Bakıda adına küçə olan admiral kimdir? - Onu bu general əvəzlədi
09 dekabr 2022 18:39 (UTC +04:00)

Bakıda adına küçə olan admiral kimdir? - Onu bu general əvəzlədi

Naximov küçəsi...
 
Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz?
 
Doğma küçələrimizin yad adları çox vaxt diqqətimizi çəkir. Niyə qoyulub bu adlar?
 
İnsanın ağlına ilk gələn budur ki, əgər bir küçəyə ad verilibsə, deməli, hansısa səbəbi var.
 
Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik?
 
Lent.az “Bakı küçələrinin tanımadığımız adları” adlı rubrikasında sizə paytaxtın küçə və prospektlərinə verilən adların tarixindən danışacaq.
 
Rubrikamızın budəfəki yazısı “Naximov” küçəsi ilə bağlı olacaq. Haqqında danışacağımız küçə Bakının Xətai rayonunda yerləşir.
 
“Naximov” kimdir? Bu küçənin adı haradan götürülüb?

Pavel Stepanoviç Naximov. Haqqında danışacağımız küçəmizin adı bu şəxsə məxsusdur.

Bəs, Pavel Stepanoviç Naximov kimdir?

Arayış:

Pavel Naximov rus dəniz qüvvələri tarixinin ən məşhur admirallarından biri olub. Krım müharibəsi zamanı Sevastopolun mühasirəsində dəniz və quru qüvvələrinin komandiri olaraq xatırlanır.

O, 1802-ci ilin 5 iyulunda Smolensk Qubernatorluğunun Vyazma uyezdindəki Qorodok kəndində zadəgan bir rus ailəsində anadan olub. Ailədə 11 uşaqdan 7-cisidir. Qardaşlarının altısı körpə ikən ölüb. Digər dörd qardaşı və Naximov peşəkar dənizçi olub.

Naximov ilk dəniz səyahətini 1817-ci ildə, Feniks freqat gəmisində İsveç və Danimarka sahillərində edib. Dəniz karyerasının başlanğıcında olan Naximovun təcrübəsi Baltik dənizində səyahətlərlə, Ağ dəniz limanından Arxangelsk limanına Sankt-Peterburq yaxınlığındakı Kronstadt dəniz bazasına qədər geniş bir səyahətlə məhdudlaşıb. 1822-ci ilin martında Krayser ("Cruiser") freqatına ( red. Aralıq dənizinə məxsus, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi) təyin edildi. Gəmi tanınmış rus kəşfiyyatçısı Mixail Petroviç Lazaryev tərəfindən idarə edilirdi. Üç illik səyahət zamanı Naximov leytenant rütbəsinə yüksəlir.

1853-1856-cı illər Krım müharibəsi zamanı Naximov Sinopedə Osmanlı donanmasını məğlub etməklə fərqləndi.

Beləliklə, 1855-ci ildə Naximov Sevastopol limanının komandiri və şəhərin müvəqqəti hərbi qubernatoru təyin edildi. Daha sonra admiral rütbəsinə yüksəldi.

O, Malaxov-Kurqan üzərindəki müdafiə mövqelərini yoxlayarkən snayper atəşi nəticəsində ölümcül yaralanır. İki gün sonra 1855-ci ilin 12 iyulunda dünyasını dəyişir.

Sovet hökuməti onu ölümündən sonra da təltif edib. Belə ki, 1943-cü ildə yeniyetmələr üçün Naximov Hərbi Dənizçilik məktəbi yaradıldı. 1944-cü ildə həm Naximov ordeni (iki dərəcə ilə) həm də Dəniz Qüvvələri personalı üçün "Naximov" medalını təsis etdi.
 
Bu da belə… Əgər yolunuz bu küçədən düşərsə, rus dəniz qüvvələrinin ən məşhur admirallarından biri olan Pavel Naximovu siz də tanıyın.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Naximov küçəsinin adı dəyişdirilərək, general-mayor Polad Həşimov küçəsi adlanıb.

# 6213
avatar

Fidan İlqar

Oxşar yazılar