Media ilə əməkdaşlıq etməyən qurum və məmurların adları açıqlanacaq
16 noyabr 2009 11:00 (UTC +04:00)

Media ilə əməkdaşlıq etməyən qurum və məmurların adları açıqlanacaq

Azərbaycan Mətbuat Şurası ”Zərdabi” mətbuat mərkəzi ilə birlikdə mətbuata informasiya verməyən orqanların və məsul şəxslərin monitorinqini keçirir.


APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O, hələlik monitorinqin ilkin mərhələdə olduğunu deyib: “Monitorinqin ilk mərhələsindəyik, çox güman ki, dekabrın ortalarında həmin təşkilat və məmurlarla bağlı ”qara siyahı” ölkə ictimaiyyətinə təqdim olunacaq”.


Bloqqerlər Adnan Hacızadə və Emin Millinin məhkəmə qərarı ilə azadlıqdan məhrum edilməsi ilə bağlı sualı cavablandıran Əflatun Amaşov bu məsələnin daha çox elektron kütləvi informasiya vasitələrinə aid məsələ olduğunu deyib: “Mətbuat Şurası əsasən yazılı mətbuatla bağlı problemləri araşdırır, onların həlli yollarını müəyyənləşdirir. Buna baxmayaraq əgər problem daha ciddidirsə, ümumiyyətlə Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlıdırsa, Mətbuat Şurası həmin məsələ ilə əlaqədar araşdırma aparır, özünün rəyini bildirir. Hazırda araşdırma aparılır, yaxın vaxtlarda rəyimizi bildirəcəyik”.


“Jurnalistlər Eynulla Fətullayev və Qənimət Zahidin əfvi üçün təşəbbüslə çıxış edəcəksinizmi” sualını cavablandıran Ə. Amaşov dəfələrlə jurnalistlərin azadlığa çıxması ilə bağlı əfv komissiyasına, müvafiq qurumalara müraciət etdiklərini xatırladıb: “Bir müddət bundan əvvəl də Mətbuat Şurasının rəhbərliyi həbsxanalarda oldu, orada saxlanılan jurnalistlərlə görüşdü. Hazırda biz bu sahədə müəyyən araşdırma aparırıq. Çox güman ki, yeni ilə qədər onların əfv olunması ilə bağlı məsləhətləşmələr aparılacaq və müvafiq qurumlara müraciətlər ünvanlanacaq”.
# 642

Oxşar yazılar