“Bolt” və “Wolt” əməkdaşları nədən narazıdır? - HƏLL YOLU
31 avqust 2022 14:30 (UTC +04:00)

“Bolt” və “Wolt” əməkdaşları nədən narazıdır? - HƏLL YOLU

Azərbaycanda fəaliyyət göstərən kuryer və taksi şirkətlərində çalışanların yenidən tətil etmələri, iş hüquqlarının pozulması barədə məlumatlar sosial mediada yayılmağa başlayıb. Qısacası, “Bolt” və “Wolt” şirkətləri vasitəsilə çalışan taksi sürücüləri və kuryerlər növbəti dəfə bu şirkətlərin istismarçılığından şikayət ediblər.

Məsələnin hüquqi baxımından ilk araşdırılmalı və aydınlıq gətirilməli tərəfi budur: bu şəxslər “Bolt” və “Wolt” şirkətlərinin işçiləridir, yoxsa onlarla bərabərhüquqlu icraçıdırlar?

Hazırkı vəziyyətdə taksi sürücüləri və kuryerlər adıçəkilən şirkətlərin (eyni formada bu fəaliyyət növündə olan digər şirkətlərin də) işçisi hesab olunmurlar. Çünki onlarla bağlanmış müqavilə xidməti müqavilədir. Tətil, işçi hüququnun tələb olunması, məzuniyyət, bayram, əmək haqqına əlavə və s. kimi imtiyazlar, hüquqlar əmək müqaviləsi ilə işləyənlərə şamil olunur. Hazırkı reallıqda Azərbaycanda əksər kuryer və taksi şirkətləri isə çalışanlarla xidməti müqavilə bağlayıblar. Məsələnin yanlış və ilk olaraq həll edilməli tərəfi budur.

Nəyə görə taksi sürücüləri və kuryerlərlə xidməti müqavilə bağlamaq olmaz? Və əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?

Əmək müqaviləsi - işçi ilə işəgötürən arasında münasibətləri tənzimləyən sənəddir və tabeçilik prinsipinə əsaslanır.

Hər bir işçi ilə əmək müqaviləsi bağlanmalıdır, müqavilədə iş rejimi, əməkhaqqı, əməkhaqqına əlavələr, istirahət və məzuniyyət müddəti, iş rejiminin zərərli olub-olmaması haqqında məlumatlar, işçinin və işəgötürənin vəzifə öhdəlikləri təsbit edilməlidir. İşçi əmək kitabçasını, şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini işəgötürənə təqdim etməlidir. Əmək müqavilələrində qanunvericiliklə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmalı, iş yeri konkret göstərilməlidir. İşçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olmalıdır, onları pozanda isə intizam tənbehinə məruz qala bilər, vurulan zərərlə bağlı tam maddi məsuliyyət daşıyır. Xüsusən əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları var.

Xidməti müqavilə isə əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslərlə bağlanır. Xidməti (mülki) müqavilələrdə tərəflər bərabərhüquqlu olur, yəni sadə dillə desək, burda sifarişçi və icraçı var. Sifarişçinin verdiyi sifarişi icraçı yerinə yetirir və qarşılığında da müəyyən olunmuş haqqını (ödənişini) alır. Sifarişçinin icraçı qarşısında əmək hüququndan doğan heç bir başqa öhdəliyi yoxdur.

Məsələnin mahiyyəti də budur. Hazırda taksi və kuryer şirkətləri onlarla işləyənlərlə xidməti müqavilə bağlayıb. Yəni, onlar üçün hər bir taksi sürücüsü, kuryer hüquqi baxımından icraçı rolundadır. Onlar sifarişi verir, bunun müqabilində müəyyən ödəniş edir, icraçı-yəni kuryer və taksi sürücüsü də bu sifarişi yerinə yetirir və öhdəlik bitir.

Əslində isə kuryer və taksi şirkətinin birbaşa işi və fəaliyyət sahəsi daşımadır. Daşımanı həyata keçirən şəxslər isə sürücülər və kuryerlərdir. Yəni, onlar birbaşa bu şirkətlərin işini görən şəxslər - işçilərdir. Onlarla əmək münasibəti də buna görə tənzimlənməlidir, işçi ilə işəgötürən arasında yalnız əmək müqaviləsi bağlana bilər.

Bu barədə Əmək Məcəlləsinin 7-ci maddəsində konkret göstərilib: “Əgər tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda xidməti müqavilə bağlanılmasına yol verilmir”.

Məsələn, “Wolt” şirkəti onun üçün daşıma qutuları hazırlayan şirkətlə xidməti müqavilə bağlaya bilər. Çünki bu şirkət sifarişi alıb, icra edəcək və sifarişçi qarşısında öhdəliyi bitəcək. Kuryer isə “Wolt”un əsas fəaliyyət sahəsində işini görən əsas əməkdaşdır. Onunla yalnız əmək müqaviləsi bağlana bilər. Əgər əmək müqaviləsi bağlansaydı, bu gün həmin şirkətlərin əməkdaşlarının iddia etdikləri istismarçı münasibətləri məhkəmədə mübahisələndirmək mümkün idi.

Məsələnin həlli yolu nədir?

Bir sıra Avropa ölkələri xidməti müqavilə ilə konkret işləri yerinə yetirən şəxslərin işçi statusunun almasına tərəfdar çıxıb və işçi kimi təsnifatlaşdırıb.

Məsələn, Böyük Britaniya təcrübəsində kuryer və taksi şirkətlərində işçi-icraçı kateqoriyası müəyyənləşdirilib. Bu statusda olanların ödənişli məzuniyyət, istirahət vaxtı və minimum əmək haqqı kimi əsas əmək hüquqları tanınır.

Bizim əmək qanunvericiliyində də elektron ticarətlə bağlı yaranmış iş yerlərinə münasibətdə, eyni zamanda mövsümi və ya sərbəst iş saatlı (freelauncer) işçi kateqoriyasının, “işçi-icraçılarının” hüquqi statusunun tam müəyyən edilməsi zərurəti var. Burada konkret olaraq işçi-icraçı statuslu şəxslərin məzuniyyət hüququ, həftəlik 40 saatdan çox işləməmək, gecə saatlarına işlərin yerinə yetirilməsinə görə əlavə ödəniş almaq və s kimi hüquqları tanınmalıdır. Bu cür təsnifatlaşdırma əmək münasibətlərində və vergi öhdəliklərində şəffaflığı daha da artıra bilər. Lakin burda bir məqam var. Burda işəgötürənin də mənafeləri nəzərə alınmalıdır.

Əmək qanunvericiliyində işəgötürənin əmək müqaviləsi ilə işə cəlb etməsini stimullaşdıran maddələrin sayı artırılmalı, artıq vergi və DSMF ödənişləri azaldılmalıdır. Mənfəətlə işləməyən şirkətlərin ağır vergi və DSMF ödənişləri ilə yükləndiyi müddətcə əmək münasibətlərində şəffaflığı təmin etmək real görünmür.

Məsələnin mahiyyətində dayanan digər önəmli məsələ isə hüquq maarifçiliyinin zəif olmasıdır. Əmək hüququnu, müqavilə formalarını bilməyən və hüquqşünas məsləhəti almayan ( “Azərbaycanda nə hüquq” məşhur traktovkası) şəxslər adətən əmək hüquqlarının pozulmasında ya gec xəbər tuturlar, ya da heç vaxt bu barədə bilmirlər...

# 3195
avatar

Şamil Paşayev

Oxşar yazılar