İmtahanda 300 bal toplayan şagird: “Hər gün 10-da yatırdım”
15 may 2023 16:45 (UTC +04:00)

İmtahanda 300 bal toplayan şagird: “Hər gün 10-da yatırdım”

Aprelin 16-da keçirilən ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) keçirilən buraxılış imtahanlarında ən yüksək nəticəni Akademik Zərifə Əliyeva adına liseydə təhsil alan Tural Əfəndiyevdir.

Maksimum nəticə toplayan şagird təəssüratlarını Lent.az-a danışıb.

Onun sözlərinə görə, imtahanda 280-290 bal aralığında nəticə gözləyirdi:

“İmtahanda sualların cavablarını yazmağa başlayanda yüksək bal toplayacağımı bilirdim. Özümdən 280-290 gözləyirdim. Amma 300 bal mənim üçün süpriz oldu. Düşünürəm ki, imtahan verməyə hazırlaşan hər bir şagird fikrini dərsindən ayrılmamalı, bununla yanaşı, istirahətini də nəzarətdə saxlamalıdır. Çünki yorğun günün ardından səhər durub eyni rutinlə çalışmalıdır”.

O, hər gün axşam saat 10-da yatdığını və heç vaxt repetitor yanına getmədiyini vurğulayıb:

“Mən heç bir hazırlıq kursuna və müəllim yanına getməmişəm. Buna ehtiyac hiss etmirdim. Hər fənni öz zamanında oxumuşdum. 9-cu sinifdə də mənə təkrar etmək qalmışdı. Bu potensialımı gələcəkdə tibb sahəsində göstərmək istəyirəm.

Şagird qrafiklə çalışmalı, dərslərini sabaha saxlamamalıdır. Gün ərzində dərs saatları ilə oxumaq saatlarımı bölürdüm. Hər gün səhər 8-dən günorta 3-ə qədər dərsdə olurdum. 3-dən 5-ə qədər istirahət edirdim. 5-dən sonra isə dərs oxumağa başlayırdım. Amma hər gün saat 10-da yatırdım.

Bu nəticəni toplamağımda müəllimlərimin rolu çoxdur. Hər birinə təşəkkür edirəm. Amma düşünürəm ki, uşağın imtahanda yüksək nəticə göstərməsinin əsas səbəbi öz məsuliyyətidir”.

# 4914
avatar

Fidan İlqar

Oxşar yazılar