Bir səhv gənc qızı apardı - Dəm qazı:   səssiz ölüm...
01 noyabr 2022 11:26 (UTC +04:00)

Bir səhv gənc qızı apardı - Dəm qazı: səssiz ölüm...

Artıq qış fəsli gəlmədən dəm qazından boğulma hallarının şahidi oluruq. Müşahidələr göstərir ki, dəm qazından zəhərlənmə hallarına daha çox hündürmərtəbəli binalarda, mənzillərin hamam otaqlarında qüstar üsulla hazırlanan və uzun müddətdən bəri işləyən cihazlar səbəb olur.  

Bəs, cəmiyyətimizi öz cənginə alan bu qara bəladan insanlar necə yaxasını qurtara bilər? Dəm qazı hansı hallarda təhlükə yaradır?

Socar Azəriqaz İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov Lent.az-a açıqlamasında bildirib ki, dəm qazı natamam yanma prosesi zamanı yaranır. 

Onun sözlərinə görə, əgər yanma prosesi tam getsə dəm qazı yaranmır:

"Çünki təbiətdə ayrıca dəm qazı mövcud deyil. Dəm qazı yanma prosesində pozulma nəticəsində əmələ gəldiyi üçün qazla işləyən su qızdırıcıları standartlara uyğun olmalı və mümkün qədər vanna otağında quraşdırılmamalıdır. Su qızdırıcı cihazın tüstü bacasına birləşən borusu metaldan olmalıdır. Abonentlər mütəmadi olaraq su qızdırıcı cihaza baxış keçirtməli, əgər cihazın ön və ya yan hissələrində qaralma görünürsə dərhal cihazdan istifadə dayandırılmalı və əvəz edilməlidir”. 

Maraqlıdır, vanna otaqlarında istilik cihazları necə quraşdırılmalıdır?

İlkin Behbudov bildirib ki, vanna otaqlarında mütləq dəm qazını aşkar edən detektorlar quraşdırılmalıdır:

“1 metr/kub təbii qazın yanması üçün 2 metr/kub oksigen və ya 10 metr/kub hava tələb olunur. Vanna otağına daim təmiz hava daxil olmalıdır ki, otaqda oksigen yanaraq bitməsin və dəm qazı yaranmasın. Vanna otağının həcmi 7,5 metr/kubdan aşağı olmamalı, hündürlüyü minimum 2,2 metr olmalıdır”.

İlkin Behbudov vanna otağına daim təmiz hava daxil olmasını vurğulayıb:

“Həmçinin çirkli hava ventilyasiya vasitəsi ilə təmizlənməlidir. Təmiz havanın daxil olması üçün qapının aşağı hissəsində açıq məsafə və ya dəliklərin olması məsləhətdir. Vanna otağının qapısı bayıra açılmalıdır. Tüstü bacası normal işləməli və ildə bir dəfə iyul ayının 1-nə kimi təmizlənməli və qış mövsümünə hazır olmalıdır. Tüstü bacasında normal sovurma olmasa və yaxud tüstü bacası düzgün quraşdırılmasa dəm qazının yaranması mütləqdir. Yuxarıda göstərilən tələblər pozulduqda dəm qazı yaranması baş verir”.

Bəs, dəm qazının yaranmaması üçün hansı tədbirlər görülür?

İlkin Behbudov deyib ki, texniki müayinələrin həyata keçirilməsi Socar Azəriqaz İstehsalat Birliyinə həvalə edilib:

“Birliyin əməkdaşları abonentlərin mənzillərinə yaxınlaşaraq texniki müayinəni icra edəcəklər. Texniki müayinə icra olunan zaman parametrlərə uyğun gəlməyən texniki şərtdən kənara çıxmış bu məsələlərə qarşı ciddi tədbirlər görüləcək. Socar Azəriqaz İstehsalat Birliyi olaraq abonentləri bütün bu parametrləri nəzərə almağa səsləyirik”.

Maraqlıdır, dəm qazından zəhərlənmə hadisəsi baş versə, burada günahkar kimdir? Vətəndaş, yoxsa...?

Vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qazdan istifadə qaydalarının üçüncü bəndində qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri əks olunub.

Onun sözlərinə görə, qaydaların 3.2.12-ci maddəsinə əsasən, istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdır:

“Bu qazdan istifadə edən istehlakçıların əsas vəzifələrindən biridir”. 

Vəkil qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsinə əsasən qaz, elektrik və ya istilik qurğularında, avadanlıqlarında, qaza və enerjiyə qənaət sistemlərində texniki istismar qaydalarının pozulmasına, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinə və texniki xidmət qaydalarının pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 

# 8076
avatar

Arzu Qurbanlı

Oxşar yazılar