Eyvaz Hüseynov
08 iyun 2022 20:15 (UTC +04:00)

Eyvaz Hüseynov

Döyüşə gedən 5 qardaş, Elçibəydən qalan yeganə icra başçısı - ONU TANI

Lent.az "Onu tanı" layihəsində bu gün 30 ilin icra başçısından bəhs edəcək 

O, 4 qardaşını müharibəyə göndərmişdi. Onlardan biri, Əbülfət qəhrəmancasına şəhid olmuşdu. Başqa biri isə Milli Qəhrəman adına layiq görülmüşdü. 

Qarabağ hadisələrinin ilk günlərində, cəmi 29 yaşında doğulduğu Muğanlı kəndində əli silah tutanları bir yerə yığıb ilk özünümüdafiə dəstəsini yaratmışdı. Qısa zamanda nizam-intizamlı və tam hazırlıqlı döyüşçülərdən ibarət batalyon formalaşdırmışdı.

Ermənilərə qarşı döyüşlərdə özü ağır yaralanmışdı. Çox sonradan deyəcəkdi: “Qardaşlarımın dördünü də ən çətin döyüşlərə göndərmişəm. Ölümə göndərmişəm. İcra başçısı işləməyimə baxmayaraq, yenə göndərmişəm. Deyirdim ki, əgər qismətinizdə bu ölüm varsa, qoy torpaq uğrunda olsun. Vətən ona görə qiymətlidir ki, onun şəhidi var. Şəhidi olmayanın vətəni də olmur. Ən böyük dəyərimiz şəhidlərimizdir, şəhidlər varsa, millət də var vətən də var”. 

63 yaşlı Eyvaz Hüseynovdan danışacağıq bu dəfə sizlərə. Azərbaycanın ən stajlı icra başçısından. 33 yaşından, düz 30 ildir ki, Xocavənd rayon icra hakimiyyətinə başçılıq edən döyüşçüdən... 

Eyvaz Mövsüm oğlu Hüseynov 15 fevral 1959-cu ildə Xocavəndin Muğanlı kəndində anadan olub. 1976-cı ildə Kuropatkin kənd orta məktəbini bitirib. 1976-1981-ci illərdə Politexnik İnstitutunda təhsil alıb. Həmin institutun Elektron hesablayıcı maşınları fakültəsini bitirərək, mühəndis–sistemotexnik ixtisasına yiyələnib. Bakı Radio Zavodunda mühəndis, Xocavəndin Muğanlı kənd Səməd Vurğun adına kolxozda baş mühasib və Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləyib. O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Qarabağ müharibəsi veteranıdır. 

E.Hüseynov Azərbaycan Karate Federasiyasının I vitse–prezidentidir. O, 2 iyul 1992-ci il tarixində Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin imzaladığı Sərəncamla Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Ailəlidir, 3 övladı var. 

Hüseynov icra başçısından daha çox döyüşçüdür. Döyüş necə deyərlər, sanki onun alnına yazılıb. Biz buna təkcə 1-ci Qarabağ müharibəsində şahid olmadıq. 2016-cı iln aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində də o, öndəydi.

Məşhur aprel döyüşlərindən sonra müsahibələrinin birində demişdi: 

“Şəhidlər onda  ölür ki, unudulur. Bizim onları unutmağa haqqımız yoxdur. Qarabağ müharibəsindəki şəhidlərimizi ayıra bilmərik. Aprelə kimi də şəhidlərimiz çox oldu. Bütün şəhidlərimiz bizim üçün əzizdir, apreldə vətən torpaqları uğrunda canından keçən şəhidlərimiz, qazilərimiz bizim 22 ildən sonra əyilmiş qəddimizi düzəltdilər, zədələnmiş namusumuzun - qeyrətimizin üstündən ləkəni götürdülər. Bütün millətlər və dövlətlər içərisində başımızı uca etdilər. Buna görə  şəhidlərə borcluyuq. Bizi aprel ayının 2-dən-5-nə kimi ağladan, bizə o sevinci yaşadanlara eşq olsun, biz onlara borcluyuq”. 

1994-cü ildə atəşkəs elan olunan gündən, üzü o tərəflərə, Vətənin əsarət altında olan hissəsinə həsrətlə baxan xocavəndlilər,  indi qayıdış ərəfəsindədirlər. “Müzəffər Azərbaycan Ordusu tarixi qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdı. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur”.

Mətbuatda Eyvaz Hüseynov barədə bəzən əsası olmayan yazılar gedir. İllərdir düşmənlə üz-üzə dayanan bir rayonun icra başçısı barədə müxtəlif ittihamlar yazırlar. Bir dəfə dostlarının birinə deyibmiş.

“Mən əsgərəm, döyüşçüyəm, sonra icra başçısı. Mən o yazılanlara fikir də vremirəm. Çünki daha böyük işlər gözləyir bizi qarşıda. İndi Qarabağı dirçəltməliyik”. 

# 12153
avatar

Səbuhi Sədəf

Oxşar yazılar