Nazlı katibəli, “əjdaha” məmurlar – Özlərini niyə apara bilmirlər? 
19 iyul 2022 16:35 (UTC +04:00)

Nazlı katibəli, “əjdaha” məmurlar – Özlərini niyə apara bilmirlər? 

Bir neçə gündür Lənkəranda İcra başçısı müavininin və məktəb direktorunun azyaşlı qıza qarşı etdiyi əxlaqsızlıq barədə xəbərlər gündəmimizi zəbt edib. Mən qəsdən bu ifadəni zorakılıq kimi yox, əxlaqsızlıq kimi işlətdim. Ağlı başında, səlahiyyət sahibi olan, etimad göstərilən birisinin vəzifəsinə arxalanıb tabeliyində olanı, üstəlik bir azyaşlını döyməsi, təhqir etməsi əxlaqsızlığın lap böyüyüdür.

Təəssüf ki, baş verən hadisə nə ilkdir,  nə də son olacaq. Dövlət idarəçiliyində kadrların seçilib yerləşdirilməsi ən mühüm və ən mürəkkəb məsələdir. İşin mürəkkəbliyi ondadır ki, etibar göstərilib vəzifəyə təyin olunan kadrın keyfiyyəti bilavasitə onların hər birinin daxili aləmi, psixoloji durumu, əxlaqı, mənəviyyatı, mədəniyyəti ilə bağlıdır.

Sanki kreslonun rəngindədir, quruluşundandır, seçilənlərin böyük əksəriyyəti az müddət sonra başlayırlar bir-birlərinə bənzəməyə.

Hamısı güzgüyə “dev aynası”ndan baxır, düşür  “mənəm-mənəmlik”, “əlahiddəlik”, “toxunulmazlıq”, “hər qüdrətə qadirlik”, “sahiblənib mənimsəmək”   xəstəliyinə. Özündə haqq  tapır ki, sadə xalqı aşağılasın, təhqir eləsin, ağıl və tövsiyələr versin. Kabinetin qapısını bağlasın, şikayətə gələnləri kefi istəyəndə qəbul eləsin (bu ən yaxşı  istisna hallarında olur), kefi istəməyəndə də heç işlədiyi binanın qapısı önünə də buraxdırmasın. Qapılarda günlərlə gözlətsin, özləri içəridə kondisioner altında, televizor seyr edərkən, katibəsi nazlana-nazlana çıxıb “rəis iclasdadır, qəbul edə bilməyəcək, sabah gəlin”  desin. Təəssüf ki, Azərbaycan reallığı budur. Hər nə qədər dövlət islahatlar aparsa da, DTX qapıları döysə də, ara sakitləşən kimi  “əjdaha” xəstəliyi yenidən baş qaldırır.

“…əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar.”  Prezident İlham Əliyevin nitqindəndir bu cümlələr.
Bəzi məmurların “xəstəliyi” vətəndaşlarda süni narazılıq yaradır və görülən işlərin üzərinə kölgə salır.

44 günlük müharibədən sonra  qazilərimizin narazılıq seli ilə qarşılaşdıq. İntihar edənlər də oldu.  Qaziləri intihara  psixoloji amillərlə yanaşı, məmur özbaşınalığı və laqeydliyi vadar edir. Bəs nə edək, necə edək ki, vəzifəyə təyin ediləndən sona da məmur əlçatan olsun, oturduğu masada özünü Qafqaz dağlarının təpəsində zənn edib, bizə  yuxarıdan aşağı baxmasın? Bəlkə məmurların əxlaq kodeksi hazırlanmalı, davanışına nəzarət edəcək hansısa yeni bir format yaradılmalıdır. İctimai Şuralar deməyin, onların özünü doğrultmadığını gördük. Orda da özlərinə yer edənlərin böyük əksəriyyəti məmura yaxın olmaq istəyib, onun yerişini yeriməyə hazırlaşanlar oldu. Ölkə vətəndaşlarının davranışını tənzimləyən qanunlar, davranış normativləri əslində var. 
Var olmayan məmur-vətəndaş davranış qaydalarını bilməməyimizdir. Seçilən məmur bu qaydaları Quran kimi müqəddəs bilməlidir, amma bilmir. Kabinet dərhal dönür olur keçilməz sədd.

Vəzifə deyilən xalqa xidmətdirsə, niyə hər kəs xidmətçi olmağa bu qədər can atır, niyə o xidmətçilər ayağını qaldırıb, aşağıdakıların başına qoyur. Özünü hamının yerinə danışacaq söz sahibi, əxlaq polisi zənn edir? Avropa –Avropa deyib oranın yaşam standartlarının həsrətini çəkirik, amma avropalı kimi düşünə bilmirik.

Deyilənə görə, bir sultan başını taraş etdirmək üçün sarayına təzə bərbər çağırtdırır. Bərbər sultanı görüb əsir. Hazırlanıb işini görür, sultanın boynunun arxasına keçəndə qəfildən vücudu dikəlir, arxayın – arxayın sultana deyir, “gəl qızını mənə ver, qohum olaq”.  Bu söz 3 dəfə təkrarlanır. Ətrafda vəzir-vəkil belə bərbərin cahil cəsarətindən qorxmuşkən, onun həyasız simasında qorxu sezilmir. Sultan gülümsünür, bərbərə bir söz demədən onu buraxır. Vəzir səbəbini soruşanda sultan deyir: “O bu təklifi 3 dəfə qulğaıma pıçıldadı, hər dəfə mənim arxa tərəfimdə olanda bunu etdi. Səbəb o deyil. Taxtımın arxa tərəfində yerə küplər dolusu qızıl basdırılıb, onu cəsarətləndirən ayağının altındakı qızılın havasıydı”. 

# 4104
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar