Fazil Mustafa
29 mart 2023 11:52 (UTC +04:00)

Fazil Mustafa

Fazil Mustafaya atılan güllə

Dünən iftar mərasimindən geri dönən deputat Fazil Mustafa evinin qarşısında güllələnib. 

İstifadə olunan silah avtomatdır, deyilənə görə 7 güllə atılıb, onlardan ikisi deputata dəyib. Yəni, hədəf birbaşa Fazil Mustafanın həyatı olub. Qətlə yetirmək istəyiblər, sadəcə şans əsəri sağ qalıb. 

Fazil Mustafa cəhalətə və xurafata qarşı kəskin mübarizəsi ilə fərqlənən ziyalıdı. Həm Azərbaycandan kənarda, həm də içəridə ölkəni təhdid edən, xurafata və cəhalətə sürükləyən şəxslərlə, quruluşlarla mübarizə aparıb.

Azərbaycanı cəhalətə sürükləyən, bu ölkədən xurafatın əskik olmasını istəyənlər isə onu sosial mediada və mediada həmişə hədəf göstəriblər. Yenə də həm xaricdə, həm də daxildə.  

Fazil Mustafa inanc etibarilə dindardır. Elə dünən də iftar mərasimindən evinə qayıdırmış. Amma Fazil bəy aydın, ziyalı, dinin siyasi alətə çevrilməməsi üçün mübarizə aparan, ən başlıcası, kitab oxuyan, oxuduğunu başa düşən adamdı. İranın rəsmi xəbər agentliyi İRNA-nın yazdığı kimi “şiə dininin (?!) qatı düşməni” deyil. Məzhəbçiliyə, ayrımçılığa, xurafata və cəhalətə, dinin siyasi sui-istimalına qarşı olduğunu yazır, danışır... 

Fazil Mustafaya qarşı baş verən terror aktıdır. 

Fazil Mustafaya qarşı edilən göz qorxutmaq cəhdi, iyrənc bir mesajdır.

Fazil Mustafaya atılan güllə sekulyar Azərbaycana atılıb. 

Fazil Mustafaya dəyən güllə aydın, ziyalı, öz dəyər və prinsipləri olan Azərbaycana tuşlanıb. 

Fazil Mustafanın güllələnməsindən sonra sosial şəbəkələrdəki mənzərə bir daha düşünməyə MƏCBUR EDİR: 

Ölkənin virtual ərazisinə doluşan bu qədər “fake”dən  necə can qurtarmalı? 

Ölkənin virtual ərazisində baş alıb gedən bu cəhalət selinin qarşısını necə almalı?

Ölkənin virtual ərazisindən real beyinlərə axan xurafat zəhərinin yolunu necə kəsməli?

# 6006
avatar

Oxşar yazılar