Azərbaycanda “donuz qripi”nə yoluxma dayanıb
17 noyabr 2009 13:00 (UTC +04:00)

Azərbaycanda “donuz qripi”nə yoluxma dayanıb

Noyabrın 11-dən sonra A(H1N1) virusuna yoluxma qeydə alınmayıb

Son bir həftədə Azərbaycanda “donuz qripi” virusuna yoluxma halları qeydə alınmayıb. Noyabrın 11-də A(H1N1) virusuna yoluxmuş Bakı şəhər sakini ambulator şəraitdə müalicə aldıqdan sonra tam sağalıb.

Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət İdarəsinin rəisi Viktor Qasımov Lent.az-a bildirib ki, hazırda xəstəxanada “donuz qripi” virusuna yoluxmuş bir xəstə müalicəsini davam etdirir. Onun sözlərinə görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə olunan qadının vəziyyəti normaldır və onun yaxın günlərdə evə buraxılacağı gözlənilir.

İdarə rəisi bildirib ki, artıq xəstənin səhhətində heç bir problem yoxdur və o, həkimlərin məsləhəti ilə evə buraxılacaq: “Ola bilər ki, həmin xəstə lap bu gün evə yazılsın. Bu, həkimlərin rəyindən asılıdır. Hələ ki, bu gün həkimlərin rəyi bizə daxil olmayıb”.

Elxan SALAHOV
# 523

Oxşar yazılar