Mental dəyərlərin məişət zorakılıqlarına təsiri
22 mart 2023 09:00 (UTC +04:00)

Mental dəyərlərin məişət zorakılıqlarına təsiri

Qloballaşan dünyada elmin və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, cəmiyyətlərdə, eləcə də  insan münasibətlərində hələ də keçmiş düşüncələrin qalması, bəzi hallarda isə insanların keçmiş ənənələrin “mühafizəkar” adı altında sığortalamağa çalışması halları təəssüf ki, bu günün reallığında bir çox problemlərə yol açır. Məsələ onda deyil ki, keçmişdən qalan dəyərlər müasir dövrlə uzlaşmır və xoş deyil. Təbii ki, hər bir xalqın özünəməxsus mental dəyərləri var və yaxşı olan bəzi dəyərlər nəsildən-nəslə ötürülərək yaşadılmalıdır.  Lakin insan münasibətlərində olan elə məsələlər var ki, çox vaxt bunların da adı “mentalitet” sözü altında sığortalanır.

Nədir mental dəyərlər? Doğrudanmı bu dəyərlər insan həyatına təhlükə yaradır?  Bir insanın başqasına göstərdiyi fiziki, psixi, seksual şiddət mental dəyər adı altında sığortalana bilərmi? Yaxud da bu cür əməllər niyə bəzi Şərq ölkələrində öz adı ilə çağırılmır və ya “mentalitet” kimi qəbul edilir. Yaşadığımız cəmiyyətdə bu gün ən qlobal problem məişət zorakılığının artmasıdır.

Müxtəlif müstəvilərdə baş verən və motivlərlə bağlı olan bu cür zorakılıq hallarının artmasının səbəbi nədir?

Qeyd edək ki, aparılan statistik hesablamalara görə Azərbaycan da daxil olmaqla bu gün məişət zorakılıqların əsas qurbanları uşaqlar və qadınlardır.

Baş verən zorakılıq hallarının isə müxtəlif səbəbləri olur. Azərbaycanda baş verən məişət zorakılıqlarında isə iqtisadi amillərlə yanaşı, mentalitetdən gələn xüsusiyyətlər də rol oynayır. Bir çox hallarda məişət müstəvisində baş verən zorakılıq halları araşdırılarkən qadının şiddətə daha çox qısqanclıq müstəvisində məruz qaldığı ortaya çıxır.

Qeyd edək ki, bu tipli hadisələr yalnız  ailələrdə ər və ya arvad arasında baş vermir. Məişət zorakılıqlarının qurbanları, daha dəqiq desək fiziki və bəzən də tibbi baxımdan zorakılığa məruz qalan zorakılıq qurbanları əksərən qadınlar olsa da, zorakılığı törədən tərəf ata, qardaş, bəzən oğul da ola bilir. Baxmayaraq ki, sivil cəmiyyətlərdə insanları narahat edən və onlarda qısqanclıq doğura bilən məsələləri insanlar bir – biri ilə  danışaraq dialoq vasitəsi ilə həll etməyə və anlaşma əldə etməyə çalışırlar. Azərbaycanda da daxil olmaqla əksər Şərq ölkələrində əfsuslar olsun ki, hələ də şiddət göstərilməsi yolu  bu məsələlər əsas həll yolu kimi qalmaqdadır.

Bundan başqa, bəzən ailələrdə qızların oxuyub təhsil almasının əngəllənməsi də sonda məişət müstəvisində zorakılıqlara gətirib çıxarır.

Azərbaycanda belə bir atalar sözü var: “Qızını döyməyən, dizini döyər” İlk baxışla bu aforizmi qız övladlarının təlim-tərbiyəsi ilə bağlı deyilmiş fikir olduğu təsəvvürü yaransa da, təəssüflər olsun ki, bu fikir milli mentalitetdə qızların ailələrini zorakılığı altında saxlanılması kimi qəbul edilir.

Tez-tez cəmiyyətdə ailə münaqişələrinin qurbanları olmuş qadınların “erkən nikaha niyə girdiniz?” - sualına cavabları ilə rastlaşırıq. “Atam oxutmaq istəmirdi”, “Ailəm mənə əvvəldən oxumayacağımı demişdi”, “Mən oxuyub təhsil almaq istəyirdim, amma ailəm tərəfindən məcbur evləndirildim” və s. kimi fikirlər hər kəsə tanışdır.

Bu baxımdan da məişət zorakılıqlarının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilərkən həmin hadisələrin qurbanlarının yaşam tərzləri də ciddi təhlil olunmalıdır. Eyni zamanda cəmiyyətdə ailələrin öz qızlarını erkən nikahlardan çəkindirilməsi ilə bağlı da valideynlərə təbliğat aparılmalıdır, media vasitəsi ilə reklam çarxları nümayiş etdirilməlidir.

Təbii ki, hər bir xalqın özünəməxsus milli dəyərləri və bu dəyərlər nəsildən-nəslə ötürülərək yaşadılır. Müasir dövrdə isə əsas olan cəmiyyətdə neqativ fikirlər yaradan halların aradan qaldırılmasıdır. Unutmayaq ki, dünyada ən vacib olan insan amilidir. Ona görə də insanların bir-birinə qarşı fiziki və ya digər yollarla şiddət göstərməsini təbliğ edən mental dəyərlərin aradan qaldırılması vacib şərtlərdəndir.

 

Fuad Hüseynzadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

 

# 2289
avatar

Oxşar yazılar