Azərbaycanda bu da oldu: Çaytikanı adı ilə...
28 mart 2023 16:57 (UTC +04:00)

Azərbaycanda bu da oldu: Çaytikanı adı ilə...

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının Gəncə şəhəri, Atatürk pr., ev 237/7 ünvanında yerləşən “Şəfa-Farm” firmasına məxsus aptekdə keçirdiyi planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Qurumdan Lent.az-a verilən xəbərə görə, baxış zamanı “SEL” MMC tərəfindən istehsal olunan “UM” və “Şəfa” əmtəə nişanlı bitki mənşəli çaytikanı yağının qablaşdırılmasında həqiqətə uyğun olmayan məlumatların göstərildiyi, məhsulun saxlanma müddətinin normativ sənəddə 12 ay göstərilməsinə baxmayaraq etiket məlumatında 3 il qeyd olunduğu, eyni zamanda məhsulun istifadə təlimatları haqqında məlumatların qeyd olunduğu içlik vərəqələri ilə təmin edilmədiyi məlum olub.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim olunub. Müayinələrin nəticələrinə əsasən satışı həyata keçirilən bitki mənşəli yağın “çaytikanı” deyil, “günəbaxan” yağı olması müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, adıçəkilən bitki məhsulunun satışının dayandırılması ilə bağlı qərar qəbul edilib, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

# 2619
avatar

Fidan İlqar

Oxşar yazılar