Hicabsız qadınlara “xoxan” kimi baxanlara sözüm var – Səbinə Əvəzqızı YAZIR
30 avqust 2024 12:37 (UTC +04:00)

Hicabsız qadınlara “xoxan” kimi baxanlara sözüm var – Səbinə Əvəzqızı YAZIR

Bu fotoda gördüyünüz qadınların ikisi də eyni insandır. Yəni mənəm. Lent.az-ın yazarı Səbinə Əvəzqızı. Bu mənlərin hər ikisi Allaha sevgisi, İslam dininə hörməti, dünyaya baxışı, insanlığa, heyvanlara, ümumiyyətlə, bütün canlılara, kosmik aləmə münasibəti ilə eyni insandır. Bəs bunlardan hansı sizin daha çox xoşunuza gəldi?..

Bu sualı ona görə verdim ki, bir baş örtüsü qadına cəmiyyətdəki münasibətləri kəskin dəyişir. Özünü ifrat dindar hesab edən müsəlmanlar, başqa dinə inancı olanlar, deistlər və ya ateistlər üçün bu eyni qadın deyil, iki ayrı-ayrı insandır. Axı niyə?

Allah atalarımıza qəni-qəni rəhmət eləsin, deyiblər ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Amma indi o zamana gəlib çıxmışıq ki, ağılı axtarıb tapmaq niyyətində olanlar kifayət qədər azalıb. Ağlını, kimliyini qarşındakına nümayiş etdirənə kimi bəzi ortamlarda səni linc edib, üstündən asfaltçəkən maşınla keçirlər. Heç ağzını açmağa da amanın olmaz.

Əziz oxucu, sizdən əvvəl fotonu redaksiya daxilində əməkdaşlarımıza da nümayiş etdirdim. Bəziləri dedi ki, hicab mənə çox yaraşıb. Etiraz etmirəm. Bir görünüş olaraq özümün də xoşuma gəldi. Və din vasitəsilə fürsətçilik etməyən, hər hansı mənafe güdməyən, hicabı öz azad iradəsi ilə daşıyan bütün xanımlara dərindən hörmət edirəm. Hətta bu cür saf qəlbli xanımları, haradasa özümdən daha cəsur hesab edirəm. Amma ona da tam əminəm ki, baş örtüsü onunla mənim aramda səddə çevrilməməlidir. Təəssüf ki, müşahidə etdiyimiz durum elə deyil. Bəzən hicablı xanımlar görürəm ki, heç tanımadan mənə başı açıq olduğum üçün “xoxan” kimi baxır. Həmin zaman özümü qınayıram ki, bəlkə ona güvən enerjisi ötürə bilmədim? Bəlkə məndən qaçmaması üçün yetərincə səmimi görünmədim? Məncə, məsələ bu deyil. Necə olur ki, küçədəki bütün pişiklər, uşaqlar tanımadığı halda mənimlə ünsiyyət qurmaqdan çəkinmirlər, amma bəzi qara-quraya bürünən və özünü nəyə görəsə daha üstün tutan bu qadınlar uzaq dayanırlar?

