“Əhmədli qəsəbəsi”nin Əhmədini tanıyaq – Bəs Mahmudu niyə unutdular?
13 yanvar 2023 20:15 (UTC +04:00)

“Əhmədli qəsəbəsi”nin Əhmədini tanıyaq – Bəs Mahmudu niyə unutdular?

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? 

Doğma küçələrimizin yad adları çox vaxt diqqətimiz çəkir. Niyə qoyulub bu adlar?

İnsanın ağlına ilk gələn budur ki, əgər bir küçəyə hansısa adı verilibsə, deməli, bunun bir səbəbi var. 

Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 

Lent.az elə burdan yola çıxaraq “Bizim küçələr” adlı rubrikasının növbəti yazısı “Əhmədli qəsəbəsi” adının tarixi ilə bağlı olacaq. Haqqında danışacağımız qəsəbə Bakının Xətai rayonunda yerləşir. 

Əhməd kimdir? Bu qəsəbənin adı haradan götürülüb? Niyə məhz Əhmədli qəsəbəsi?

Əhmədli qəsəbəsi və ya Kənd Əhmədli — Bakı şəhərinin Xətai rayonunda yerləşən şəhər tipli qəsəbədir. Kənd Əhmədli 1936-cı ildə qəsəbə statusu alıb.

Əhmədli qəsəbəsi (Kənd Əhmədli, Əhmədli kəndi də adlandırılır) qədim Bakı ətrafında yerləşən 32 kənddən biridir. Yerli əhalinin böyük qismi türklərinin Bayat boyunun Qacar tayfalarına mənsubdur. 

Tarixən Kənd Əhmədli 9 məhəllədən ibarət olub: İmamqulu, Nazarlı, Dağlı, Novruzlu, Cəfərlilər, Qart, Qacarlı, Dağarlı, Həsənalı.

Amma Qədim Əhmədlinin tarixi isə 3 mərhələyə ayrılır.

Tarixin ilkin mərhələsi 11-ci yüzilliyin ortalarında Şirvanşahlar dövlətinin Səlcuq İmperiyasının təsirinə düşdüyü dövrdən başlayır. 

Belə ki, Səlcuq sultanı Toğrul bəyin (1040-1063) hakimiyyəti zamanı Azərbaycan ərazisində məskunlaşmağa başlayan səlcuq tayfalarından bəziləri məhsuldar torpaqlar axtarırdılar. Elə bu səbəbdən Abşeron yarımadasına, eləcə də indiki Əhmədli kəndi ərazisinə gəlib çıxırlar. 

Səlcuq tayfaları burada yaşadıqca məskənlər salmış, mədrəsə, məscid, hamam və bir çox əhəmiyyətli obyektlər inşa etməyə başlamışlar. Həmin tayfaların tikdiyi məscid və hamam 20-ci əsrə qədər müxtəlif dağıntılara məruz qalsa da, dəfələrlə təmir və bərpa edilib. Və bugünki günümüzə qədər gəlib çatır. 

Qeyd edək ki, bu dövrdə kəndin necə adlanması isə tarixən bəlli deyil. 

Tarixin ikinci mərhələsi 16-cı əsrin əvvəllərində Azərbaycanda Səfəvi hakimiyyətinin yayılması dövründən başlayır. 

Belə ki, məşhur qızılbaş tayfalarından olan qacarlardan Əhməd bəy və Mahmud bəy adlı iki varlı maldar qardaş qış otlaqları tapmaq üçün axtarışa çıxıblar. Elə bu axtarışların sonunda öz tayfaları ilə birgə bu yerlərə gəlmiş və həmişəlik burada məskunlaşmağı qərara almışlar. İkinci mərhələdə əhalisinin böyük qismi Oğuz türklərinin Bayat boyunun Qacar tayfalarına mənsubdur. 

Bir müddət keçdikdən sonra böyük qardaş Əhməd əhali arasında çoxlu hörmət qazanır. Elə bununla da kəndin adı Qacar tayfa başçısı böyük qardaş Əhmədin şərəfinə "Əhmədli" qoyulur. 

Bu addımı çox qısqanan kiçik qardaş Mahmud böyük qardaşa qarşı çıxmağa başlayır. Öz tayfasını ayıraraq kəndin digər hissəsinə köçürür. Mahmud öz tayfasını köçürdüyü ərazini isə Əhmədə acıq olsun deyə "Mahmudlu" adlandırmağa başlayır. Lakin, bu qarşıdurma çox çəkmir. İki hissə yenidən birləşir və kənd ağsaqqalları ərazinin böyük qardaş Əhmədin adını daşımasına qərar verirlər. Elə həmin vaxtdan bu günə qədər Əhmədli kəndinin adı dəyişmədən öz tarixi qoruyur.

Sonuncu, yəni üçüncü mərhələ isə Azərbaycanda Sovet hakimiyyəti illərindən bu günə qədər olan vaxtı əhatə edir. 

Əhmədli qəsəbəsinin ümumi sahəsi 108 hektardır. Əhalisi isə 22.000 nəfərdir. 

Uzun illərdir öz adını qoruyub saxlayan Əhmədli qəsəbəsi memarlıq nümunələri ilə də tarixə həkk olunub. Belə ki, qəsəbədə yerləşən və minarəsi olmayan bu məscid 1904-cü ildə tikilib. Məlumata görə, kənd sakinlərinin deyir ki, hazırda Bakının cəmi iki yerində minarəsiz məscid var. Onlardan biri Əhmədli, digəri isə Keşlə kəndində yerləşir. 

Maraqlısı isə məscidin tikilmə tarixidir. Yazılan məlumatlara görə, məscid tikilərkən Bakının neft milyonçusu Hacı Zeynalabdin Tağıyev faytonla kənddən keçirmiş. Tağıyev görür ki, kənd sakinləri məscid tikir. Hacı Zeynalabdin Tağıyevi hər kəs təhsil, məktəb kəlamları ilə yaddaşına həkk edib. Elə Tağıyev məscidin tikildiyini görür və deyir:

“Məktəb tiksəydiniz, daha yaxşı olardı”. Daha sonra “Məscid də tikirsinizsə eybi yoxdur” deyərək məscidin tikilməsinə maliyyə köməkliyi edir. Və çox yaxın vaxtda məscid fəaliyyətə başlayır. 

Bu da belə… Əgər yolunuz tarixi uzun əsrlərə gedən Əhmədli qəsəbəsindən düşərsə, Səfəvi tayfasından olan “Əhmədin” kimliyini siz də tanıyın.
 

# 20775
avatar

Fidan İlqar

Oxşar yazılar