DYP-dən bayram səfərindən qayıdan sürücülərə MÜRACİƏT
12 iyul 2022 11:07 (UTC +04:00)

DYP-dən bayram səfərindən qayıdan sürücülərə MÜRACİƏT

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə bağlı müraciət  edib.  

Lent.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin artmasına səbəb olacaq.

Tətil günlərinin yol qəzası nəticəsində arzuolunmaz bitməməsi üçün hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun, yuxusuz və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edirik.

Xüsusilə sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə, nümunəvi davranışla digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə qarşı isə səbirli və təmkinli olmağa çağırırıq. Uzaq məsafə qət edən sürücü və sərnişinlərin nəzərinə çatdırırq ki, qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər.

Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır".
 

# 1140
avatar

Oxşar yazılar