Düzdür, hamısı elə deyil. Üzünə gülümsədiyim bir çox hicablı xanımlardan da eyni isti münasibəti ala bilmişəm. Bununla daha çox Ankarada rastlaşıram. Bəlkə də Türkiyənin əyalətlərində vəziyyət fərqlidir, amma orada hicablılar, qısa şortlu, ipli köynəkli xanımlarla çox rahat münasibət qururlar. Bunun Ankaradakı kafe-restoranlarda dəfələrlə şahidi olmuşam. Başı açıq xanım qarşısında bir bakal şərab, əlində siqaret oturub, rəngi ilə göz oxşayan hicab geyinmiş gənc qadınlarla deyə-gülə söhbət edir. Və çox xoşbəxt görünürlər. Bu, o qədər gözəl mənzərədir ki... İnsanlar onların həyatlarına, azadlıqlarına əngəl olan bütün maneələri aşa biliblər. Həyatlarını zəhərə çevirən bütün çərçivələri, axmaq qaydaları çilik-çilik ediblər. Əsl rahatlıq, indiki gənc nəslin dediyi kimi “relax” olmaq bax budur. Geyim tərzi niyə insanın həbsxanasına çevrilməlidir? Niyə bu məsələ onun bütün varlığıyla sevdiyi Allahının arasına girsin ki? Təbii ki, sözüm ateistlərə deyil. İnanclı insanlaradır. Niyə biz süni intellektin insanlara dərs keçdiyi bir çağda kimlərəsə öyrətməliyik ki, bəzən daxili aləmlə geyim tərzi üst-üstə düşməyə bilər. Bəlkə sənin başı açıq gördüyün bir xanım Allaha və İslam dininə səndən daha çox inanır, peyğəmbərini qəbul edir. Hətta psixoloqlar da deyir ki, seçilən geyimlə xarakterin çox zaman əlaqəsi olmur. Sadəcə, geyimlər insanlar haqqında ətrafda müəyyən fikirlərin yaranmasına səbəb ola bilir. Təbii ki, burda söhbət ondan da getmir ki, biz küçədə əcdadlarımız Həvva və Adəm kimi dolaşmalıyıq. Amma kim indi deyə bilər ki, mən onlardan daha məsumam, humanistəm və sairə. O da düzdür ki, işgüzar mühitdə kostyum insanlarda sizə qarşı inam hissi yaradar. Amma bu başqa məsələdir, hicaba və ya başı açıq gəzməyə heç bir dəxli yoxdur.

İndi soruşun ki, bu yazını niyə yazdın, axşam yuxu filan görübsən? Yox, dünən yenə iki ruhu azad, dünyanı yaradıcılığı ilə feyzyab edən qadın hicaba görə, sərt cəza ilə üzləşdi. Bu xəbər məni çox üzdü, dərindən silkələdi. İranın tanınmış qadın rejissoru Rəxşan Bənietemad və məşhur aktrisa Baran Kövsəri məcburi hicab qaydalarına riayət etmədikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar. Onlar “Həmişə kimsə yoxa çıxır” filminin premyerasına hicabsız gediblər. Lap əcəb ediblər. Baş onların, iradə onların. Kim və niyə buna qarışsın ki?... Amma hər iki qadına qarşı Tehran Prokurorluğunda cinayət işi açılıb. Özü də İran mənbələrinin yazdığına görə, Baran Kövsəri Rəxşan Bənietemadın qızıdır. Bu ana-balanın azad qərarına qandal vurmaqla, onların şüurunu dəyişə biləcəyini düşünən zehniyyətə təəccüb edirəm. İnsanları qamçı altında nə qədər saxlayacaqsınız?

Rəxşan Bənietemad və məşhur aktrisa Baran Kövsəri

İndi yenə fanatik fars simpatizanları çıxıb sosial şəbəkələrdə məni hədələməyə başlayacaqlar. İlk dəfə deyil. Bu məsələ ilə bağlı ayrıca yazım da olub. Əgər həvəsiniz olsa yazıda göy rəngdə görünən yerə (hyperlinkə) vurub başıma gələn həmin macəranı da oxuya bilərsiniz. Məni ölümlə hədələməyə qədər gedən bu işin sonu Bakı Şəhər Baş Polis İdarəsində bitdi. Sağolsunlar həmin zaman dövlətimizin xüsusi qayğısını, narahatlığına da gördüm.

Rəxşan Bənietemad və məşhur aktrisa Baran Kövsəri

Deməli belə, bu yazını Rəxşan Bənietemad və Baran Kövsəriyə həsr edirəm. Onlara bir media nümayəndəsi olaraq azadlıq və rahatlıq tələb edirəm. Allahın izni ilə bundan sonra insanları qaranlığa sürükləyən bir zehniyyət ilə rastlaşmarıq. Özünüzdən muğayat olun…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17685
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar