladimir Putinə məktub da yazmışdıq, həmin məktuba cavab da gəldi. Dedilər ki, ərazidə abidə orada şəxsi istifadə üçün qoyulub. Kilsə ərazisində qoyulduğu üçün müdaxilə olunmadı. 

Bilirsiniz, Rusiyada ermənilərin lobbisi güclüdür, diasporlarının fəaliyyəti dayanmır. Daim nələrsə edirlər. İstər təxribat xarakterli olsun, istər ekstremist. Mən burada yaşayan azərbaycanlılardan o qədər də dəstək görmədim. Hətta bir neçəsi mane olmağa çalışırdı, qorxurdular ki, ermənilər bazarlarını bağlatdırar. Nə isə, məsələ həll olunmadı”.

Samara vilayəti Azərbaycanlıları Liqası idarə heyətinin sədri Şirvan Kərimov isə saytımıza bildirdi ki, ona “abidə” demək doğru deyil, o, “xaçkar”dır:

"İki il əvvəl saytlarda və sosial şəbəkələrdə Samara şəhərində erməni apostol kilsəsinin həyətində üzərində “Arsaq müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə” yazısı olan xaçkarın yerləşdiyi barədə məlumat aldıq. Təbii ki, biz məsələnin qanuni yolla həlli üçün dərhal Samara vilayətinin qubernatoru administrasiyasının və şəhər dairəsi administrasiyasının nümayəndələri ilə əlaqə saxladıq və bu məsələ haqqında müraciət etdik. Arxivdə aparılan işlərdən sonra Samara şəhər administrasiyasının mədəniyyət departamentinin rəhbərliyi şəxsən mənə bildirdi ki, 2006-cı ildən indiyədək şəhər rəhbərliyi Qarabağ müharibəsində həlak olan əsgərlərin xatirəsinə abidə ucaltmağa icazə verməyib. Bundan sonra Samara Vilayəti Qubernatoru Administrasiyasının Milli və Dini Siyasət Departamentinin yüksək rütbəli məmuru məlumat almaq üçün Erməni Apostol Kilsəsinin rəhbərliyi ilə əlaqə saxladı. Kilsə rəhbərliyi cavabında bildirdi ki, bu “xaçkar” 10 il əvvəl Qarabağdan olan  bir fiziki şəxs  tərəfindən quraşdırılıb və abidənin ucaldıldığı ərazi erməni kilsəsinin xüsusi mülkiyyətidir”.

Şirvan Kərimov əlavə etdi ki, bu məsələnin hal-hazırda hüquqi həlli yoxdur:

“Birincisi, qanuna əsasən, 2014-cü ilə qədər bu cür abidələrin xüsusi mülkiyyət statusu olan həyətlərdə qoyulması üçün icazə tələb olunmurdu. 2014-cü ildə Samara vilayətində abidələrin qoyulması haqqında qəbul edilən yeni qətnaməyə əsasən, yalnız qəbiristanlıqlardan başqa, bütün digər yerlərdə abidə qoyulması üçün icazə tələb olunur. Həmin bu “xaçkar” kilsənin həyətində olduğu üçün və qanunun geridönmə qüvvəsi olmadığı üçün, hökumətdən bu başdaşının, yaxud üzərindəki yazının ləğvi ilə bağlı nə isə  tələb etmək mümkün deyil.

İkincisi isə azərbaycanlının erməni kilsəsinin həyətində nə işi var?  Qanuni həlli mümkün olmayan məsələnin tez-tez sosial şəbəkələrdə müzakirəsi əvəzinə məsləhət olar ki, Samarada, “Arsax” adı ilə fəaliyyət göstərən mağazanın əvəzində sivil yolla bir neçə “Qarabağ” mağazası açılsın. Mövcud restoranların, şirkətlərin adlarını Qarabağla bağlı tarixi yerlərimizin adları ilə adlandırsınlar.

Şəxsən mən Samaradakı erməni kilsəsinin harada yerləşdiyini belə bilmirəm, ona görə də, bu "xaçkar"ın yalnız şəklini görmüşəm. O kilsəyə gedənlərə, bu “xaçkarın” şəklini çəkənlərə və özlərini yerli diaspora aktivi kimi təqdim edən şəxslərə məsləhət olar ki,  yenidən ora gedəndə bu kilsənin əməkdaşları ilə danışsınlar və bütün suallarına cavab alsın, bəlkə onların arqumentlərini qəbul edib xaçkarı ləğv edəcəklər…

Ayrıca olaraq bildirmək istəyirəm ki,  Samarada vətənimizə, milli-mədəni dəyərlərimizə qarşı təxribat xarakterli hər hansı addım atılanda qanun çərçivəsində cavab tədbirləri görmüşük.

Ancaq qanuni yolla həlli mümkün olmayan “xaçkar” məsələsi barədə, bu xüsusda başqa nə isə demək yalnız suallar doğurur”.

# 7677
avatar

Nigar Namiq

Oxşar yazılar