"Qaqa, bizə də şəkillər göndərərsən" - Səbuhi Məmmədli yazır...
27 iyul 2022 20:15 (UTC +04:00)

"Qaqa, bizə də şəkillər göndərərsən" - Səbuhi Məmmədli yazır...

Mustafa Çəmənlinin bir kitabı var. Kitabda dostlarından biri  deyir ki, o, vərəm xəstəsi idi. Həkim məsləhət görmüşdü ki, hər gün sübh tezdən təmiz hava udmaq üçün dəniz kənarına getsin. Bir səhər yenə dəniz sahilində olarkən, ətrafdakılardan soruşur.     

- Səhər tezdən hava niyə təmiz olur, bilirsinizmi? 

Hərə bir cavab verir. Razılaşmır.

Cavabında deyir: 

- Ona görə ki, səhər tezdən pis adamlar oyanmayıb, hələ dünyada biri yeyib, o biri baxmayıb.  

Unikal adam olub, əsil döyüşçü. Hə, sözün həqiqi mənasında döyüşçü. 

Ağdam da döyüşlərin qızğın vaxtında topçulardan birinə isə belə deyibmiş: 

- Ya Seyid Lazım ağanın cəddi, mənim atdığım mərmilər nə uşağa, nə qadına dəysin!

Əfsanəydi, haqında elə şeylər danışırlar ki...

1991-ci ildə Azərbaycan çempionatında çıxış edən bir neçə komanda Ağdamda  gedən ağır döyüşlər səbəbindən rayona gəlməkdən boyun qaçırmışdı. Həmin vaxt “Qarabağ”ın  futbolçusu olan Yaşar Hüseynov danışır ki, komandanın futbolçuları ona müraciət eləyiblər ki, döyüşçülərə qoşulsunlar. Amma o, razı olmur: 

- Mən döyüş üçün 11 min insan taparam, amma 11 futbolçu tapa bilmərəm ki, “Qarabağ”ın heyətində oynasın.
 
Qarabağ qazisi Rey Kərimoğlu Lent.az-a danışır ki, onun Ağdamın müdafiəsində böyük xidmətləri olub. 


“Eyni zamanda, SSRİ dağılanda Uzundərədəki silah anbarını, Ağdam rayonunun Muradbəyli kəndində hərbi hissənin qorunmasında müstəsna xidmətləri var. O vaxt Ağdam ərazisindəki, eyni zamanda hərbi hissələrin anbarlarında saxlanılan xeyli silah-sursatları uğurla çıxarıb. Onlar düşmənin əlinə keçməsinə yol verməyib.  Azərbaycan ordusu sonralar da o silah-sursatları istifadə edib. Onu da qeyd edim ki, onun komandiri olduğu batalyonu Naxçıvanik, Piricamal, Aranzəmin, Şelli ərazilərində döyüş əməliyyatları həyata keçirib. O, ağır vərəm xəstəsi olsa da, postlara çıxırdı, əsgərlərlə maraqlanırdı. Xocalı soyqırımı baş verən gündə də insanlarla çiyin-çiyinə idi. Xocalı hadisəsində də onu gördüm, orada döyüşürdü. İnsanları sağ-salamat ərazidən çıxarırdı”. 

Rey bir maraqlı faktı da deyir: “Birinci Qarabağ Müharibəsinin qəhrəmanları Şirin Mirzəyev və Ramiz Qəmbərovla yaxın dost və qohum idilər. 

1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. On bir uşağı olan böyük bir ailənin ilki idi. Uşaqlıqdan boks və futbolla məşğul olub. 19 yaşında Ağdamdakı kinoteatrda davada iştirakına görə, onu həbs edirlər”. 

Qardaşı Ədalət xatırlayır: “Onu skamyanın ağacları ilə vurmuşdular. Amma daha qüvvətli zərbə endirmişdi, birinin dişi tökülmüşdü, birinin burnu qırılmışdı. Həmin 3-4 nəfər pul verdi, canlarını qurtardılar. Bizdən də 2500 manat pul istədilər. Pulumuz olmadı verməyə. Asifi tutdular”. 

Tale onu Moskvaya aparıb çıxarmışdı. Qarabağ hadisələri başlayanda Azərbaycana qayıtmışdı. 1991-ci ilin 15 noyabrında “Haqq Cəbhəsi” batalyonunu yaratmışdı. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonunda döyüşürdülər. Bir il sonra Azərbaycan Respublikası müdafiə naziri Dadaş Rzayev ona polkovnik-leytenant hərbi rütbəsi vermişdi.

Amma heç bir hərbi təhsili yox idi. Danışırlar ki, Aranzəmini alan zaman maraqlı taktika qurmuşdu: artilleriya atəşi vaxtı kəndə girmək. Və belə də edir.  Sonradan peşəkar hərbçi Şirin Mirzəyev onun haqqında belə deyəcəkdi: “Bu hərəkəti ancaq fanat edə bilərdi”.

O, Milli Qəhrəman adına layiq olunmuşdu. Amma bu addan imtina etmişdi. Və belə demişdi: ”İşğalda torpaqlarımız var, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq”. Amma sonradan Heydər Əliyev onu təltif etmişdi.

1993-cü il iyul ayının 23-də  qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdamın müdafiəçiləri geri çəkilmək məcburiyyətində qalmışdılar. Həmin gün o,  çox ağır vəziyyətdə Bakıda xəstəxanada idi. Ağdamın işğal xəbəri onu çox sarsıtmışdı. O, həbsxana və səngər həyatından sonra vərəm xəstəliyindən əziyyət çəkirdi idi.

1993-cü il 27 oktyabrda, Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti vərəmə görə ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edir. 

Erməniləri öz adı ilə vahiməyə salan “Haqq Cəbhəsi” batalyonunun iki üzvü Milli Qəhrəman, 5 nəfəri “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. 
Onun haqqında kitablar yazılıb. Filmlər çəkilib. Bakıda adına küçə var. Tezliklə, Ağdamda da olacaq. 

Hə, maralı bir ləqəbi də olub. Və maraqlı da bir tarixçəsi var. Bu ləqəb isə ona dostları veriblər. 1970-ci ildə Ağdamın “Dostluq” kinoteatrında Danimarka istehsalı olan bir film göstərilirmiş: “Birinci sən vur, Fred”. Elə o ləqəblə də bütün Azərbaycan tanıdı onu, “Fred Asif”i, Asif Məhərrəmovu. Yaşasaydı, bu gün yubileyi idi, 70 yaşı tamam olacaqdı. Ad günün isə Ağdamda keçirəcəkdi.

Biz isə Reydən xahiş edəcəkdik: “Qaqa, bizə də şəkillər göndərərsən”.

# 7989
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar