Səbinə Əvəzqızı
20 iyul 2022 14:31 (UTC +04:00)

Səbinə Əvəzqızı

Qeyrətini hovuzdakı qadınların arasında axtaran "MOLLABAŞLAR"

Gözəlim Azərbaycanı nə günə salmaq istəyirlər bu mollabaşlar? Ciddi sualdır, ciddi problemdir, qarşısı təcili alınmasa əməlli başlı təhlükədir millətim, dövlətim üçün.

Nabranda özünü qeyrət dağarcığı sayan biri gedib istirahət mərkəzlərində başlayıb çimərlik geyimində olan qadınların orasını-burasını çəkməyə.

Sonra çəkdiklərini yükləyir “TikTok”-a. Özü də canlı yayım açaraq. Hələ üstəlik millətin kişilərinə sual verir - “Hansınızın bacısıdır, deyin çəkməyim. Qeyrət çəkənlər hanı?” Hansı HƏDDLƏ? Kim ona verib bu ixtiyarı? Qeyrət nədir onu bilirmi heç olmasa görən?

Sir-sifətindən də neqativlik yağan bu varlıq özünü elə qeyrətli hesab edir? Çimərlik geyimində qadın görən kimi hansı eyforiyaya qapıldığı açıqca görsənir. Hormonlar coşanda özünü normal aparmaq hər adamın hünəri deyil.

Qeyrətli çıxmısan? Qeyrəti göstərmək üçün meydanlar ayrı yerdədir axı. Bunun üçün sənə Qarabağ savaşı kimi bir imkan verilmişdi. Nə əcəb gedib şəhid olmamısan? Müharibədə güllə yağışı altında qalmaqla, Nabranda hovuz kənarında qadınların arasında olmağı səhvmi saldın? Bəlkə də indi o qəhrəmanların yaxını olan qadınları tərs köşədən çəkib təhqir etməyə nə ixtiyarın var? Həmin qadınlar heç bir namussuzluq, tərbiyəsizlik etməyiblər. Ən böyük tərbiyəsiz onların normal istirahətini pozan, qeyrətsizlik kimi cəmiyyətə sırımaq istəyən bu MOLLABAŞLARDI.

Bir azdan bu hadisə evinə, dərsinə, işinə gedən hər bir Azərbaycan xanımının başına gələ bilər. Bunun qarşısı alınmasa, insanlar xanımlarını evdən bayıra çıxarmağa qorxacaqlar. Bizi geri çəkmək, hansısa bir rejimin gününə salmaq istəyən o qədər düşmənimiz var ki... Özü də çox uzaqda deyillər. Əlləri gəlib mənim istirahət etməyə çalışan anama, bacıma, övladıma kimi çatır. Onları istirahətə göndərdiyi üçün millətimin kişilərini qeyrətsiz yerinə qoyur. Bu böyük təhlükədir.

Ümid edirəm, adiyyatı orqanlar bu gəncə etdiyi səhvləri layiqincə izah edə biləcəklər. Nə olar qanmaz olanda? Qanmazı qandırarlar da.

 

# 12879
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar