Kimləri daha çox təbliğ edirik, biz kütləni, yaxud kütlə bizi aparır?
14 iyul 2022 11:15 (UTC +04:00)

Kimləri daha çox təbliğ edirik, biz kütləni, yaxud kütlə bizi aparır?

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə

İllər öncə qonşuluğumuzda bir ailə yaşayırdı. Kamran adlı 10 yaşlı oğlan ailələrinə yeni gəlmiş ögey anasını heç cür qəbul edə bilmirdi. Analıq ilk başlarda cəhd etsə də, aralarında isti münasibət yarada bilməmiş, görünür Kamranın özünə qarşı doğmalıq duyğularının yaranmasını zamanın ümidinə buraxmışdı. Məsafəli, ehtiyatlı, bir az da  soyuq davranırdı. Bir yay gecəsi Kamran və analığı  həyətimizə gəlmişdilər. İsti olduğuna görə, həyətdə oturub, elə həyətə qoyulmuş  televizorda “Ögey ana” filmini izləyirdik. Həmin gecə sanki taleyin oyunu idi.  Kamran hamıdan qabaqda oturmuş, diqqətlə ekrana baxırdı. Gözlərində yaş parlasa da, ağlamamaq  üçün özünü  sıxıb oturmuşdu. Filmin son kadrında İsmayıl “ana” deyib ögey ananın boynuna sarılarkən, Kamran don vurmuş quş balası budaqdan düşürmüş kimi, oturduğu stuldan yerə yıxıldı. Qəhərini, göz  yaşını gizlətmək üçün özünü o qədər boğmuşdu ki, kiçik qəlbi buna dözməmiş, halı xarab olmuşdu. Analığı Reyhan xanım həyəcanla onu qucaqlayıb, üz- gözünə su vurur, bağrına basır, “Kamran, başına dönüm, nə oldu sənə?” deyə-deyə uşağı ayıltmağa çalışırdı. Kamran ayıldı. Həmişəki kimi uzaqlaşmadı, qaçmadı Reyhandan.  Balaca pişik balası kimi ona sığındı, üzünü sinəsində gizlətdi.
Həmin gün film sözün həqiqi mənasında bir ögey ananı bir övlada qovuşdurdu. Biri övlad, biri ana qazandı. Sözün, incəsənətin qüdrəti idi bu.
Tanrı dünyadan öncə “ol” dedi, öncə söz yarandı, sonra dünya. Deməli sözlə həyat qurtarmaq, qurmaq-yaratmaq olar. Bu gün mediada ailə faciələri ilə bağlı yazılar tez-tez işıqlandırılır. Cəmiyyət sanki başqalarının göz yaşları, faciələri barədə yazıların acıdır. Lakin medianın vəzifələri sırasında xəbər yaymaqla yanaşı, maarifləndirmək, qaranlığa işıq tutmaq da var. Bu anlamda gender və ailə problemlərinin işıqlandırılması dedikdə nümunə olacaq həyat hekayələrinin verilməsi də vacibdir. Kütləvi informasiya vasitələri kütlənin istəklərinin arxasınca düşüb getməyi yox, kütləni öz arxasınca aparmağı hədəfləyəndə gördüyü iş daha keyfiyyətli olur, peşəkar yanaşma sərgiləyir.
Media cəmiyyətin obyektiv məlumatlandırılmasına, maarifləndirilməsinə, aydın ictimai rəyin formalaşdırılmasına, dövlətçiliyə, xalqın maraqlarına və ideallarına xidmət edir.
Media cəmiyyətdən bir addım öndə addımlamalı, mütərəqqi yenilikləri ictimaiyyətin həyatına gətirməli, onların normaya çevrilməsinə xidmət  etməlidir. 
Qısası, media  cəmiyyətin qayğıları ilə yaşamalıdır. Cəmiyyətin, dövlətin ən kiçik modeli ailədir. Ailə problemlərinin mediada hansı aspektdən işıqlandırılması çox önəmlidir. Əgər cəmiyyətə namus davalarından, mentalitet qurbanlarından çox, bu buxovları qollarından açıb, açıq təfəkkürlə yaşayan insanları tez-tez təqdim edə bilsək, işıqlı beyinlərin  artmasına, ailə institutunun sağlamlaşdırılmasına xidmət edə bilərik. Azərbaycan cəmiyyətində təəssüf ki, namus deyəndə yada daha çox qadın, onun azadlığı, qadın bədəni yada düşür. Təkcə rayon və kənd yerlərini demirəm, hətta paytaxt Bakımızda belə orta əsrlər təfəkkürü ilə yaşayıb, ailəsini ailədən çox köləsi, malı kimi görən fərdlər var. Bir müddət öncə bir ailə dramı barədə xəbərlər yayıldı. Atasının və qardaşının təzyiqi ilə hicab geyməyə məcbur edilən qız  universitetə daxil olduqdan sonra hicab geymək istəməyib. Evdən hicabla çıxsa da, şəhərə çıxarkən çadrasını (baş örtüyünü deyil, bürünməyə məcbur edildiyi o qara çadrasını) açıb çantasına qoyduğu üçün qardaşı tərəfindən öldürülmüşdü. O ata, o qardaş üçün o məsum qız dindən çıxmış, əxlaqsızlıq etmişdi. Məhz belələri öz anladıqları namus, ailə ideyasını bütün cəmiyyətə sırımaq, istədikləri olmayanda bunu əxlaqsızlıq kimi təbliğ etmək cəhdləri ilə  zəhərli toxumlar səpirlər. Medianın borcu məhz belə şəxsləri hədəfləyib ictimai qınağa tuş gətirmək, bloklamaq, qaranlıq yollara işıq salmaqdır.

Yaxından tanıdığım bir xanım var. Rayonlarımızdan birində  yaşayır, qadın məclislərində mollalıq edir. Bir gün 16 yaşlı qızının hamilə olduğunu eşidəndə dünyası başına yıxılsa da, bütün geri düşüncəli qohum-əqrəbalarının “adı qaralanmış qızı” “edən qovaq”, “öldürək  adımızı təmizləyək”  kimi təzyiqlərinə qarşı balasını da, onun  dünyaya gətirdiyi körpəyə də sahib çıxdı. Bir səhvi, bir günahı balasının ömrü bahasına təmizləmək istəmədi və bu gün bundan yenə peşman deyil. 
Hər iki  nümunədə haqqında danışdığım insanlar bizim insanlarımızdır, müasirlərimizdir, biri düşüncələrini dünyaya, bilgiyə açmış, bir başqası bildiyi bir yanlışın ətəyindən bərk-bərk yapışmaqla başqalarının həyatını zindana çevirmişdir.
Vəkil Aliyə Osmanova məsələ ilə bağlı Lent.az-a bildirib ki, cinsi mənsubiyyətin əyləncə mədəniyyətində istismarı, uşaq planlaşdırmaya təsiri, qadınlara qarşı zorakılıq kimi hallar cəmiyyətimizdə var.
“Baxmayaraq ki, 10 oktyabr 2006-cı ildə qəbul edilən Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanunu var. Qanunlar var, lakin bu qanunlara əməl etməyə hazır cəmiyyət olmalıdır.
Qadınların əhali qrupu olaraq cinsi mənsubiyyət əsasında hansı ayrıseçkiliyə uğradığı öyrənilməli, çağdaş cəmiyyətlərdə fundamental insan hüquqları debatlarının qadınların sosial, iqtisadi və siyasi vəziyyətini necə dəyişə biləcəyi araşdırılmalıdır. 
İnsan hüquqlarının müdafiəsi sosial dəyişikliklərə gətirib çıxaran bir siyasi alətdir, bir çoxları bunu anlamır.
Cəmiyyətin demokratik dəyərlər üzərində formalaşması baxımından media, onun apardığı təbliğat böyük önəm daşıyır. Bu gün hər evdə internet, hamıda telefon var
Mətbuat daha əlçatandır, qadınlar öz problemlərini işıqlandıra, yaya bilirlər. Media hamının səsi olmalı, ən ucqarda yaşayan ailələrin belə problemlinə biganə qalmamalıdır. Düşünürəm ki, o bu vəzifənin öhdəsindən gəlir”.

Media olaraq üstümüzə düşən ən önəmli vəzifə cəmiyyətin gözünü açmaq, insanları düzgün düşüncələrin işığına yığmaqdır. O zaman sağlam ailə də olacaq, cəmiyyət də.

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb.

# 3294
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar