Məşhur valideynlərin uşaqlarında psixoloji problem yaranır? – PSİXOLOQLAR AÇIQLADI
22 fevral 2023 18:33 (UTC +04:00)

Məşhur valideynlərin uşaqlarında psixoloji problem yaranır? – PSİXOLOQLAR AÇIQLADI

Uşaqların psixologiyasının normal şəkildə formalaşmasında valideynin rolu böyükdür. Valideynlər uşaq üçün avtomatik olaraq birinci dərəcəli fiqura çevrilirlər.

Maraqlıdır görəsən, valideyni məşhur olan uşaqlarda hansısa psixoloji problemlər olur?

Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Lent.az-a açıqlamasında bildirib ki, burada təsir vasitəsi valideyndir.

Onun sözlərinə görə, valideynin məşhurluğu özünə və onun ətrafına necə yansıyırsa, uşağına da elə yansıyır:

“Məşhurluq hissi insanı idarə etməyə başlasa, əlbəttə ki, uşaq da bundan təsirlənəcək. Əgər, valideyn öz məşhurluğunu sosial mühitdə mənfi məqsədlərə görə istifadə etsə, uşaq da özünü valideynin apardığı kimi aparacaq. Bu da uşaqda boş özgüvənin yaranmasına səbəb olacaq. Valideyndən asılı vəziyyətə düşəcək və heç bir məqsədi olmayacaq. Amma valideyn öz məşhurluğunu sosial mühitdə müsbət məqsədlərə görə istifadə etsə, övladı da valideyninə baxıb özünü daha layiqli apara bilər”. 

Psixoloq Aytən Ələkbərova isə bildirib ki, bu cür ailədə dünyaya gələn uşaq təbii ki, elə bu cür mühitdə də formalaşmağa başlayır. 

Aytən Ələkbərova fikirlərinə davam edərək həmçinin bildirib ki, valideyni məşhur olan uşaqların bəziləri özlərini əlçatmaz hiss edirlər:

“Həmin uşaqlarla ünsiyyətdə olduqda əslində onların nə qədər gözəl qəlbə sahib olduğu üzə çıxır. Onlar bəzən dostun nədən ibarət olduğunu, hansı insanlardan zərbə aldığını, insandakı hər hansı bir mənfiliyi daha yaxşı sezə bilirlər. Bu cür uşaqlar insanları daha yaxşı tanıyır və yaxşını pisdən çox yaxşı ayıra bilirlər. Uşaqlar bizim gələcəyimizdir. Məşhurlar özlərinin çəkdiyi əziyyətə görə, öz övladlarını mükəmməl şəkildə böyütməyə çalışırlar”.

# 3306
avatar

Arzu Qurbanlı

Oxşar yazılar