APA 5 yaşını qeyd etdi
17 noyabr 2009 10:00 (UTC +04:00)

APA 5 yaşını qeyd etdi

5 ildə yer kürəsi 5 dəfə qət olunub...

Noyabrın 16-da “Azəri Press” İnformasiya Agentliyi (APA) 5 yaşını möhtəşəm tədbirlə qeyd etdi.


Lent.az-ın məlumatına görə, Bakı Əyləncə Mərkəzində keçirilən mərasimə APA-nın kollektivi ilə yanaşı, xeyli qonaq da qatılmışdı.


Agentliyi təbrik etməyə gələnlər arasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri, nazirliklər, dövlət komitələri, şirkətlərin nümayəndələri də vardı. Tədbirin yüksək səviyyədə alınması üçün APA rəhbərliyi ciddi hazırlıq görmüşdü. Yubiley öncəsi mətbu orqanın 5 illik fəaliyyətini özündə əks etdirən sənədli film çəkilmiş, qonaqlar üçün hədiyyələr hazırlanmışdı.

Elə tədbirə də sənədli filmin nümayişi ilə start verildi. Sonra APA-nın baş direktoru Vüsalə Mahirqızı səhnəyə dəvət olundu. O, yaratdığı və rəhbərlik etdiyi agentliyin 7 nəfərlə işə başladığını, hazırda isə 150 əməkdaşının olduğunu vurğuladı. Baş direktor APA-nın qısa müddət ərzində indiki səviyyəyə gəlib çatmasında öz kollektivi və ölkə rəhbərliyi ilə yanaşı, agentliyin rəqiblərinin rolunu da qeyd etdi.


Ardından söz Əli Həsənova verildi. Prezident Administrasiyasının rəsmisi APA haqda xoş təəssüratlarını bölüşdü, qadın rəhbərlə kişi kollektivin kişi rəhbərlə qadın kollektivdən üstünlüyünü bu agentliyin uğurlu fəaliyyəti ilə əsaslandırdı: “Vaxtilə mən belə bir seçim qarşısında qalmışdım. İndi görürəm ki, qadın rəhbərlə kişi kollektivin fəaliyyəti necə uğurlu alınır”.


Daha sonra APA-nın 7 nəfərlik “start heyəti”nin mükafatlandırma mərasimi oldu. Bunlar Vüsalə Mahirqızı, Nurşən Quliyev, Gülşən Hacıyeva, Seymur İsmayılov, İxtiyar Əsgərov, Elbrus Seyfullayev və Kamil Abışovdur. Bu kollektivin qət etdiyi yol isə sürücü Elçinin dediyi kimi, 230 min kilometri keçib. Bu isə yer kürəsini 5 dəfədən çox fırlanmaq deməkdir.


Xoş əhval-ruhiyyədə keçən mərasimin yekun hissəsində APA-nın bütün heyəti və yaxın dostları alqış sədaları altında tort kəsimi prosesində iştirak etdilər. APA-nın şad gününə müğənnilər də öz töhfələrini verdilər. Xalq artisti Faiq Ağayevdən tutmuş “Eurovision” mahnı müsabiqəsində Azərbaycana 3-cülük qazandırmış Aysel Teymurzadəyə qədər hamı məclis əhlini şənləndirdilər.

Mərasim elə bu ovqatla da yekunlaşdı.

Elşən Məmmədov
# 551

Oxşar yazılar